"Böyük klublar balaca beyinlər sayəsində titulsuz qala bilər"

15 Sentyabr 2020 10:38 Neftçi 583
"Böyük klublar balaca beyinlər sayəsində titulsuz qala bilər"

"Böyük klubları idarə etmək,yükünü,ağırlığını daşımaq asan məsələ deyil".

Sportinfo.az xəbər verir ki, bu fikirlər "Neftçi"nin sabiq vitse-prezidenti Tahir Süleymanova məxsusdur.

Təcrübəli funksioner 5 il çalışdığı paytaxt təmsilçisinin hazırda bərbad duruma düşməsinin səbəbləri haqda fikirlərini bölüşüb.

Onun qənaətinə görə, belə böyük klubda rəhbər vəzifə daşıyırsansa, daim təzyiq altında çalışmaq məcburiyyətindəsən: "Futbolu bilməklə,idarəçilik qabiliyyəti ilə yanaşı möhkəm iradə, güc, psixoloji hazırlıq, dözüm, qətiyyət gərəkdir.

Qələbə, uğur, titul qazanıldı - bir günlük, tarixlikdir! Böyük klublar nailiyyətə doymazlar, tələblər yüksəkdir, dərhal yeni hədəflər düşünülməlidir. Əks halda nəhəng klubun çəkisi altında əzilib qalınır, məhv edilir.

Lider, köklü klublarda bəhanələr, başaldatmalar keçmir. Böyük klubda özün də böyük olmalısan, yoxsa daha da kiçilərsən. Böyük klublar balaca beyinlər sayəsində titulsuz qala bilər, əsla kiçilməz!

Böyük klublar öz sadiq fanatları ilə birgə daxilən heç vaxt məğlub olmaz, yerində olmayanlar uduzar!

Ağ-qara rəngin taleyidir, ağ günlər də olur, qara zolağa da salınır, nəticələrdən asılı olmayaraq hər an diqqət mərkəzində olur. Böyük klubun güclü baş qərargahı, düşünən beyinləri, möhkəm müdafiəsi, hücum potensialı, hərtərəfli hazırlığı olmalıdır.

Böyük olanlar binoklu düz tutar, böyük klubun hədəfini daha da böyüdər, yaxınlaşdırar, futbol "doqquzluğ"unu nişan alar. Kiçiklərin binoklu tərs, baş-ayaq olar, hədəflər uzaqlaşar, özləri nişangaha tuş gələr...

"Allahsız yerdə otur, böyüksüz yerdə oturma". Yanlış düşüncədir. Böyük - Yaradandır! Tanrı ucalığı dərk edilməyən yerdə böyüklər ola bilməz! Yaradanla bir ol, böyüklər arasında böyüyərsən, olmasan - böyürərsən!".

Digər Xəbərlər
Xəbər Lenti