
Deyəsən, Baqali Dabonun 2 illik «Neftçi» karyerası başa çatmaq üzrədir.
Sportinfo.az-ın məlumatına görə, fransalı hücumçu klub rəhbərliyinin yeni müqavilə təklifini qəbul etməyib.
2018-ci ilin yayında «Qəbələ»dən gələn forvard əvvəlki şərtlərlə kontraktının müddətini artırmaqdan boyun qaçırıb. O, daha artıq maaş tələbiylə çıxış edib, əks halda, koronavirus pandemiyasından sonra meydançaya çıxmayacağını, hətta məşqlərə qatılmayacağını bildirib.
Tərəflər arasında problem ötən ayın son ongünlüyündə ciddiləşib. Səbəb martda aparılan danışıqların məntiqi nəticəsinin olmamasıdır. Belə ki, Dabo 2 ay öncə əməkhaqqının artırılması şərtini irəli sürərək razılıq alsa da, gözləntiləri apreldə doğrulmayıb.
Rəsmilər müxtəlif amilləri önə çəkərək, buna imkanlarının çatmadığını açıqlayıb. Elə bu da fransız legioneri özündən çıxarıb. İndi isə onun öz xidmətini menecerlər vasitəsilə «Sabah»a təklif etməsi haqda söyləntilər var.
Masazır təmsilçisinin Daboya maraq göstərməsi də məlumdur. Sadəcə, «Sabah» hücumçunun hazırkı klubu ilə məsələsinə birdəfəlik aydınlıq gətirməsini gözləyir.