"Neftçi" ilə yeni müqavilə bağlamadı – ƏLVİDA, SİZƏ!

5 Mart 2020 22:50 Neftçi 1 981
"Neftçi" ilə yeni müqavilə bağlamadı – ƏLVİDA, SİZƏ!

Yayda «Neftçi»dən ayrılacaq daha bir futbolçunun adı məlum olub,

Sportinfo.az-ın məlumatına görə, Baqali Dabodan sonra Vangelis Platellasın da Azərbaycanı tərk edəcəyi dəqiqləşib.

Ötən mövsümün ortasından etibarən ağ-qara formanı geyinən yunanıstanlı yarımmüdafiəçi paytaxt təmsilçisi ilə müqaviləsinin müddətini uzatmayıb.

Platellas klubun idman direktoru Ceyhun Sultanovun şəxsi «kanallar»ı ilə Azərbaycana gələn çoxsaylı uğursuz legionerlərdən biridir.

Elladalı legioner bu ilin əvvəlinə kimi Roberto Bordin əngəlinə «takılmışdı». İtalyan çalışdırıcı onun istəyi ilə alınmayan futbolçuya əsas heyətdə az yer verirdi.

Ehtiyatda qalmaqdan bezən Platellas bir neçə dəfə düşərgəni tərk etmək istəsə də, klub rəsmiləriylə söhbətdən sonra fikrini dəyişmişdi.

Lakin o, indi də ilk «11-lik»dəki yerini təmin edə bilməyib. Füzuli Məmmədov orta sahə oyunçusuna özündən öncəki baş məşqçi kimi yanaşır. Məmmədovun Sultanovun sərəncamında olmasını nəzərə alsaq, belə başa düşülür ki, Platellası məhz idman direktoru «gözdən çıxarıb».

32 yaşlı vinger peşəkar karyerasına da aşağı dəstə təmsilçisi “Kaliteya” klubunda başlayıb. 6 il aşağı dəstədə bu komandanın uğurları üçün çalışan Platellas 2012-ci ilin əvvəlində “Şkoda Ksanti”yə keçib. Məhz bundan sonra Superliqada debüt imkanı qazanan yarımmüdafiəçi mövsümyarım ərzində 23 qarşılaşmada iştirak edib. Lakin hücumameylli yarımmüdafiəçi qol hesabını aça bilməyib.

Özünü yaxşı tərəfdən göstərə bilmədiyindən “Şkoda Ksanti”yə lazım olmayan futbolçu 2013-cü ildə aşağı liqada mübarizə aparan AEK-ə yollanıb.

2013/14 mövsümündə 15 qolla aşağı liqada bombardirlik nümayiş etdirən Platelas növbəti mövsümdə də uğurla çıxış edib. 2014/15 mövsümündə bu komandada keçirdiyi 26 görüşdə 7 qol vuran yarımmüdafiəçi Superliqaya vəsiqə qazanılmasında pay sahibi olub.

Lakin AEK yüksək liqada yarımmüdafiəçidən çox faydalana bilməyib. Mövsümyarım ərzində 23 matça çıxan futbolçu cəmi 3 dəfə rəqib qapısına yol tapıb. 2016-cı ildə Avropa Liqasında debüt də uğurlu alınmayıb. 2 oyunda 45 dəqiqə şans qazanan futbolçu heç nə ilə fərqlənməyib.

Düzdür, AEK-də oynadığı vaxt yarımmüdafiəçi Yunanıstan millisinə də çağırılıb. O, AVRO-2016-nın Rumıniya ilə seçmə oyununa dəvət alsa da, ehtiyatda qalıb.

Superliqada AEK-in ümidlərini doğrultmayan Vangelis 2016/17 mövsümünün ikinci yarısını “Atromitos”da keçirib. 16 görüşdə 1 qol vuran vinger Superliqa səviyyəsindən aşağı olduğunu dərk edərək, “Aris”ə üz tutub.

Gücü aşağı liqa komandalarına çatan Platellas 2017/18 mövsümündə 27 matçda 9 qol vurub. Bu, yarımmüdafiəçinin Superliqa təmsilçisi OFİ-yə keçidindən rol oynayıb.

Lakin mövsümün ilk yarısında keçirdiyi 15 görüşdə cəmi 2 qola sevinən futbolçu klub rəhbərliyini seçiminə peşman edib. Çünki OFİ-də daha artığını gözləyirdilər. Superliqada ümumilikdə 77 oyun keçirən Vangelis vur-tut 6 qol vurub.

Digər Xəbərlər
Xəbər Lenti