“Neftçi” heyətini yeni oyunçu ilə gücləndirib.
Sportinfo.az xəbər verir ki, “ağ-qaralar” Serbiyanın TSC klubundan Draqolyub Saviçi transfer edib.
25 yaşlı hücumameylli yarımmüdafiəçi ilə 2+1 illik müqavilə imzalanıb.
Əsasən sol vinger mövqeyində çıxış edən Saviç sağ cinahda da oynaya bilir. Futbolçu yüksək sürəti, texnikası, hər iki ayağı ilə dəqiq ötürmələri və zərbələri ilə seçilir.
Serbiyalı oyunçu karyerası ərzində Serbiya, Avstriya və Latviya klublarının formasını geyinib. O, RFS-in heyətində 2023 və 2024-cü illərdə Latviya çempionu olub, 2024-cü ildə isə ölkə kubokunu qazanıb.
Saviç son klubu TSC-nin heyətində ötən mövsüm Serbiya Superliqası və ölkə kubokunda ümumilikdə 36 matça çıxıb, altı qol vurub və üç məhsuldar ötürmə edib.
O, 2026/27 mövsümündə Serbiya çempionatının ilk üç turunun hamısında meydana çıxıb və bir məhsuldar ötürmə ilə yadda qalıb.
