“Neftçi“nin müdafiəçisi Murad Məmmədov “Aris”in maraq dairəsinə düşüb.
Limasol təmsilçisi yay transfer pəncərəsi üçün planlarını artıq müəyyənləşdirib.
Kipr mətbuatı “Neftçi”nin 19 yaşlı cinah oyunçusunun siyahıda ön sıralarda yer aldığını yazıb.
Azərbaycanın U-21 millisinin üzvü olan yarımmüdafiəçinin “Neftçi” ilə müqaviləsi bu il 30 iyunda başa çatır. Bu amil onu “Aris“ üçün daha cəlbedici edir.
Yerli həmkarlarımız bildirir ki, “Aris” hücumun cinahlarını gücləndirmək niyyətindədir. Məqsəd heyətə dinamika, sürət və perspektiv qatmaqdır.
“Məmmədov klubun axtardığı profilə uyğundur: gəncdir, inkişaf potensialı var və gələcəkdə satış dəyəri yüksək ola bilər.
Üstəlik, mövsümün sonunda azad agent statusu alacaq futbolçunun transferi üçün təzminat ödənilməsinə ehtiyac yoxdur ki, bu da məsələni maliyyə baxımından əlçatan edir.
“Aris” bir neçə aydır futbolçunun durumunu yaxından izləyir. Məmmədov kimi xüsusiyyətlərə malik oyunçunun transferi komandanın hücum xəttinə əlavə seçim və inkişaf perspektivi qazandıra bilər.
Eyni zamanda, düzgün yönləndirmə ilə daha yüksək səviyyəyə yüksəlmək potensialı olan futbolçu gələcəyə yatırım hesab olunur” - deyə yazıda bildirilir.
Murad bu mövsüm “ağ-qaralar”ın heyətində meydana çıxdığı 13 rəsmi matçda 1 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb.
Əldə etdiyimiz məlumata görə, Məmmədov legioner həyatı yaşamaq niyyətindədir. ”Aris” ona təklif göndərən yeganə Avropa klubu deyil.
”Köhnə dünya”nın daha 2-3 ölkəsindən dəvət gəlib.
”Neftçi” yetirməsinin getməsini istəmir. Vingerə 3 illik müqavilə təklif olunub. murad bir şərtlə burada qalmağa razıdır - maaşı artırılsın.
Onun ağlının ucundan keçən məbləğ isə idarəçilər tərəfindən birmənalı qarşılanmayıb. Məmmədov aylıq 15 min dollar tələbi ilə çıxış edib.
Bu isə onun hazırda aldığı məvacibdən dəfələrlə çoxdur. Odur ki, danışıqlar qeyri-müəyyən müddətə dondurulub.
SPORTİNFO.AZ


