Qəhrəman kapitan səbəb göstərdi: “Qazon sürüşkəndir, çox sürüşürük”

22:05 Sportinfo TV 69
Qəhrəman kapitan səbəb göstərdi: “Qazon sürüşkəndir, çox sürüşürük”

“Şəfa” 10 turdan sonra qələbəyə sevindi.

“İmişli” üzərində əldə olunan 3:1 hesablı qalibiyyətdə əsas rolu rəqib qapısından iki top keçirən Elnur Cəfərov oynadı.

Bölgə təmsilçisinin 29 yaşlı kapitanı matçdan sonra Sportinfo.az-a verdiyi müsahibədə sualları cavablandırıb.

- Üç aydan sonra qələbə qazanmaq üçün nə etdiniz?

- Hər turda qalib gələ bilməməyimiz komandada gərginlik yaratmışdı. Udmalı olduğumuz oyunlar var idi ki, uduzmuşduq. Bu matçın əhəmiyyəti bizim üçün böyük idi. İlk dövrədə “İmişli”yə uduzmağımız, üstəlik, ötən həftə “Qəbələ”dən aldığımız yenilgi bizi bu oyuna hədsiz motivasiya etmişdi. Hədsiz dərəcədə istəkli idik. Biri var, meydanda 100 faiz can qoyursan, biri də var, 200 faiz. Bu gün komanda şəklində birlik nümayiş etdirdik. Meydana çıxan və çıxmayan hər bir futbolçu 200 faiz qələbəyə köklənmişdi. Allah da əziyyətimizin bəhrəsini verdi.

- Rəqib hesab arasındakı fərqi azaldandan sonra qələbənin bu dəfə də əlinizdən çıxacağına dair qorxu, həyəcan, narahatlıq var idi?

- Bu məsələdə müəyyən qədər təcrübə toplamışdıq. Əvvəlki oyunlarda üstünlüyü əldən verməyimiz bizə baha başa gəlmişdi deyə, bu dəfə daha çox diqqətli olmağa və hesab arasındakı fərqi artırmağa köklənmişdik. Bu gün diqqətli və təcrübəli davranmaqla “İmişli”nin geridönüş etməsinə imkan vermədik.

- Oyundan əvvəl iki qol vuracağını təxmin edirdin? Adətən futbolçular öncədən nələrisə hiss edir.

- Hücumçu kimi oynadığım üçün qol vuracağımı haradasa hiss etmişdim. Həm istəkli idim, həm də hücumçu kimi çıxış edəndə daha çox qol şansı yaranır. Dubl etməyim mənim və komandam üçün xoş hadisə oldu.

- İki qələbə qazanmısınız, ikisini də bölgələrdə - Qəbələdə və İmişlidə. “Şəfa” səfər komandasıdır?

- Sumqayıtdakı meydan xal itkilərimizdə böyük rol oynadı. Oradakı qazon sürüşkəndir, çox sürüşürük. Hətta dəmir altlıqlı butslarla oynamaq da mənə kömək etmirdi. Yenə sürüşürdüm. Səfərdəki oyunlarda isə meydanların vəziyyəti yaxşı olduğuna görə istədiklərimizi həyata keçirə bilirik. İnşallah, ev matçlarımızı “Şəfa”da keçirəndən sonra qələbələrimizin sayı çox olacaq.

- Bu qələbə növbəti görüşlər üçün stimul ola bilər? Təqvimin ağırlığını da göz önünə alaq.

- Bəli, qış fasiləsinə qədər bizi ağır qrafik gözləyir. Həm kubokda mübarizə aparacağıq, həm də “Neftçi”, “Sabah” və “Qarabağ” kimi rəqiblərlə oynayacağıq. Bacardığımızın ən yaxşısını edəcəyik ki, xallarımızın sayını artıraq. Fikrimcə, bugünkü 3 xal komandaya motivasiya verəcək.

HƏBİB

Digər Xəbərlər
Xəbər Lenti