“Neftçi” baş məşqçisi Yuri Vernidub yayda Freddi Varqasla bağlı verdiyi qərara görə indi yəqin ki, başını döyür.
Kolumbiyalı futbolçu ötən mövsüm “ağ-qaralar”ın vuran ayağı, döyünən ürəyi, görən gözü idi.
Maraqlıdır ki, Varqas məhz Vernidubun gəlişindən sonra dirçəlmiş, sanki “ikinci nəfəsi” açılmışdı.
Mövsüm başa çatandan sonra “Neftçi” ilə icarə müqaviləsinin müddəti bitən Freddi Bakını tərk etdi. Əvvəlcə vətəni Kolumbiyaya, daha sonra isə sevgilisi ilə birlikdə istirahətə yollandı.
O, yay boyu dincələrkən “Neftçi” rəsmiləri Varqası “Makkabi Netanya”dan transfer etmək üçün gecələrini gündüzlərinə qatırdılar. Nəhayət, çəkilən zəhmət bəhrə verdi.
Paytaxt təmsilçisi İsrail klubu ilə təzminat məsələsində ortaq məxrəcə gəldi. Yekunda Varqasla 2+1 şərti ilə müqavilə imzalandı.
Amma sən demə, Varqasın kəraməti elə bura qədərmiş. Nə baş veribsə, “Neftçi”nin “10 nömrə”si yeni müqaviləyə imza atandan sonra əvvəlki günlərini xatırlatmır. Sıradan legioner təsiri bağışlayır, sanki kiminsə yasını saxlayır.
Vernidub geridə qalan 12 turun 11-də ona şans verib. Bu qarşılaşmaların 9-da “Piko” start heyətində yer alıb.
Ancaq həmin oyunların cəmi ikisində komandasına gözlənilən faydanı verə bilib. “Sumqayıt”la dueldə 2 assist, “İmişli” ilə görüşdə 1 qol, 1 məshuldar ötürmə.
Vəssalam!
Hücum xəttində çıxış edən, ötən mövsüm rəqib müdafiəçilər üçün əsl başağrısına çevrilən Freddi Varqasın bu mövsüm 11 oyunda bacardığı budur - 1 qol, 3 assist.
Qarşımızda tanımadığımız futbolçu olsaydı, “Neftçi”nin baş məşqçisini və rəhbərliyini qınamaq olardı.
Lakin Varqasın ötən mövsüm nəyə qadir olduğunu gördüyümüzdən klub rəsmilərinə və ukraynalı çalışdırıcıya irad bildirmək çətin yox, mümkünsüzdür.
Görünən odur ki, Freddi hansısa çətinliklər yaşayır. Bəlkə şəxsi həyatında problemləri var, bəlkə komandadakı durumundan narazıdır.
Ola bilsin, yayda təxminən iki ay futbolsuz qalması optimal formasına qayıtmasına mane olub. Yaxud da oyununun alınmaması psixoloji durumuna təsir göstərib.
Səbəb nə olursa-olsun, bir məsələ aydındır. “Neftçi” Varqasın transferi üçün xeyli vəsait xərcləyib və onunla uzunmüddətli müqavilə bağlayıb. İndi əsas vəzifə bu futbolçunu yenidən özünə qaytarmaq, ötən mövsüm gördüyümüz Freddi Varqası üzə çıxarmaqdır.
Hazırkı məqamda baş məşqçinin və klub rəhbərliyinin edə biləcəyi ən doğru iş də budur.
Çünki indiki Freddi Varqas meydanda olanda “Neftçi” sanki bir nəfər azlıqda mübarizə aparır.
HƏBİB / SPORTİNFO.AZ
