Ötən mövsüm Macarıstanın ZTE klubunda eyni komandanın formasını geyinən Alen Şkribek və Bense Varkonyi bu yay Azərbaycana üz tutublar.
Lakin futbol yolları onları fərqli düşərgələrə aparıb. Şkribek “Neftçi” ilə anlaşdığı halda, Varkoni “Qarabağ”ın sıralarına qoşulub.
Ötən mövsüm Macarıstanda komanda yoldaşı olan iki futbolçu hazırda Azərbaycan futbolunun əzəli rəqiblərinin formasını geyinirlər. Bununla belə, meydandakı rəqabət onların dostluq münasibətlərinə təsir etməyib.
Həmyerlilər imkan tapdıqca görüşür, birlikdə vaxt keçirirlər.
“Neftçi”nin 25 yaşlı macar yarımmüdafiəçisi Alen Şkribek Sportinfo.az-a açıqlamasında “Qarabağ”da çıxış edən həmyerlisi və dostu Bense Varkonyi ilə münasibətlərindən danışıb:
“Bense ilə demək olar hər gün danışırıq. Görüşmək isə tez-tez alınmır.
Hər ikimizin istirahət günü olanda bəzən birlikdə yeməyə gedirik, alış-veriş edirik, xoş vaxt keçiririk. Demək olar ki, hər həftə görüşürük. Münasibətlərimiz yaxşıdır.
“Komandaların çempionluq şansları barədə danışmırıq. Əlbəttə, oyunlardan söhbət edirik, amma çempionluq məsələsini müzakirə etmirik.
O, mənim komanda yoldaşım olub, dostumdur. Belə mövzuları aramızda müzakirə etmirik”.
Söhbət zamanı Şkribekə belə bir sual da ünvanladıq: Macarıstandan hansısa jurnalist zəng vurub mövsümün sonunda “Qarabağ”ın, yoxsa “Neftçi”nin çempion olacağını soruşsa, cavabın necə olar?
Şkribek suala təbəssümlə belə cavab verdi:
“Təbii ki, mən deyəcəm “Neftçi”, o deyəcək “Qarabağ”.
Amma indidən bu barədə danışmaq tezdir. Ümid edirəm ki, çempion biz olacağıq. İstənilən halda, mövsümün sonunu gözləməliyik”.
12 oyundan sonra aktivində 27 xal olan “Neftçi” çempionatın lideridir.
11 oyunda 20 xal toplayan “Qarabağ” 4-cü pillədə qərarlaşıb.
HƏBİB
