"Neftçi" hələlik bəyanat verir, sonra isə… ŞOK XƏBƏRLƏRi gözləyin!

16:00 Neftçi 329
"Neftçi" hələlik bəyanat verir, sonra isə… ŞOK XƏBƏRLƏRi gözləyin!

Premyer Liqanın son turu hakimlik mövzsunu yenidən gündəmin mərkəzinə gətirdi.
"Neftçi" bəyanat yayaraq, "Şamaxı" ilə səfər matçının nəticəsinə onların müdaxiləsinə diqqət çəkdi. Bəyanatın məzmunu kifayət qədər sərtdir: "Bizə qarşı edilənlərə biganə qalmayacağıq".

Açıqlamada bu xüsuslara nəzər salaq:
"Ümumiyyətlə, “Neftçi” bu mövsüm yanlış hakim qərarlarından ən çox əziyyət çəkən komandadır. Təqdim etdiyimiz videoda əks olunanlar o səhvlərin yalnız daha qabarıq şəkildə önə çıxanlarıdır. Ədalətsiz hakim qərarları və yanlış VAR müdaxilələri ilə “Neftçi” bu mövsüm ciddi xal itkilərinə məruz qalıb və belə görünür ki, bu proses davam edir.
Azərbaycan futbolunun təməl daşı, ölkənin ən qədim və köklü klubu olan “Neftçi”nin tarixi şərəfli səhifələrlə zəngindir. Bizim böyük qələbələrimiz olub və bundan sonra da olacaq. Lakin futbolçuların və məşqçilərin meydandakı əziyyətinin bir əl hərəkəti, səriştəsiz hakimlərin xətalı qərarları ilə yerə vurulması nə qəbul edilməlidir, nə də buna göz yumulmalıdır.
Biz AFFA Hakimlər Komitəsindən bu səhvləri buraxmış şəxslər haqqında ciddi ölçü götürməsini, hakimlərin, hakim köməkçilərinin, dördüncü hakimlərin, videotəkrar hakimlərinin bütün oyunlarda, o cümlədən də “Neftçi”nin matçlarında daha diqqətli olmalarını tələb edirik. Çünki mövsümün həlledici hissəsində istənilən yanlış və qərəzli qərar yüzlərlə insanın çoxaylıq əməyini puç edir, azarkeşlərdə ölkə futbolundakı hər kəs bərabər yanaşmaya olan inamı sarsıdır.
“Neftçi”nin heç bir hakim köməyinə ehtiyacı yoxdur, amma bizə qarşı edilənlərə də biganə qalmayacağıq. Futbol ictimaiyyətinin “Neftçi”nin bu haqq səsinə səs verəcəyinə ümid edir, Misli Premyer Liqasının bundan sonrakı oyunlarında ədalətin bərqərar olacağına inanırıq".
Bu bəyanatın ardınca AFFA "Neftçi"nin bəyanatına bəyanatla cavab verib. Amma o tonda yox, bir qədər yumşaq və səbrli.
Federasiya qarşı tərəfi bir masa ətrafında məsələni aydınlaşdırmağa dəvət edib:
"Bildiririk ki, ötən ilin sonunda qəbul edilmiş qərara əsasən, hər klub mövsüm ərzində mübahisəli oyun epizodları ilə bağlı VAR yazılarına baxış üçün 3 dəfə rəsmi müraciət etmək hüququna malikdir. Bu mexanizm şəffaflığın artırılması və sualların institusional qaydada cavablandırılması məqsədi daşıyır.
Bununla yanaşı, “Neftçi” PFK tərəfindən son günlər ictimaiyyətə Misli Premyer Liqasının 2025/2026-cı illər mövsümündə hakim qərarları ilə bağlı etiraz xarakterli açıqlamalar yayılır.
Yaranmış vəziyyətdə spekulyasiya xarakterli məlumatların yayılması, ictimai rəylə manipulyasiya edilməsi və oyun epizodlarının qiymətləndirilməsində şəxsi maraqlardan irəli gələrək qaydaların təhrif olunması hallarının qarşısını alınması məqsədilə bildiririk ki, AFFA Hakimlər Komitəsi klubun təqdim etdiyi bütün mübahisəli epizodları peşəkar, obyektiv və hüquqi çərçivədə müzakirə etməyə hazırdır.
Bu məqsədlə “Neftçi” PFK-nın rəsmi nümayəndələrini AFFA-ya dəvət edir, təqdim olunan epizodların detallı şəkildə təhlil olunmasını və mövcud sualların cavablandırılmasını təklif edirik.
AFFA olaraq bütün klubları birtərəfli açıqlamalardan çəkinməyə, emosional ritorika əvəzinə institusional dialoqa üstünlük verməyə və Azərbaycan futbolunda sağlam mühitin qorunması naminə qarşılıqlı hörmət və əməkdaşlıq prinsiplərinə sadiq qalmağa çağırırıq".
Narahatlıq üçün əsas var. "Turan Tovuz" kimi Premyer Liqanın bəzi klublarından fərqli olaraq, "Neftçi" dəqiqəbaşı bəyanat verməz, gündəmi qarışdırmaz. "Ağ-qaralar" nadir hallarda hansısa hadisəyə, prosesə bu səpgidə münasibət bildirər. Hər halda biz son illərdə belə görmüşük. Son bəyanat göstərir ki, "Neftçi"də hamı hakimliyi bir nömrəli prorblem sayır. Vensan Abubakarın onlarla bağlı günlər öncə səsləndirdiyi fikiri ümumi mövqe olaraq xarakterizə etmək mümkündür. Vaxtilə "Portu" və "Beşiktaş" kimi böyük klubların formasını geyinmiş kamerunlu ulduz "hakimlər dəyişməli və müasirləşməlidir" söyləməklə, nöqtəni qoyub.
Paytaxt təmsilçisi indi "bizə qarşı edilənlərə biganə qalmayacağıq" deyir. Bu, birmənalı mesajdır və şübhəsiz ki, sözü boş yerə havaya atmayıblar. Ən azından bunun belə olmadığını göstərmək üçün müəyyən addımlar atacaqlar. Hər halda "Neftçi"ni idarə edən güclərin gücü bütün ictimaiyyətə məlumdur - onlarla zarafat etmək olmaz, edənin axırı yaxşı qurtarmaz. Həmin çevrələrdən razılıq alınmasaydı, söz yox, bəyanat bu formada hazırlanmaz və ictimailəşdirilməzdi.
Hakimlik sahəsi ciddi və hərtərəfli araşdırma tələb edir. Bu, olacaq. "Neftçi"yə bağlı dairələr üçün kimin nə iş gördüyünü öyrənmək, dəqiqləşdirmək və de-şifrə etmək iki vur ikidir. Güman ki, klub qarşıdakı aylarda bir daha belə bəyanat yaymayacaq. Əvəzində biz eşidə bilərik ki, «x» hakimin filan əməli ifşa olunub və harasa aparılıb.

SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti