“Şamaxı” – “Neftçi” qarşılaşması iki xüsusi məqamla yadda qaldı.
Baş hakim Kamranbəy Rəhimov son saniyələrdə meydan sahiblərinin cərimə meydançasında Sezar Enrike ilə Mustafa Sekin ikili mübarizəsini öncə bakılıların xeyrinə dəyərləndirsə də, VAR otağından gələn siqnaldan sonra epizoda təkrar baxıb “ağ-qaralar”ın qapısına penalti təyin etdi.
“Nöqtə”yə yaxınlaşan Karim Rossi mövsümdə 8-ci qolunu vurdu.
Digər məqam “Neftçi”nin ötən ay heyətinə qatdığı Breno Almeydanın yeni komandada debüt etməsi və əsas heyətdə yer almasıydı.
84 dəqiqə meydanda olan 27 yaşlı braziliyalı vinger xoş təsir bağışlasa da, ümumi ansamblda tam uyğunlaşmadığı hiss olunurdu.
Almeyda oyundan sonra ağ-qara formada sosial şəbəkə hesabında paylaşım edərək bir cümlə yazıb:
“Səfərdə qazanılan acı heç-heçə, amma başımızı dik tutaraq hər şeyə və hər kəsə qarşı yolumuza davam edirik”.
Şamaxıda qeydə alınan 2:2 hesablı nəticədən sonra xalların sayını 31-ə çatdıran “Neftçi” eyni xala sahib “Sumqayıt”la 6-7-ci yerləri bölüşür.
HƏBİB / SPORTİNFO.AZ

