«Neftçi»nin üç oyunluq seriyası Şamaxıda son buldu.
İkinci hissədə Bassala Sambunun əvəzinə meydana daxil olmuş Vensan Abubakarın dublu qonaqlara 3 xal qazandırmadı.
Ev sahibləri 90+8-ci dəqiqədə penaltidən vurduğu qolla məğlubiyyətdən qurtuldu.
«Neftçi»nin baş məşqçisi Yuri Vernidub mətbuat konfransında bir qədər əsəbi tonda açıqlamalar verdi,
VAR otağında əyləşənlərin obyektivliyinə açıq şübhə saldı. Mustafa Sekin epizoduna görə təyin olunan penalti qərarda həqiqət payı görmədiyini bildirdi.
Rəhmətliyin oğlu, sən hələ nə görmüsən ki..? Bura bizim Premyer Liqadır, fikrin Ukraynaya, ora-bura getməsin.
«Sanki “Neftçi”nin yüksəlməsini istəmirlər» deyirsən… Bir az də burada qal, hələ çox şeylər deyəcəksən.
Demək istəməsən də, deyəcəksən. Dedizdirəcəklər.
Səni danışmağa məcbur edəcəklər, təbdən və haldan çıxaracaqlar. İstəsən də, istəməsən də.
Eşitmişəm ki, sən bura «Neftçi»ni avrokuboklara daşımaq üçün gəlmisən. Belə bir vəd vermisən. Nahaq! Gərək tələsməzdin.
Premyer Liqanın öz «ağalar»ı var, onlar da bir qrup hakimdir. Məgər «Neftçi» rəhbərliyi ilə danışıqlara gedəndə, onlarla əlaqə saxlayıb, hər hansı formada təmas qurub, «xeyir-dua» almışdın?
Demişdin ki, mən Azərbaycana gəlmək niyyətindəyəm, nə deyirsiz, nə məsləhət görürsüz?
Premyer Liqada yerləri komandalar bölüşdürmür. Qeyri-rəsmi olaraq bu səlahiyyət «ədalət təmsilçisi» qiyafəsində meydana çıxanlardadır.
Kim yer götürmək, Avropaya getmək, yaxud liqada qalmaq istəyirsə, onlarla arasını «saz» etməlidir.
Onlarla problemi olan «x» bir komandanın məqsədinə çatdığını hələ görməmişəm, nə qoyub, nə axtarırsan, Vernidub?
Büdcən böyük, heyətin geniş, hörmətin çox ola bilər.
Hə, nə olsun?
Hakim tayfasının «ağsaqallar»ı ilə isti münasibətin yoxdursa, özünə və yanındakılara əziyyət vermə - enində-sonunda məqsədinə çatmayacaqsan.
Komandanı elə bir yerdə, elə bir məqamda «vuracaqlar» ki, dəymişin qala-qala kalın töküləcək. Bunu bil və qərarını ver - indən belə nə etməlisən deyə…
MUSA

