"Neftçi"nin qələbəni əldən verdiyi oyundan geriyə qalanlar - Niyə, nə üçün?

22:20 Neftçi 151
"Neftçi"nin qələbəni əldən verdiyi oyundan geriyə qalanlar - Niyə, nə üçün?

"Neftçi" Şamaxı səfərində qələbəni son saniyələrdə əldən verdi.

4 qolun vurulduğu matçda "ağ qaralar" iki dəfə hesabda önə çıxsa da qələbə hesabını qoruya bilmədi.

Baş hakim Kamranbəy Rəhimov yenə qalmaqallı qərarı ilə yadda qaldı. Bu barədə bir qədər sonra...

İki həftəlik məcburi istirahətdən qayıdan "Neftçi" oyuna yaxşı başlaya bilmədi.

Qonaqlar ilk 45 dəqiqədə bir real qol imkanı qazanmadı.

"Şamaxı" daha çox müdafiədə vaxt keçirirdi. Sürətli əks-hücumlarda narahatlıq yaradırdı. Ya "Neftçi"nin müdafiəçiləri diqqəti əldən vermirdi, ya da "şirlər" son zərbələrdə dəqiq ola bilmirdi.

O qədər də maraqlı keçməyən ilk hissə qolsuz bitincə Yuri Vernidub ikinci yarıya əvəzetmə ilə başladı.

Bassala Sambunun yerinə Vensan Abubakar döyüşə atıldı.

Bakılılar ikinci hissəyə daha aktiv başlaya bildi.

Xüsusilə artan cinah asmaları rəqib qapısında təzyiq yaradırdı.

Qısa ötürmələrlə meydan sahiblərinin cərimə meydançasına yaxınlaşmağın çətin olduğunu ukraynalı mütəxəssis görməyə bilməzdi.

Vernidubun oyuna müdaxiləsi özünü çox gözlətmədi.

İlk olaraq Emin Mahmudovun cinah ötürməsindən sonra yeni transfer Breno Almeyda başla əla zərbə vursa da Rikardo Fernandes yerində idi. İlk hissənin ən zəiflərindən birinin Almeyda olduğunu da qeyd edək.

Lazım olan qol 60-cı dəqiqədə gəldi.

İkili mübarizədən qalib ayrılan Emin Mahmudov topu oyunun ən yaxşılarından olan Emil Səfərova çatdırdı. Onun ideal ötürməsinə Abubakar sadəcə ayaq qoymaqla tora qovuşdurdu.

Davamında Vernidubun kapitanı Freddi Varqasla əvəzləməsi anlaşılmaz qaldı.

Ciddi nə iləsə yadda qalmayan Breno Almeydanın 85 dəqiqə oyunda saxlanılması kimi.

Mahmudovun meydanı tərk etməsi ilə orta xətdə üstünlük tamamilə "Şamaxı"ya keçdi.

Ayxan Abbasovun yetirmələri bir neçə epizodda qola yaxın oldu. Kenan Piriç iki vacib seyvlə yadda qaldı.

İnadkar "Şamaxı" axtardığı qolu 75-ci dəqiqədə Sezarla "Neftçi"nin qapısından keçirdi.

Qolun vurulduğu künc zərbəsindən əvvəlki hücumda Abdullah Şuaybu aşkar ofsaytda olsa da yan xətt hakiminin bayrağı havaya qaldırmadığını bildirək.

Amma olanlara rəğmən Abubakar təslim olmaq fikrində deyildi.

Forvard çətin vəziyyətdə olmasına baxmayaraq başla topu tora qovuşdurdu.

Kamerunlu ulduzun dublu da "Neftçi"ni xal itkisindən xilas etmədi.

Qonaqlar qələbəni qeyd etməyə hazırlaşdığı vaxtda baş hakim Kamranbəy Rəhimov "Şamaxı"nın lehinə penalti qərarı verdi.

Niyə, nə üçün izah vermək çətindir.

Mənə görə belə epizoda penalti verməyin adı biabırçılıqdır.

Görəsən, Hakimlər Komitəsinin sədri Rəhim Həsənov bunun adını nə qoyacaq?

XANOĞLAN İMANOV / SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti