"Neftçi" Misli Premyer Liqasının 22-ci turunda səfərdə "Şamaxı"
Sportinfo.az xəbər verir ki, "ağ-qaralar"ın baş məşqçisi Ayxan Abbasov matçdan sonra keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:
- Oyun haqda danışmaq istəmirəm. Hakimlər Komitəsi şərh bildirsin. Oyunumuzdan razıyam. Bu gün baş verənlər çox məyusedicidir. Bunlar futbola yaraşan şeylər deyil.
- Dumanlı hava şaraitində oyunun davam etdirilməsi nə dərəcədə doğru idi?
- Bilmirəm nə cavab verim. Belə başa düşdüm ki, VAR qapımıza penalti verilən epizodu görüb. Biz görməsək də, onlar hansısa formada görüblər.
- Vensan Abubakar start heyətində yer alsaydı, nəticə fərqli ola bilərdi?
- Elə bir fərq olmayacaqdı. İkinci hissədə meydana çıxıb 2 qol vurdu. Onu təbrik edirəm. Həm Abubakar, həm də Bassala Sambu yaxşı oyun göstərirlər. Hakimlik hər yerdə belədir. Azərbaycanda da, Ukraynada da, başqa ölkələrdə. Özümü məyus hiss edirəm. Ciddi irəliləyiş əldə etməyə başlamışdıq. Sanki bizim irəli getməyimizi istəmirlər. Bizi yuxarıdan aşağıya doğru itələyirlər. Amma dayanmayacağıq, davam edəcəyik. Çünki bizdə iradə var. İradəsi olan komanda hər zaman irəli gedəcək.

