Misli Premyer Liqasında ikinci dövrənin son turuna start verilib.
Sportinfo.az xəbər verir ki, bu turda yubiley qarşıdurması olacaq.
“Şamaxı” ilə “Neftçi” Azərbaycan çempionatlarında 80-ci dəfə üz-üzə gələcək. 1999-cu ildən başlanan rəqabətdə “Şamaxı” “Neftçi” önünə daha əvvəl “Xəzər Universiteti”, “İnter” və “Keşlə” adları altında da çıxıb.
Bu rəqabətdə “ağ-qaralar” ciddi üstünlüyə malikdir. Paytaxt təmsilçisi səfərdən 3 xalla dönməyi bacarsa, 45-ci qələbəsinə sevinəcək.
“Şamaxı”da qalibiyyət sayı 16-dır. Heç-heçə təqdirində komandalar 20-ci dəfə “sülh” bağlayacaqlar. “Neftçi”nin 125 qoluna “Şamaxı” 72 topla qarşılıq verə bilib.
Bölgə təmsilçisi meydana qələbə həsrətinə son qoymağa çıxacaq. “Şamaxı” son 11 qarşılaşmada qələbə üzünə həsrət qalıb.
Bu matçların 7-də məğlub olan şamaxılılar 4 dəfə heç-heçə ilə öyünə bilib. “Neftçi” axırıncı dəfə bu komandaya uduzanda rəqib “Keşlə” adını daşıyırdı.
Bu isə 5 il əvvələ – 2021-ci ilin noyabrına təsadüf edib.

