“Neftçi” növbəti çətin sınaqla üz-üzədir.
Yuri Vernidubun gəlişindən sonra yüksələn xətt üzrə hərəkət edən “ağ-qaralar” son 6 oyunda əldə etdiyi 14 xalla vəziyyətini nisbətən yaxşılaşdırıb.
Rəqiblərin sağa-sola baxmadan irəlilədiyi dönəmdə bakılılar “qonşudan qalma dala” prinsipinə əməl etməyə çalışır.
Premyer Liqanın ən az büdcəli klub-komandası olan “Şamaxı”nın adı bəlkə də kənardan “asan yem” təsiri bağışlayır. Lakin heç də belə deyil.
Uzağa getməyib, bölgə təmsilçisinin son 4 oyununa diqqət yetirsək, “Neftçi”ni Şamaxıda nələrin gözlədiyini təxmin etmək çətin olmaz.
Ayxan Abbasovun rəhbərlik etdiyi kollektiv fevral ayında ölkə kuboku çərçivəsində “Qarabağ” kimi güclü rəqibini 2:1 hesabı ilə məğlub etməyi bacarıb. Çempionat mübarizəsində elə həmin “Qarabağ”a son saniyələrdə buraxılan qolla minimal hesabla uduzub – 1:2.
Son oyunlarda rəqib tanımayan “Turan Tovuz”la qolsuz bərabərə qalıb, çətin Quba səfərində “İmişli” ilə eyni hesabla yadda qalıb – 0:0.
Xatırlayırsınızsa, “Neftçi” ilk dövrədə Şamaxı təmsilçisi ilə doğma meydanında və doğma azarleşlərinin gözləri qarşısında bu rəqibinin müqavimətini qıra bilməyib meydanı 1:1-lik heç-heçə ilə tərk etmişdi.
İndi isə azarkeş və meydan amili “Şamaxı”nın xeyrinə işləyəcək. Üstəlik, “şirlər” elitada qalmaq tapşırığının öhdəsindən böyük ölçüdə gəlməyi bacarıb ki, bu fakt onların daha rahat oynamasına şərait yaradır.
“Neftçi” isə avrokubok vəsiqəsinin arxasınca qaçır deyə, kollektivdə müəyyən narahatlıq, qorxu və tələskənliyin olması gün kimi aydındır.
Bakılılar Şamaxı səfərindən qələbə ilə qayıtmaq tapşırığının öhdəsindən gəlməsə, 3-cü pillə bir tərəfə, mövsümü 4-cü yerdə başa vurmaq da çətinləşəcək. Çünki növbəti turda “Turan Tovuz”la oyun var. Həmin oyuna tam hazır olmaq üçün Sabirin torpağından qələbə ilə qayıtmaq mütləqdir.
Təbii ki, “Şamaxı” buna imkan versə.
Fevralın 28-də Şamaxı şəhər stadionunda keçiriləcək qarşılaşma saat 14:30-da start götürəcək.
HƏBİB / SPORTİNFO.AZ

