“Neftçi”nin 2025-ci ilin iyulunda sıralarına qatdığı Kristian Kostin Azərbaycandan ayrılacaq.
Rumıniyalı sağ cinah müdafiəçisi mövsümün sonunda ölkəsinə qayıdacaq.
28 yaşlı legoner artıq vətənində iki-üç klubla danışıqlara başlayıb. Onların arasında keçmiş komandası “Dinamo” da var.
Buxarest təmsilçisi “ağ-qaralar“la 1+1 illik müqaviləsi olan Kostinə görə əlavə xərcə düşmək istəmir. Ona görə də müdafiəçiyə “Neftçi“ ilə məsələni öz aralarında həll etməyi tapşırıb.
Bunadək yalnız vətənində çıxış etmiş Kostin bir neçə mövqedə oynamağı bacarır. Di gəl, universal futbolçu burada əsas heyətə düşməyə çətinlik çəkir.
Samir Abasovun vaxtında olduğu kimi, Yuri Vernidubun görəvə gəlməsindən sonra da o, vaxtının çoxunu ehtiyat skamyada keçirir.
Rumıniyalının transferi ukraynalı mütəxəssisin özü üçün hələ də qaranlıq məsələdir.
Vernidub onunla bağlı araşdırma aparıb, Abasovun Kositini hansı məntiqlə düşərgəyə cəlb etməsinin səbəbini öyrənməyə çalışıb. Ondan əvvəl komandanı çalışdırmış yerli həmkarının bu keçidə aid raportunu incələməyə cəhd göstərib.
Verniduba məlum olub ki, demə, Abasov kluba aldırdığı futbolçulara görə heç bir hesabat hazırlamayıb, sadəcə, istəklərini şifahi şəkildə söyləməklə kifayətlənib. Yəni ki, o, qeyri-peşəkar davranıb.
SPORTİNFO.AZ

