Sürət yığan "Neftçi"dən nə gözləyək?

20:40 Neftçi 153
Sürət yığan "Neftçi"dən nə gözləyək?

Yuri Vernidubun gəlişindən sonra "Neftçi" ardıcıl 6-cı oyunda da məğlub olmadı.

Son üç görüşdə isə "ağ qaralar" qələbə qazanıb.

Bakı təmsilçisi bu dəfə "Kəpəz"ə şans tanımadı.

"Neftçi" ilə bağlı bu cür tablonun sonuncu dəfə nə vaxt yaşandığını xatırlamıram.

Bakılılar mövsümün əvvəlində buraxılan qoldan sonra toparlana bilmirdi.

Hesabda öndə olanda üstünlüyü qorumaqda çətinlik yaşayırdı.

İki səbəbdən yersiz xal itkiləri az yaşanmayıb.

Bu gün o problemlər də minimuma enib.

Ötən tur "Qəbələ" qarşısında ağır keçən ikinci hissəyə rəğmən hesabı qoruyub saxlamaq mümkün olmuşdu.

Bu dəfə isə bərabərlik qolundan sonra kollektiv təslim olmadı, əksinə tempi qaldırıb, ardıcıl hücumlar həyata keçirib qısa müddətdə lazım olan qolları vura bildi.

Hətta bir qədər diqqətli ola bilsəydilər fərq daha böyük ola bilərdi.

Oyunun ipi 90 dəqiqə qonaqların əlində oldu.

"Kəpəz" cəmi 34 dəqiqə dözdü.

Hədəfi Premyer Liqada qalmaq olan gəncəlilərin ən azı 1 xal üçün sona qədər döyüşəcəyini gözləmək olardı.

Azər Bağırovun komandası bunu bacarmadı.

"Neftçi" imkan vermədi desək bəlkə də daha doğru olar.

Qələbə seriyasında Emin Mahmudovun xüsusi imzası var.

Kapitan "Araz Naxçıvan"la görüşdə 3 məhsuldar ötürmənin, "Qəbələ" ilə matçda qələbə qolunun müəllifi olmuşdusa, "Kəpəz"lə görüşdə 1 qol, 1 asistlə yadda qaldı.

Vernidubun gəlişindən sonra diqqət çəkən digər məqam Bassala Sambunun artıq özünü forvard kimi apara bilməsidir.

Yevlaxda dubl edən "9 nömrə" son 6 oyundakı qol sayını 5-ə yüksəltmiş oldu.

Lazım olanda Varqas, Abubakar kimi adların ehtiyatda saxlanması da ukraynalı mütəxəssisin adına yazılmalıdır.

Ümumiyyətlə, Vernidub üçün əsas heyət anlayışı nisbidir.

Məsələn, bu görüşün əsas heyətində 4 yerli oyunçu yer alırdı. Emil Səfərov, Murad Xaçayev yaxşı oyun keçirdi. Murad Məmmədov isə faydalı iş əmsalını bir qədər artırmalıdır. Ondan gözləntilər daha çoxdur.

Problemlər də yox deyil.

Xüsusilə Falaye Sako və Mustafa Sek cinahlarda hücuma lazım olan dəstəyi verə bilmir. Bəzən müdafiə planında da axsayırlar.

Əsas olan isə qələbə idi, onu da Yevlaxda qazanmaq mümkün oldu.

Bürünc medal iddiası, avrokuboklara getmək şansı hər ötən tur artmaqdadır.

Qalır yüksələn oyun xəttini qorumaq.

"Qarabağ"la görüşün təxirə salınması iki həftəlik məcburi istirahətə yol açmış oldu.

Bu məqam "Neftçi"nin performansına necə təsir edə bilər?

Oyun sonrası mətbuat konfransında baş məşqçi bildirdi ki, rəhbərlikdə xahiş etmişəm sınaq matçı keçirilsin. Ən pis halda öz aramızda bir oyun keçirəcəyik ki, kollektiv tonusdan düşməsin.

Gözləyək fasilədən sonrakı "Neftçi"ni...

XANOĞLAN İMANOV

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti