“Neftçi”dəki sistem – Dəyişməsə, heç nə düzəlməyəcək

15 Aprel 21:20 Neftçi 767
“Neftçi”dəki sistem – Dəyişməsə, heç nə düzəlməyəcək

Axırıncı dəfə Sadıq Sadıqovun prezidentliyi dönəmində ağ günlər yaşamış “Neftçi” 10 ildir qara rəngdən qurtula bilmir.

2021-ci ildə qazanılan çempionluq insanlarda ümid yaratsa da, zaman bunun təsadüf olduğunu göstərdi.

Əksəriyyət baş məşqçini, futbolçuları, bəzən də prezidenti “baltalayır”. Sanki əsl günahkarlar bunlardır. Xeyr! Günahkar hər il dövlət büdcəsindən kluba on milyonlar ayırıb, bunun qarşılığını tələb etməyən, ya da “Neftçi”ni klub halına sala bilməyən(lər)dir.

“Qarabağ”ı, “Zirə”ni, “Qəbələ”ni görürsünüz? Klubda əsas söz sahibi 1-2 nəfərdir. Baş məşqçiyə zaman verilir, istəkləri yerinə yetirilir. Bir sözlə, kommunikasiya rəhbər şəxslə birbaşa baş məşqçi arasında olur.

“Neftçi”də vəziyyət necədir? Son 2-3 ildə bazaya klub işçisi qismində nə qədər adam girib-çıxıb?

2022-ci ilə qədər Müşahidə Şurasının rəhbəri Çingiz Abdullayev idi. Sonra dönüb oldu Rövşən Nəcəf. İndi də Xəyal Nəcəfov gəlir və ya gəlib.

Prezident dəyişib, “vitse” dəyişib, komanda iki rumının ardınca monteneqrolu çalışdırıcıya tapşırılıb. Son 2 ildə “Neftçi”də azı 50 futbolçunun adına rast gələ bilərik.

Struktura baxın.

“Neftçi”nin pul ayıran adamı SOCAR-da oturub.

Onun güvəndiyi adamlar Müşahidə Şurasında cəmlənib.

Fərrux Rəhimova prezident postunu həvalə ediblər.

Yens Andressona idman direktoru vəzifəsi ilə klubun inkişaf etdirilməsi tapşırılıb.

Menecer kimi tanınan Kamil Məmmədov dönüb olub idman üzrə müşavir.

Futbol komandaları və əməliyyatları üzrə direktor postu Zaur Əzizovdadır.

O biri, bu biri, sayları çoxdur. Sadaladıqlarım vitrinin görünən tərəfində dayananlardır.

“Klubda əsas söz sahibi kimdir” sualını kimə versən, çiyinlərini çəkəcək.

Prezidentin adını çəkəcəksən, alınmayacaq. Çünki hər bir məsələdə Andressonun “okey”i olmalıdır. Andersson deyəcəksən, yenə olmayacaq. Çünki Müşahidə Şurasında sözün hər mənasında ondan da böyüklər var. Şuradan yuxarıdakı – SOCAR-dakı isə ən, ən ən, böyükləridir.

“Neftçi”də konkret söz deyən, qərar verən adamın olmaması vəziyyətin bu cür alınmasına gətirib çıxarıb. Hərə bir tərəfdən danışır, hər kəs öz ideyasını çıxış yolu kimi görür.

Ona görə də 2 il tamam olmamış 3 məşqçi dəyişilib, 50 futbolçu gəlib-gedib, sabah nə olacağını da heç kim bilmir.

Lazımsız Müşahidə Şurası ləğv edilməyənə, müşavir, nəzarətçi, gözətçi adı altında klubdan ciblərini dolduranlar göndərilməyənə qədər “Neftçi” bu halı ilə davam edəcək.

Büdcədən pul ayıran adam futboldan az-çox anlayışı olan birini prezident postunda əyləşdirib, hesabatı birbaşa ondan tələb etməlidir. O da özünə bir-iki nəfər köməkçi götürüb klubu, sonra da komandanı formalaşdırmalıdır. Yeganə çıxış yolu budur.

HƏBİB / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti