Vensan Abubakarın gəlişi ilə «Neftçi»də Samir Abasov üçün gerisayım başladı.
Bu keçid klub rəhbərliyinin heyəti gücləndirmək naminə baş məşqçisinə etdiyi növbəti və deyərdik ki, ən böyük jestdir.
Kamerunlu ucuzvari hücumçu deyil. Daha haralarda oynamayıb ki?!
«Beşiktaş»dan ta «Portu»ya kimi! Karyersı zəngindir, böyük çempionatlarda, Çempionlar Liqasında çıxış edib. Kamerun kimi dünyada qəbul olunmuş futbol ölkəsinin əsas millisinin kapitanıdır o.
Abubakarı kim «qoca» adlandırırsa, zəhmət olmasa, yadına baxsın - cəmi 33.
Kim artıq ütkəndiyini, futbol oynamaq eşqinin öldüyünü deyirsə, əvvəl onun Qəbələdə keçirdiyi 10 dəqiqəyə tamaşa eləsin - topa ilk toxunuşu məhsuldar ötürməyə döndü, bir də qol vurdu.
Ayağına iki dəfə top dəydi, onda da həmin top qapıya getdi.
Mən buradan «Neftçi» rəhbərliyini dönə-dönə təbrik edirəm!
Gerçək bir fədakarlığa imza atdılar. Abubakarı Azərbaycana gəlməyə razı salmaqla, əsl «Neftçi» simpatizanı olduqlarını təsdiqlədilər.
Bu cəhdı etmək asan deyildi, amma olmalı idi. «Neftçi»nin belə bir adlı-sanlı, güclü qol duyumu olan hücumçuya ehtiyacı hər oyunda özünü göstərirdi.
Kaş ki, Abubakar ağ-qara formanı geyinməyə daha tez razılaşardı...
Bu qədər düşünüb-daşınmasaydı, «Neftçi» artıq liderlər qrupunda yer almışdı, turnir cədvəlində zirvəni ələ keçirmiş, orada möhkəmlənmişdi.
O, təcrübəsi, səviyyəsi, keyfiyyəti və istəkli tərzi ilə «Neftçi»nin ən yaxşısıdır. Sambu, Kurçi və Salyanski kimi on hücumçu ola, Abubakarın bir ayağı eləməz.
Samir Abasov gecə-gündüz Allahına dua eləsin ki, səxavətli və səliqəli insanlarla əhatə olunub. Başının üstündəkilər, doğrudan da, insan və əliaçıq kəslərdir.
Bir ildən artıqdır komandanın sükanı arxasında dayanan, bu müddətdə verdiyi vədlərin birini də yerinə yetirə bilməyən baş məşqçiyə heç də bütün klub rəhbərləri belə dəstək verməz.
Samir Abasovun bu baxımdan bəxti gətirib, həm də necə! Şanslıdır.
Abubakar olmasaydı, «Neftçi» Qəbələ səfərindən kefikök dönməyəcəkdi. Top əsasən qonaqların ayaqlarında dolaşsa və yer dəyişsə də, ilk 70 dəqiqə ərzində yaradılan qol epizodlarının sayında ev sahiblərinə uduzdular.
«Qəbələ» inanılması güc fürsətləri dəyərləndirmədi. Həmin fraqmentlərin yarısını qola çevirsəydilər, Abasovun Sambunu Abubakarla əvəzləməsinə gərək qalmayacaqdı - iş-işdən keçmiş olacaqdı onadək.
Kamerunlu forvard məşqə hamıdan tez gəlib, hamıdan gec gedir. Son illərdə «Neftçi»də işinə bu cür yanaşan ikinci futbolçu olmayıb.
Emin Mahmudov və digərləri daim pul üstündə umu-küsü edib, ara qatıb, Abubakar qədər məsuliyyətli davranmayıb. Odur ki, onun gəlişi ilə «Neftçi»də çox şeyin dəyişəcəyinə, düzələcəyinə inanıram.
Mahmudov və əhlikef yoldaşları daha «o kimdir», «bu kimdir» deyə bilməyəcək. Abubakar dünəni ilə onların hamısını cibində gəzdirəcək qədər titulu, avtoriteti olan böyük simadır.
MUSA

