“Bu vəziyyətə düşdüm, çəkməyə başladım” – “Neftçi“, Böyükağa Hacıyev, dava-dalaş haqda

30 Oktyabr 2022 21:00 Neftçi 2 056
“Bu vəziyyətə düşdüm, çəkməyə başladım” – “Neftçi“, Böyükağa Hacıyev, dava-dalaş haqda

O, “Neftçi”nin çempionluqları sıraladığı dönəmdə “ağ-qaralar”ın istedadlı futbolçularından hesab olunurdu.

2011-ci ildə Birinci Divizionda “Abşeron”un heyətində bombardir olandan sonra Böyükağa Hacıyev onu israrla sərəncamında görmək istəmişdi.

Yanına gətirdi, hücumdan müdafiəyə çəkdi, gənc olmasına baxmayaraq şans verdi, 20 yaşında “San Siro”da “İnter”ə qarşı oynamasına şərait yaratdı.

2015-ci ildə “Neftçi”dəki rəhbər və heyət dəyişikliyindən sonra böyük futbol onun üçün də başa çatdı.

“Sumqayıt”a getdi, “Səbail”də bəxtini sınadı, Türkiyəyə yollandı, “Şamaxı”ya qayıtdı və bu gün ailəsini dolandırmaq üçün Azərbaycanın çimərlik millisində və Birinci Divizionda MOİK-də çıxış edir.

Stajlı futbol azarkeşləri söhbətin Emin Mehtiyevdən getdiyini mütləq ki, anladı. Elə isə 31 yaşlı futbolçu ilə maraqlı söhbətlə siz də tanış olun.

- Dünən “San Siro”daydın, bu gün Birinci Divizionda – MOİK-də. Özünü necə hiss edirsən?

- Həmişə Premyer Liqada oynamışam, gələcəyim üçün də bunu arzulamışam. Vəziyyət elə gətirdi ki, “divizion”a gəlib çıxdım. Bu günümüzə də şükür. Oynayıram, komandama kömək edirəm, gələcəyə ümidlə baxıram. Əlbəttə ki, ötən günləri heç nə əvəz etmir.

- “Neftçi”ylə Avropa Liqasının qrupunda oyna, çempionluq medallarını boynundan as, ölkə kubokunu başın üzərinə qaldır və bu gün 700-800 manata aşağı dəstədə top dalınca qaç. Qəribə deyilmi?

- Çox qəribədir. Allaha and olsun, bu dəqiqə ürəyim partlayır. Özümün və bəzi insanların səhvləri ucbatından gəlib bu yerlərə düşdüm. Birinci Divizion da özünə görə çempionatdır, bu il maraqlı keçir. Amma indiki ağlım o vaxt olsaydı, bu gün hər şey fərqli olardı bəlkə də.

- Enişə kim və ya nə səbəb oldu?

- İllərdir oturub bu sual ətrafında düşünürəm, cavabını tapa bilmirəm. Hardasa tapmışam, amma o cavabın da arxasından suallar çıxır. Hər şey öz səhvlərimin arxasında dayanır. Öz səhvlərim olmasaydı, heç kim mənə heç nə edə bilməzdi. “Neftçi”də oynayanda bu illərlə bağlı elə arzularım var idi ki... Qismətim belə imiş.

- Nəyin qurbanı oldun? Şan-söhrətin, yoxsa pulun?

- Yaxşı, eyni zamanda çətin sualdır. Kasıbçılıqla böyüyən adamam, heç vaxt şan-söhrət həvəsində olmamışam. Atdığım addımda, dediyim sözdə ölçüb-biçib hərəkət etmişəm. Məncə, mən uşaqlığın, saflığın, cavanlığın qurbanı oldum. Hər şeyə adi baxırdım, nə deyirdilər inanırdım. İçimdə qurdlar olmayıb, düşünməmişəm ki, kimsə dediyim təmiz sözü başqa mənada başa düşər.

- Əlindən tutan, yol göstərən olmayıb yəqin.

- Yol göstərənlər olub. Deyiblər, başa salıblar, uşaq olmuşam deyə dərindən düşünməmişəm, dərk etməmişəm. Sadəcə elə bir adam olmalıydı ki, əlimdən tutub aparsın, öz bildiyimi etməyə imkan verməsin. Öz bildiyim yolla getdim, axırda gəlib belə vəziyyətlə üzləşdim.

- O dönəmdə siqaret çəkib, içki içirdin?

- Xeyr. “Neftçi”də oynadığım dönəmə qədər ağzıma nə siqaret dəymişdi, nə içki. Şükürlər olsun, ibadət əhliyəm, elə şeylərdən uzaq olmuşam.

- İndi çəkirsən?

- Nə gizlədim, çəkirəm. Onu da bu vəziyyətə düşəndən sonra çəkməyə başladım. Amma siqaretin fiziki hazırlığıma zərrə qədər də ziyanı yoxdur. Gücüm çoxdur, əvvəlkindən də yaxşı qaçıram, mübarizə aparıram. Yetər ki, dəstək göstərən, şans verən olsun.

- 2018-ci ildə Türkiyə karyerası sənin üçün dönüş nöqtəsi ola bilərdi. Amma bu şans da əldən çıxdı.

- Dönüş nöqtəsi o oldu ki, gedib orada oynadım, özümü yaxşı tərəfdən göstərdim və yenidən Azərbaycan Premyer Liqasına – “Keşlə”yə qayıtdım. Gəldim ki, oynayım, həminki Emin olduğumu göstərim, amma alınmadı. İnanırsınız, “Niksar Belediyespor”dan Azərbaycana qayıtmağımı istəmirdilər, icazə vermirdilər. Dava-dalaşla çıxdım ordan.

- Bəs, “Keşlə”də nə baş verdi?

- Nələrsə baş verdi də. Şükürlər olsun, oynadım, özümü göstərdim. Eybi yox, olub keçdi. Yadıma salıb qanımı qaraltmaq istəmirəm.

- Nə baş verdiyini bilmirsən?

- Bilirəm, ancaq o haqda danışmaq istəmirəm.

- Niyə? Tərlan Əhmədova görə? Düşünürsən nə vaxtsa yollarınız kəsişər və Rauf Əliyevə etdiyini sənin də başına gətirər?

- Yox-yox. Bu həyatda Allahdan başqa çəkinəcəyim kimsə yoxdur. Sadəcə istəmirəm mətbuat üzərindən söhbət getsin. Mən burada bir söz deyim, o başqa cür anlayıb başqa söz desin. Bəli, aramızda problemlərimiz olmuşdu. Buna baxmayaraq, görəndə salamımı verirəm. Yaşda balacayam, hörmət saxlamaq borcumdur.

- Problemin Tərlan Əhmədovla olmuşdu da.

- Bəli. Aramızda kiçik problem oldu, qışda məni komandadan uzaqlaşdırdı. Halbuki ciddi nəsə yaşanmamışdı. Məşqə gəlirdim, can qoyurdum, 1 deyirdi, 2 edirdim ki, həm özüm, həm komandam üçün faydalı olum. Xahiş edirəm, bu mövzunu uzatmayaq.

- Səni “Neftçi”yə gətirən, şans verən, irəli çəkməyə çalışan Böyükağa Hacıyev olmuşdu, düzdür?

- Əlbəttə, düzdür. Allah ona qəni-qəni rəhmət eləsin! Hər adam rəhməti haqq etmir, amma Böyükağa müəllimə rəhmət düşür. O insan böyük şəxsiyyət, əsl kişi, futbolun professoru idi. Heç də həmişə şans vermirdi mənə. Amma daim söhbət edirdi, ümidləndirirdi, yeri gələndə başıma sığal çəkirdi, yeri gələndə danlayırdı. Məni tanıdan o kişi oldu. Üzərimdə danılmaz əməyi var. Allah Həsən müəllimə də rəhmət eləsin! Uşaqlıq məşqçim olub, topa zərbə vurmağı öyrədib. Allah hər birindən razı olsun!

- Bilirəm ki, rəhmətlik Hacıyev səni əsasən futbolçu keyfiyyətlərinə görə yox, başqa xüsusiyyətinə görə bəyənirdi.

- ...

- (davamı olacaq)

HƏBİB

Digər Xəbərlər
Xəbər Lenti
26 Aprel 18:10 Çək və bizə göndər!
26 Aprel 01:40 "O, bizə yalan dedi"