“Neftçi”yə yeni baş məşqçinin təyinatından sonra iki futbolçu “ofsayd”a düşdü.
Məlum oldu ki, Mirabdulla Abbasovla Fəhmin Muradbəylinin bir neçə günlük məşqlərdəki futbolçu bacarığı Laurentsiu Regekampfı razı salmayıb.
Belədə adıçəkilənlərin hər ikisi Türkiyədəki toplanışdan kənarda qaldı.
İndi ortaya çıxan əsas sual Mirabdulla ilə Fəhminin gələcək taleyidir. Hər iki oyunçunun Premyer Liqada mütəmadi forma şansı qazandığını nəzərə alsaq, hadisələrin bundan sonrakı axarı maraq doğurmaya bilməz.
Qaranlıq məqama aydınlıq gətirmək üçün “ağ-qaralar”ın mətbuat katibi Rüstəm Allahverdiyevlə əlaqə saxladıq:
“Yeni baş məşqçimiz Mirabdulla ilə Fəhmini öz komandasında görmək istəmədiyini bildirdi. Bu səbəbdən özlərinə yeni iş yeri axtarmaq tövsiyə olunub.
Hansısa klub(lar) futbolçularımızın xidmətində maraqlı olsa, qarşı tərəflə danışıq aparılacaq. Keçidləri ya birdəfəlik transferlə mümkün olacaq, ya da icarə əsasında. Hələ ki, bu yöndə yenilik yoxdur”.
Mirabdulla Abbasovla Fəhmin Muradbəyli “Neftçi”nin yetirmələri hesab olunur.
HƏBİB / SPORTİNFO.AZ