O, kimi aldadır: “Neftçi”ni, azarkeşləri, yoxsa..?

16 May 2022 22:20 Neftçi 1 387
O, kimi aldadır: “Neftçi”ni, azarkeşləri, yoxsa..?

“Neftçi” ilə müqaviləsi bu yay başa çatacaq baş məşqçi Samir Abasov klubdakı gələcəyi barədə danışıb.

O, Premyer Liqanın 27-ci turunda “Zirə” ilə matçdan (0:1) sonra keçirilən mətbuat konfransında bununla bağlı sualı cavablandırıb.

“Klub rəhbərliyi ilə danışmamışam. İdman direktoru Zaur Əzizovla müzakirələr aparırıq. Müqavilə məsələsinə mövsüm bitdikdən sonra baxılacaq. Müşahidə Şurası qərar verəcək. Saxlasalar, qalacağıq, göndərsələr də, normal qarşılayarıq” – deyə, S.Abasov bildirib.

O deyib ki, Konfrans Liqasında çıxış edəcək komandanın baş məşqçisi ilə bağlı klub düşünməlidir: “Bir oyundan sonra baş məşqçi olmaya bilərəm”.

S.Abasov qışda İrandan təklif aldığını da söyləyib:

“Qışda mənə zəng gəldi ki, “Traktorsazi” sizi istəyir. Mən də dedim ki, “Neftçi”yə məxsusam, onlarla danışın. Sonradan Saman Nərimancahan da zəng etdi və mənimlə maraqlandıqlarını dedi”.

Bu, ucuz açıqlamadır. “Traktorsazi”nin adını çəkməsi “Neftçi”nin başbilənlərinə növbəti göndərmə, növbəti mesajdır. Yəni, “nə olar, məni saxlayın“ mənasında.

2020-ci ilin noyabrında paytaxt təmsilçisinə gələn Abasov, əslində, “qələminin qırılmasından“ xəbərdardır.

Çox yaxşı bilir ki, onu vəzifəyə gətirənlər 7-8 aydır onda ciddi səhv axtarır, buradan uzaqlaşdırma üçün səbəb/bəhanə gəzir. Özü də günün günorta çağı əliçıraqlı.

Mövsümün əvvəlində transfer bazarlığı üstündə idarəçilərlə kəllə-kəlləyə gəldi, bağışlandı. Ardınca yerli futbolçuları aşağıladı, göz yumdular.

Premyer Liqa çempionluğunu “Qarabağ“a qapdırdı, səbr etdilər. Ölku kubokunda “Zirə“yə uduzdu, yenə dinmədilər.

Gözlədilər ki, mövsüm başa çatsın, “sən sağ, biz salamat“ desinlər. Qəbələ səfərində azarkeşlərlə yaşadığı qalmaqalı isə göydə axtarırdılar, yerdə tapdılar.

Özgə vaxt fanatların tələblərini qulaqardına vuran rəsmilər bu dəfə “qırmızı xətt“i lap yaxına çəkdilər.

Bundan sonra Samir Abasov “Neftçi“də qalsa, dünyanın 8-ci möcüzəsi olar. Sadəcə, o, özünü elə aparır ki, sanki heç nədən xəbəri yoxdur. Gedişata fon verir.

Məramı odur ki, AFFA prosesə müdaxilə etsin, “Neftçi“dən getsə belə, onu işsiz qoymasınlar. Ya U-21 yığmasında, ya da başqa klubların birində.

“Traktorsazi“ da nisyə söhbətə oxşayır. Samir Abasov gündə bir nömrə dəyişir, onu da gizli saxlayır,

İranın yüksək liqasında çıxış edən Təbriz klubunun nümayəndələri onu haradan, necə əldə elədi? Əlaqə saxlayıblarsa belə, Abasov düşünməsin ki, zəng yalnız ona gəlib.

Cənubi Azərbaycandan Bakının bir neçə istiqamətinə telefon açıblar. Bildiyimiz qədərilə 3-4 məşqçi ilə danışıblar, təklif irəli sürüblər.

Maliyyə çətinliyi yaşayan “Traktorsazi“ mənsublarının təklif qarşılığında hansı şərt irəli sürdüklərini də bizdən eşitsəz, yerinə düşər.

Cənublu qardaşlar əlaqə saxladıqları məşqçilərdən xahiş ediblər ki, Təbrizdə çalışmağa razılıq verərlərsə, Azərbaycanda sponsor tapsınlar, gəlsin, kluba pul yatırsın.

Heyrət içindəsiz, eləmi? Amma agah olun ki, “Traktorsazi“ də, Təbrizin digər təmsilçisi də “Maşinsazi“ də bugündədir - qəpiyə güllə atırlar.

Pulları olsaydı, Ertuğrul Sağlamı türkiyəli iş adamlarının vasitəsilə dilə tutub, ikinci dəfə İrana qaytarmaz, boş müqaviləyə imza atdırmazdılar.

Samir Abasov vaxt itirmədən yavaş-yavaş əşyaları toplamağa başlasın. Tərlan Əhmədovun elədiyi kimi eləməsin – bazadakı boş otaqda əyləşib, ikinci mərtəbədən zəng gəlməsini gözləməsin.

Bu zəng bir müddət əvvəl çalınıb, düymə də basılıb.

KAMİL

Digər Xəbərlər
Xəbər Lenti
18 Mart 11:00 Görürsüz, nə var?