
“Neftçi” rəhbərliyi və məşqçiləri qapıçı Aqil Məmmədov dan narazıdır.
Bunu necə bilmək olar?
Klubun rəsmi “feysbuk” səhifəsinə diqqət yetirmək kifayətdir. Dünən edilən son paylaşımlardan birinə yazılan şərh olduğu kimi saxlanılıb.
Fazil Dadaşov adlı şəxsın şərhini təqdim edirik:
“Rəhbərliyə məsləhət görərdim ki, Avropada çıxış üçün Saşa Stamenkoviçi 2-3 aylıq icarəyə götürsünlər, Aqildən 2-3 baş üstün qapıçıdır. Həm də hazırlıq keçib.
"Neftçi"yə yad deyil və avroliqalarda çox köməyi dəyər. Onsuz da, qapıçı almaq üçün həvəsləri yoxdur. Əlacsız qalanda olar, yenə Aqildən səviyyəlidir.
Hava toplarına çıxışda etibarlıdır. 11 metrələrdə də top qaytarmağı bacarır. Onsuz da, qapıçı gətirən deyillər, pul xərcləmək istəmirlər, ona görə də az xərclə bunu etmək olar”.
Bu azarkeşin yazdıqları ilə işimiz yoxdur. Nə düşünür, onu da diqqətə çatdırıb. Kaş hamıya tribuna verilərdi…
Adətən, “Neftçi”nin sosialı şəbəkə ünvanlarında yazılan tənqidi şərhlər orada “çox qalmır”. Tez “senzura”ya məruz qalır.
Nadir hallarda görə bilərik ki, kiminsə fikirlərinə toxunulmasın. Klubda bu sahəyə məsul şəxslər yalnız Sportinfo.az-ın adı gələndə özlərini görməzliyə vurur.
Saytımız haqda həqiqətəuyğun olmayan rəy yazanları burada az görməmişik. “Neftçi”də gedən proseslərə obyektiv münasibət bəsləsək də, əsl gerçəkliklərdən xəbəri olmayan azarkeş qrupunun haqqımızda bəzən sərt, bəzən təhqir formasında “comment”lərinin şahidiyik.
Necə olur, klub rəsmilərindən birinin adı çəkilən kimi o rəy səhifədən silinir, amma barəmizdə şər-böhtan yazanların qeydlərini oradan yığışdırmırlar?
Aqil Məmmədova əvvəlki münasibət olsaydı, yəqin ki, son şərh də səhifədə bu qədər saxlanmazdı. Görünür, Çempionlar Liqasının təsnifat mərhələsinin geridə qalan 3 matçında eyni sayda qol buraxan qapıçının performansı başda əyləşənləri qane etməyib.
Demə, ondan daha yaxşı çıxış gözləyirmişlər... Aqilin “Dinamo” ilə oyunlarda sərgilədiyi qurtarışları həm rəhbərliyin, həm də Samir Abasov nə tez unutdu? Budur, ona verilən layiqli qiymət?