"Qalatasaray"ın ayağı bizə düşərli oldu" - "Neftçi"nin prezidenti

21 İyun 2021 14:40 Neftçi 1 347
"Qalatasaray"ın ayağı bizə düşərli oldu" -

"Mayın 19-da Premyer Liqada son matçımız var idi. Həmin gün Türkiyədə də əlamətdar gündür, Cumhuriyyet bayramıdır. Son qarşılaşmanın axırıncı dəqiqəsində türk əsilli bolqar oyunçu Ahmed Ahmedov qol vurdu".

Sportinfo.az xəbər verir ki, bu sözləri "Neftçi"nin prezidenti Kamran Quliyev Türkiyənin "beIN Sports" telekanalına açıqlamasında deyib.

Klub rəhbəri "Qalatasaray"la yoxlama matçını xatırlayaraq bu görüşün onlara düşərli olduğunu bildirib: "Bizim azarkeşlər də çempionluq üçün çox xoşbəxtdir. Təəssüf ki, eyni sevinci Türkiyə millisinin oyunlarından sonra yaşaya bilmədik. "Qalatasaray"ın ayağı bizə düşərli oldu. Onlarla qarşılaşdığımız mövsüm çempion olduq. Son dəfə 2013-cü ildə bu hissi yaşamışdıq. 8 illik həsrətə son qoyduq".

Kamran Quliyev Türkiyə millisinin Avro-2020-nin Bakıda keçirdikləri oyunlar ərəfəsində məşq üçün "Bakcell Arena"nı seçməsindən də danışıb: "Türkiyə öz evində istədiyi meydan və təlim-məşq bazasından istifadə edə bilər. Onların bu arenadan yararlanması bizim üçün qürurdur. Ötən ilin noyabrında millinin baş məşqçisi Şenol Güneş stadiona gəlmişdi. Onunla görüşdük. Həmin vaxt o, "Bakcell Arena"nı bəyəndi".

Türkiyə futbolunu izlədiyini deyən K.Quliyev "Neftçi"nin futbolçularına qardaş ölkədən təkliflər gəldiyini qeyd edib: "Türkiyə Superliqasını və 1-ci liqanı yaxından izləyirik. Bizə tövsiyə olunan futbolçular da var. İnanmaq istərdim ki, nəinki Türkiyədən buraya, Azərbaycandan da Türkiyəyə futbolçular gedəcək. Hazırda bizim futbolçularla maraqlanan Türkiyə klubları var. Türkiyə və Azərbaycan yığmaları arasındakı yoldaşlıq oyunundan sonra bir neçə futbolçu ilə bağlı bizə müraciətlər ünvanlandı. Agentlər və klublar maraqlanır, bu, yaxşı haldır. Futbolçularımız Türkiyə Superliqasında çıxış etsələr, biz də çox xoşbəxt olarıq".

Digər Xəbərlər
Xəbər Lenti