
Son günlər hamı bu gəncdən danışır.
Ali məktəbə qəbul imtahanında 697 bal toplayaraq Ali Neft Məktəbinin İnformasiya təhlükəsizliyi fakültəsinə qəbul olan Əbülhəsən Məmmədovdan.
2008-ci ildə anadan olan Əbülhəsən orta məktəbi fərqlənmə attestatları ilə bitirib, blok imtahanında isə 400 bal toplayıb.
O, təkcə təhsil əlaçısı deyil, eyni zamanda futbolçudur. “Zirə”nin U-17 komandasının uğurları üçün tər tökür.
Səbəbkarla söhbətin gənc nəsil üçün səmərəli olacağını nəzərə alıb futbol-təhsil mövzusunda danışdıq.
- Məlum uğur münasibətilə təbrik edir, ali məktəb həyatında uğurlar arzu edirəm.
- Diqqətiniz və xoş arzularınız üçün təşəkkür edirəm.
- Təhsillə futbolun yükünü eyni anda daşımaq çiyinlərini yormur ki?
- Təbii ki, müəyyən çətinliklər olur. Lakin bacarmaq da mümkündür. Önəmli olan istək, həvəs və mübarizədir.
- Ən çox çətinlik nədə yaranır?
- Qrafikdə sıxlıq olur. Gün ərzində 4-5 saat futbola, qalan saatları təhsilə və hazırlıqlara ayırıram. Bunlarla yanaşı, yerli və dünya futbol matçlarını da izləməyə çalışıram. Hər şeydən müəyyən qədər kəsdiyimə görə istirahətimə çox az zaman qalır.
- Sosial şəbəkələrə həvəs göstərirsən?
- Qədərində. Səhərdən axşama qədər telefonla, yaxud sosial şəbəkələrlə məşğul olmuram. Gün ərzində yarım, maksimum bir saat vaxt ayırıram.
- Futbol və təhsil günün neçə saatını məşğul edir?
- Həftənin 6-7 gününü futbola gedirəm. Yola və məşqlərə xərclənən vaxt təxminən 4-5 saat edir. Məktəb və hazırlıqlar da gündə hardasa 4-5 saatımı alır. Həftə sonları isə 6-7, bəzən 8 saat ayırmalı olurdum.
- Top dalınca qaçmaq və kitab-dəftərlə məşğul olmaq. Hansından daha çox zövq alırsan?
- İkisini eyni anda edəndə, fikrimcə, daha maraqlı olur. Sırf futbolla məşğul olub, təhsili kənara qoysam, yaxud əksini etsəm, sıxılaram. Adi nümunə deyim ki, yay aylarında dərslər olmayanda darıxırdım. Ya da qışda 1-2 həftə məşqsiz qalanda eyni hisləri keçirirdim. Futbol nisbətən əyləncə xarakterli olduğu üçün daha çox zövq almaq mümkündür.
- Özünü gələcəkdə yaşıl meydanda şort-maykada təsəvvür edirsən, yoxsa kabinetdə kostyum-qalstukda?
- İkisinə də həvəsim olduğu üçün bir-birindən ayırmaq çətindir. Sözsüz ki, nə vaxtsa ikisindən birini seçmək məcburiyyətində qalacağam. Güclü futbolçu olacağımı hiss etsəm, futbolçu olmaq istəyərəm. Görsəm ki, sıradan biriyəm, təhsili seçəcəyəm. İndi 17 yaşım var, məncə, 19-20 yaşıma qədər verdiyiniz suala aydınlıq gətirəcəyəm.
- Bu gün üçün özünü güclü, bacarıqlı futbolçu hesab edirsən?
- Öz haqqımda şərh verməyim düzgün olmaz. Bunu kənardan baxanlar deyə bilər. Şəxsi fikrimi bilmək istəyirsinizsə, ən güclü deyiləm. Lakin zəif olduğumu da deyə bilmərəm. Gələcəkdə futbolçu olmaq potensialım var.
- Meydanda qərar vermək çətindir, yoxsa imtahanda?
- Düzünü desəm, meydanda daha çətindir. Futbolda düşünmək, qərar vermək üçün 1 saniyədən də az vaxtın olur. Lakin imtahanlardakı zaman saniyələrlə, hətta dəqiqə ilə ölçülür. Bəzən yazdığın cavabın doğru olmadığını hiss edib, dəyişmək də mümkündür. Futbolda belə bir imkanın yoxdur.
- Potensialı yüksək olan futbolçuların böyük əksəriyyəti savad baxımından “axsayır”. 17-18 ildir mətbuatda çalışan biri kimi dəfələrlə şahidi olmuşam. Həqiqətənmi futbolla məşğul olanda elmə vaxt qalmır?
- Özümlə bağlı deyim ki, futbolla 8-9 ildir məşğul oluram. Və son 3 ildə hazırlıqlara getməklə yanaşı, məşqlərdə iştirak etmişəm, oyunlarda meydana çıxmışam. Buna qədər isə həm futbola, həm də məktəbə gedirdim. Hər şey insanın öz əlindədir. İstək olanda çatdırmaq olur. Sadəcə, digər məşğuliyyətləri nisbətən azaltmaq lazım gəlir.
- Valideynlərlə söhbətdə təhsil və futbol mövzusunda fikir ayrılıqları yaranıb?
- Hər zaman dəstək görmüşəm. Belə olmasaydı, bu gün futbol oynamazdım. Özləri də görürlər ki, eyni anda ikisinin də öhdəsindən gəlməyi bacarıram. Bir çox hallarda qərar verməyi öz öhdəmə buraxırlar.
- Müəllimlərdən necə, eyni dəstəyi görürdün? Məsələn, oyunlar və məşqlər zamanı hansısa mənada güzəşt edirdilər?
- Oyunla dərs üst-üstə düşəndə dəstək nümayiş etdirirdilər. Müəllimlərin çoxu futbolda vəziyyətin necə olmasından xəbərsizdirlər. Bəzən futbola peşəkar yox, həvəskar səviyyədə yanaşdığımı düşünürdülər. Elə müəllim olub ki, təhsilimin yaxşı olduğunu deyərək futbola zaman ayırmağımı anlamadığını söyləyib.
- Orta məktəblə universitet eyni deyil. Bundan sonda səni daha ağır dönəm, sıx qrafik gözləyir. Çatdıra biləcəksən?
- Alındıra biləcəyimi düşünürəm. Onsuz da məşqlər və oyunlar əsasən axşam saatlarında olur. İndiyə qədər öhdəsindən necə gəlirdimsə, bundan sonra da hansısa yol tapıb həll edəcəyəm. Önəmli olan istəkdir.
- Gənc futbolçuların ən böyük problemlərindən biri hərbi xidmətdir. Əsgərlik dönəmindən sonra futbolla əvvəlki səviyyədə məşğul olmağın çətinliyindən xəbərdarsan yəqin.
- Qəbul imtahanında 600 balı keçdiyimə görə hərbi xidməti Müdafiə Nazirliyində keçəcəyəm. Digər tərəfdən, bakalavr dövrünü başa vurandan sonra magistratura və doktorantura təhsili alsam, dissertasiya müdafiə etsəm, rəsmi şəkildə əsgərlikdən azad olunuram. Mümkün güzəşt növləri var. Bu, hər kəsə aiddir, tək futbolçulara yox.
- Savadlı olmağında valideynlərinin, yaxın qohumlarının rolu nə qədərdir? Aralarında müəllim olanlar var?
- Nənə-babalarım məktəb direktorları, müəllimləri olub. Xalam da hazırda orta məktəbdə dərs deyir. Hətta qardaşım da 642 balla universitetə daxil olub. Genetik məsələ olduğunu deyərdim.
- Hansı futbolçunun pərəstişkarısan?
- Lionel Messinin.
- Klub?
- “Barselona”.
- Azərbaycanda necə?
- “Zirə”yə azarkeşlik edirəm.
- Azərbaycanlı futbolçu?
- Konkret olaraq kiminsə adını çəkə bilmərəm. Çox istərdim ki, nə vaxtsa Mahir Emreli, Renat Dadaşov, yaxud digərləri kimi legioner həyatı yaşayım. Məqsədim hansısa futbolçuya bənzəmək yox, legioner həyatı yaşamaqdır.
- Xarici dil biliyin var?
- İngilis dilini yaxşı bilirəm. Qəbul imtahanında 100 faizlik göstəricim olub.
Həbib Aslanov