"Bu gün ölkədə “Qarabağ”a rəqib yoxdur" - MÜSAHİBƏ

11 May 21:40 Müsahibə 2 259
"Bu gün ölkədə “Qarabağ”a rəqib yoxdur" - MÜSAHİBƏ

Vaxtilə Premyer Liqada “Karvan”, MOİK, “Bakı”, “Kəpəz” kimi komandaların şərəfini qorumuş, Azərbaycan millisinin formasını geyinmiş, “Adanaspor”da legioner həyatı yaşamış Cəmşid Məhərrəmovdan xeyli vaxtdır səs-soraq yoxdur.

Adı danışılmış oyunlarda hallandığına görə AFFA-nın qərarı ilə futboldan ömürlük uzaqlaşdırılan keçmiş futbolçu mətbuatdan uzaq gəzir, ətraflı danışmamağı üstün tuturdu.

Cəmşidə növbəti dəfə zəng edəndə, yenə müsahibə vermək həvəsində olmadığını desə də, bir az çək-çevirdən sonra “saqqızını oğurlamaq” mümkün oldu.

- Haralardasan? Nə işlə məşğulsan?

- Görünən və bilinən budur ki, futboldan uzağam. Bir-iki dost-qardaş var, onların yanında başımı qatıram. İş görürlər, mən də yanlarındayam. Şükür bu günümüzə, dolanırıq.

- Bildiyimə görə Xırdalanda özünə kiçik biznes qurmusan.

- Əslində dayımın oğlunun biznesiydi. Mən də yanında dəstək verirdim. Gördük alınmır, mən də arxasınca getmədim. Özümün şəxsi biznesim-filan yoxdur. Futbol oynadığım dövrdə azdan-çoxdan özümə şərait qurmuşdum. İndi də onun hesabına dolanıram.

- Futbola ümumiyyətlə yaxın gəlmirsən deyəsən.

- AFFA-nın qərarı hələ də qüvvədədirsə, nə edə bilərəm? O vaxt sənəd-sübutla müraciət edib bildirmişdim ki, orda konkret mənlik heç nə olmayıb. Qərarı dəyişmədilər. Fikrim var yenidən müraciət ünvanlayım.

- Günahsız olduğun halda futboldan ömürlük uzaqlaşdırılmağın sənə pis təsir etmir?

- O vaxt “Rəvan”da oynayanda gənc futbolçular şərəfsizlik etmişdilər. AFFA-dan bildirdilər ki, o komandada “ağsaqqal” sizsiz. Sizdən xəbərsiz orda heç kim heç nə edə bilməz. “Qoca” sayılan Elvin Əliyevlə mən idim.

- Məntiq yoxdur axı. Kimlərinsə pis iş tutmasından sizə nə?

- Mən də onu deyirdim də. Ziyalı ailə var ki, övlad pis əməllərlə məşğul olur. Məgər oğul cinayət törədəndə valideyni həbs edirlər? O vaxt “Rəvan”ın mənə borcu qalmışdı. Borcu qaytaracaqlarına söz verə-verə aparıb məni saldılar Birinci Divizionun bataqlığına. Kimlərsə bu cür qələt etdi, arada “yanan” biz olduq. Bizi uzaqlaşdıranda “Rəvan” apellyasiya şikayəti etmişdi. AFFA həmin şikayətə heç baxmadı da. Açığı, ondan sonra özüm də incidim, “sındım”.

- Heç nədən adın ləkələndi.

- Adam hər şeyi açıb-danışa bilmir. Elə şeylər gördüm ki, ürəyim sındı.

- Futbolla maraqlanırsan heç olmasa? Premyer Liqa oyunlarına baxırsan?

- Futbolsuz qala bilmərəm axı. Ömrümü futbola vermişəm. 2 il əvvəl dostum Azərbaycan Minifutbol Liqasında “Real Bakı” klubunu yaratmışdı, orda oynayırdım. Çempionatı üçüncü yerdə başa vurduq. Sonra komanda liqadan uzaqlaşdı, mən də oynamadım.

- Xırdalandan baxanda Azərbaycan Premyer Liqası necə görünür?

- Çempionatın başa çatmasına dörd tur qalmış çempionun kimliyi bilinir, gümüş medalların hansı komandaya qismət olacağı məlumdur. Fürsətdən istifadə edib Rəşad Sadıqovu təbrik edirəm. Həqiqətən böyük işlər görür. “Zirə” rəhbərliyi vaxt verdi, o da ümidləri artıqlaması ilə doğrultdu. Hə, deməyim odur ki, illərdir “Qarabağ”a rəqib tapılmır və bu komanda hər il vaxtından əvvəl çempion olur. Bir fakt deyim, yəqin yadınıza gələr.

Buyur.

- Səhv etmirəmsə, 2009/10 mövsümü idi, çempionat “altılıq” sistemi ilə keçirilirdi. Təsəvvür edin, sonuncu tur idi, “Xəzər Lənkəran” birinci yerdəydi, mənim oynadığım “Bakı” dördüncü pillədə. “Qarabağ”la “İnter” eyni xallarla 2-3-cü yerləri bölüşürdülər. Axırıncı turda “Xəzər Lənkəran”ı Lənkəranda udub qalxdıq ikinci yerə, “Xəzər Lənkəran” düşdü dördüncü pilləyə. “Qarabağ” “Neftçi”ni uda bilmədi deyə, üçüncü sırada qaldı, “İnter” sonuncu turdakı qələbə ilə çempion oldu. Halbuki “Qarabağ” qələbə qazansaydı, çempionluğu bayram edəcəkdi.

- Hətta həmin gün keçmiş PFL rəhbərliyinin çempionluq kubokunu “Qarabağ”a təqdim etməyə hazırlaşması barədə söhbət var idi. “İnter”in qalib olması şok yaşatmışdı.

- O vaxt çempionatın dadı-duzu tam başqaydı. Deməyim odur ki, 15 il əvvəl çempionluq uğrunda 4-5 komanda mübarizə aparırdı, rəqabət var idi. İndi necədir? Çempionat başlamamışdan əvvəl 500 nəfərin arasında sorğu keçirin, görün, çempionluğa namizəd kimi hansı komandanın adını çəkəcəklər. Bu gün ölkədə “Qarabağ”a rəqib yoxdur. Bu, danılmaz faktdır.

- Premyer Liqada demişkən, vaxtilə klubda və Azərbaycan millisində çiyin-çiyinə top qovduğun Elvin Məmmədov, Vaqif Cavadov, Rəşad Sadıqov, Elmar Baxşıyev kimi tanışların elitada baş məşqçi kimi çalışır. Cavid Hüseynov da bu təcrübəyə sahibdir. Kənardan baxanda, özünə “niyə mən orda deyiləm” sualını verirsən?

- İlk növbədə hər birinə uğurlar arzulayıram. Adları çəkilənlərin hamısı ilə münasibətim ən yüksək səviyyədə olub. Çox istəyirəm ki, uğur qazansınlar, irəli getsinlər. O ki qaldı özümə o sualı verməyimə, bu, heç nəyi dəyişməyəcək. İllərdir verilan haqsız cəzanın əziyyətini çəkirəm. Bəlkə də bundan sonra heç vaxt futbola qayıtmayacağam. Ancaq mənə ən çox təsir edən adıma yaxılan ləkədir. O ləkəni yapışdırdılar, qaldı adımın üstündə. Mənə 5-10 nəfər yaxından tanıyır, bunu etməyəcəyimi bilir. Yerdə qalanlar bilmir axı. Bir nəfər çıxıb deyə bilməz ki, Cəmşid iştirakçısı olduğu hansısa oyunda “alver”lə məşğul olub. Bunu heç kim deyə bilməz, çünki mümkün deyil. Adama təsir edən bilirsiz nədir?

- Nə?

- Mən sonucu dəfə Region Liqasında oynamışam. Halbuki o dönəmdə Region Liqası mərc kontorlarına daxil deyildi. Birinci Divizionda 6 ay futbol oynadım, uzaqlaşdım. Təsəvvür edin, “alver” söhbətləri 2016-cı ildə olub, məni 2019-cu ildə Region Liqasında oynayanda uzaqlaşdırdılar. Hətta “divizionda” oynadığım dönəmdə nə “qara işlər”lə məşğul olmuşam, nə də kiməsə kömək etmişəm.

- Öz komandanın oyunlarında demirəm, ümumiyyətlə, başqa matçlara pul qoyuluşları edirdin?

- Allahımıza and olsun, onun necə oynanılmasından belə başım çıxmır. Telefonda nə edirlər, necə edirlər, heç birini bilmirəm. Çünki maraqlanmamışam, istəməmişəm. Bu işi görənlər qaldı kənarda, ömürlük uzaqlaşdırılma mənim başıma gəldi. Heç bir işin içində olmaya-olmaya başım bəla çəkdi. Vaxta-zamana buraxmışam, bir gün mütləq hər şeyə aydınlıq gələcək.

- Nədənsə sənin haqqında söz düşəndə, kimlərsə mərc oyunlarının səni müflis etdiyini deyirlər. Bu iddia hardan qaynaqlanır? Hətta “Bakı”da qazandığın böyük pulları mərc kontorlarda itirməyin barədə şayiələr gəzir.

- Siz az eşitmisiz. Özüm eşitmişdim ki, guya nələrisə əlimdən alıblar, heç nəyim qalmayıb. Bunu bilirsiz kimlər danışır? Məni tanımayan, həyatımdan xəbərsiz olanlar. Yaxından tanıyan adamlar yaxşı bilir ki, futbol oynadığım dönəmdə gələcəyim üçün şərait qurmağa çalışmışam, pulumun qədrini bilmişəm. Yeri gələndə, lüks avtomobildən imtina etmişəm ki, ev almalıyam. Allahıma şükürlər olsun, nə oyun alverində iştirak etmişəm, nə də mərc oyunlarına baş qoşmuşam. Bunlardan uzaq durmağa çalışmışam. Şaiyədir, biri ağzına gələni danışır, o biri də eşidib başqa yerdə deyir.

- Uzun illər “Bakı”nın “qızıl” dövrünü görmüş futbolçulardansan. Özünə şərait qura bilmisən?

- Yalanda “bağ belə, bostan belə” deyə bilmərəm. Qazandığım səviyyədə nəsə etməyə çalışmışam. Nə lazımdırsa etmişəm. Bu günümə min şükür. Heyif “Bakı”dan, o cür klubun yox olmasını hələ də qəbul edə bilmirəm.

- Biləcəridən keçəndə keçmiş bazaya tərəf baxa bilirsən?

- Baxa bilirsən nədir, ürəyim parçalanır. Bazanın söküntüsü gedən ərəfədə özümə maraqlı gəlirdi ki, görəsən bir az kənardakı dörd meydançanın aqibəti necə olacaq? Heç olmasa onları sökməsinlər. Dostumla gedib baxdıq. Mən o meydanları orda görəndə bir hala düşdüm ki. O vaxt Bakıda 17 yaşlıların Avropa çempionatı keçiriləndə milli komandalar orda məşq edirdilər, Portuqaliya yığması da yığmamızla oyuna orda hazırlaşmışdı. Yadımdadı, o ərəfədə Hafiz Məmmədov hər şeyin yüksək səviyyədə olması üçün necə əl-ayağa düşmüşdü. Gücü, imkanı çatanı edirdi ki, avropalılar Azərbaycanda futbolun və şəraitin hansı səviyyədə olduğunu görsünlər. O vaxt “Bakı”nın kapitanıydım deyə, bütün proseslər gözlərimin qarşısında baş verirdi.

- Növbəti mövsümdən etibarən Premyer Liqada legioner limiti tətbiq olunmayacaq. Bu qərar kənardan necə görünür?

- Onsuz da qərar verilib, mənim nəsə düşünməyimlə heç nə dəyişməyəcək. Klubların yerli futbolçuların da inkişafını düşünməsi üçün legionerlərin sifariş olunmasına rüsum tələb olunacaq. Saya uyğun olaraq məbləğlər artacaq. Maddi imkanı yaxşı olan klublar çox sayda legionerlər cəlb etsə, arada böyük fərq yaranacaq və Azərbaycan futboluna zərbə dəyəcək. İmkanlı klublar pul verib istədiyi qədər əcnəbi gətirəcəklər. Digər tərəfdən bu qərarın Azərbaycan millisinin nəticələrinə mənfi planda ciddi təsir edəcəyini düşünürəm. Düzdür, son oyunlarda uğurlu nəticələr yoxdur.

- Nə vaxt olub ki?

- İndiyə baxanda əvvəl futbol var idi, pis-yaxşı nəticələr qazanılırdı. İndi ancaq pisə doğru gedir. Və bu qərarın tətbiq olunması yığmaya daha çox ziyan vura bilər.

Həbib Aslanov

Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə yazılıb.

Digər Xəbərlər
Xəbər Lenti