
Bir illik fasilədən sonra Premyer Liqayad qayıdan “Qəbələ” ilə bağlı sualların sayı kifayət qədər çoxdur.
Komanda yay hazırlığını harada keçəcək? Baş məşqçinin sərəncamına neçə legioner veriləcək?
Bölgə təmsilçisi dövlətdən ayrılan 2,5 milyon manatla “dolanacaq”? Komandanın qarşısına hansı hədəf qoyulacaq?
Bu və digər sualların cavabını gürcüstanlı çalışdırıcı Kaxaber Tsxadadze ilə söhbətdə tapmağa çalışdıq.
- Ağır mövsümdən sonra stirahət etməyə vaxt tapırsız?
- Yaşayırsansa, iş heç vaxt qurtarmır. İstirahət etməyə çalışıram, eyni zamanda namizəd futbolçuları gözdən keçiririk, gələcəklə bağlı planları götür-qoy edirik.
- İstədiyiniz kimi alınır?
- Hələ ki, öyünə biləcəyimiz nəsə yoxdur. Müəyyən sərhədlər var ki, ondan kənara çıxa bilmirik. Ona görə də klubun imkanları daxilində addım atmağa çalışırıq. Bəzi layiqli namizədlər var, ancaq danışıqlarda yekun nəticə əldə olunmayıb. Klubun idman direktoru Səbuhi Səfiyarlı bu işlərlə məşğul olur.
- Transferlər necə həyata keçirilir? Bu mövzuda sistem necə qurulub?
- İdman direktoru futbolçuların ad-soyadını göndərir, mən və köməkçim Georgi Çixradze gözdən keçiririk. Futbolçu keyfiyyətlərindən razı qaldığımız olanda, bu barədə Səbuhiyə deyirik. O da klubun imkanları daxilində danışıq aparır.
- Futbolçuların sayı, yaxud maliyyə ilə bağlı məhdudiyyət var yəqin.
- Məlum məsələdir ki, biz nə “Qarabağ”ıq, nə “Neftçi”, nə də “Sabah”. “Qəbələ”nin özünə uyğun büdcəsi var və işimizi ona uyğun qurmağa çalışırıq.
- “Qəbələ”nin büdcəsi dövlətdən ayrılan məlum məbləğə bərabərdir, yoxsa sponsor(lar)dan əlavə dəstək olacaq?
- “Qəbələ”nin sponsoru həmişə olub, bu gün də var. Olmasaydı, klub bu günə gəlib çıxmazdı. Düzdür, məbləğ illər öncəki qədər yüksək deyil. O vaxt büdcə fərqli olduğu kimi, hədəflər də yüksək idi. Çox vacib məqamı xatırladım sizə.
- Buyurun, buyurun.
- Burada akademiyanın və futbol meydanlarının saxlanılmasına kifayət qədər ciddi məbləğ xərclənir. Ümumiyyətlə, akademiya anlayışı böyük büdcə, böyük yatırım deməkdir. Nəqliyyat, məskunlaşma, qidalanma – bunlar ciddi xərc aparan nüanslardır. Konkret məbləğ adı çəkə bilməsəm də, akademiyanın saxlanmasına böyük pulların xərcləndiyinə əminəm. Bu, dünyanın hər yerində belədir. Vəziyyəti bildiyimizə görə, bəzi məqamlarda ehtiyatlı və səliqəli olmağa çalışırıq.
- Büdcənin limitli olması sizi narahat etmir ki? Ötən mövsüm Premyer Liqada mübarizə aparan “Şamaxı”yla “Kəpəz”in vəziyyətini görürdünüz.
- Bu mövzuda danışmaq üçün çox-çox tezdir. İlk növbədə komandanı komplektləşdirməliyik. Daha sonra təlim-məşq toplanışını istədiyimiz kimi keçməliyik. Transfer və hazırlıq işlərini tam başa vurandan sonra növbəti mövsümdə bağlı danışa bilərik. Hər şey nə dərəcədə möhkəmlənəcəyimizdən asılıdır. Düzdür, komandanın özəyi var. Lakin hər bir halda güclənməyə məhkumuq.
- Gələn mövsümlə bağlı təsəvvürünüz necədir? 12 komandalı çempionat maraqlı mübarizə vəd edir?
- İnanılmaz dərəcədə çətin olacaq. Həddən artıq çətin. Legioner limitinin aradan qaldırılması ilə əcnəbi futbolçuların sayı artacaq. Bu isə rəqabətin güclənməsinə şərait yaradacaq. Artıq indidən bizi nələrin gözlədiyini təsəvvür edə bilirəm. Ona görə də son dərəcədə diqqətli olmalı və yaxşı hazırlaşmalıyıq.
- Neçə legioner gözlənilir?
- Hazırda bizimlə birlikdə olan iki legioneri nəzərə alsaq, kollektivdə ümumilikdə 10-11 əcnəbinin olması nəzərdə tutulub. Bu, məcburiyyət, yaxud öhdəlik deyil. Sadəcə bu gün üçün nəzərdə tutmuşuq. Sonra necə olacağını zaman göstərəcək.
- Abdullahi Şuaybu ilə Domi Massumo növbəti mövsümdə sərəncamınızda olacaq?
- Bizdən ayrılanların adı barədə ictimaiyyətə məlumat verilib. Digər futbolçular “Qəbələ”dədir.
- Yenilərin arasında gürcü futbolçu(lar) olacaq?
- (davamı olacaq)
HƏBİB / SPORTİNFO.AZ