
"Sumqayıt"dan ayrılan Rövlan Muradov Sportinfo.az-a müsahibə verib.
- İki mövsüm davam edən "Sumqayıt" karyeran necə keçdi?
- Ötən mövsümü xüsusi qeyd edərdim. Samir Abasovun istəyi ilə kluba gəlmişdim. Çox uğurlu sezon keçirdim. Yekunda avrokuboklara vəsiqə qazandıq. Amma ikinci mövsüm tam fərqli oldu. Düşünürəm ki, "Sumqayıt"la bağlı xoş xatirələrim çox oldu.
- Səncə, ötənilki uğurun davamını bu mövsüm gətirməyə nə mane oldu?
- Bəzi səbəblər oldu. Məşqçi dəyişikliyini deyə bilərəm. Çünki hər baş məşqçinin özünə xas bir oyun üslubu var.
- Bu mövsüm alışdığımız Rövlanı da görə bilmədik. Səninlə bağlı problem nədə idi?
- Mənimlə bağlı heç bir problem yox idi. Canla-başla məşqlərimi etdim və oyunlarda öz üzərimə düşən missiyanı layiqincə yerinə yetirdim. Bir müddət əvəzetmədən belə oyuna daxil olmadım. Buna rəğmən şans aldığım "Qarabağ" və "Kəpəz"lə son oyunlarda əlimdən gələni etdim. Məncə, şans almadığım oyunlarda artıqlaması ilə kluba xeyir verə bilərdim.
- Baş məşqçi Vaqif Cavadov səninlə bağlı verilən suallara cavabında hər dəfə bunu rəqabətə bağlayırdı. Başqa səbəblər də vardı?
- Komandanın ən məhsuldar oyunçusu mən olmuşam. Vaqif müəllim mənim potensialımın nə yerdə olduğunu çox gözəl bilirdi. Amma yenə ehtiyatda qalırdım. Buna baxmayaraq məşqçinin qərarına hörmətlə yanaşdım.
- Özünə qarşı haqsızlıq edildiyini düşünürdün, yoxsa "məşqçi qərarıdır" deyib üzərindən keçirdin?
- Hər ikisini düşünürdüm.
- Ayrılmaq qərarın da qarşılaşdığın münasibətə görədi?
- Bəli.
- "Sumqayıt"la bağlı ən yadda qalan xatirən nə olacaq?
- Ötən mövsüm Konfrans Liqasında çıxış etməyimiz.
- Bəs ən pis hadisə?
- Zədə aldığım anı deyərdim...
- Legioner limitinin ləğv edilməsi yeni klub tapmağına çətinlik yaratmasından qorxmursan?
- Xeyir. Məni tanıyan hər kəs bilir ki, arzum, istəyim legioner həyatı yaşamaqdır. Allah hara nəsib edəcəksə, orada da davam edəcəm.
XANOĞLAN İMANOV