
Konfrans Liqasında mübarizəyə hazırlaşan “Araz-Naxçıvan” hazırlıqlarını davam etdirir.
“Huner”in Futbol Mərkəzində baş tutan məşqi izləməklə komandadakı ab-havadan xəbər tutmaq, yeni transferlərin hazırkı durumunu görmək və təbii ki, baş məşqçi Elmar Baxşıyevdən müsahibə götürmək üçün Kürdəxanıya yollanmağım öz bəhrəsini verdi.
Baxşıyev gərgin, bir o qədər də şən keçən məşqin sonunda sualları cavablandırdı.
- İstirahətdən sonra futbolçuların fiziki nə yerdədir?
- Desəm ki, optimal formadayıq, yalan olar. Hər ötən gün vəziyyət yaxşıya doğru dəyişməkdədir. Əsas ümidimiz Ərzurum toplanışınadır. Daha yaxşı olacağımıza inanıram.
- Komandaya yeni qoşulan futbolçuların “Aris”la matçlara qədər uyğunlaşması mümkün görünür?
- Oyunlara təxminən bir ay vaxtımız var. Bu müddətdə təlim-məşq toplanışlarında və yoldaşlıq görüşlərində iştirak etməklə uyğunlaşacaqlarını düşünürəm. Məşqlərdə daha çox bunun üçün çalışırıq.
- Patrik Andradeni “Neftçi”də gözləyirdilər, “Araz-Naxçıvan”a gəldi. Ürəyinizcədir?
- Andrade çox bəyəndiyim futbolçudur. Bu gün bizimlə olması məni sevindirir.
- İqor Ribeyronun “Neftçi”ylə müqavilə bağlayacağını nəzərə alsaq, yeni mərkəz müdafiəçisi axtarışında olduğunuzu anlayırıq. Başqa hansı mövqenin və ya mövqelərin güclənməsini istəyirsiz?
- İqor bu gün bizimlədir və qarşıdakı oyunlarda komandaya kömək edəcək. Sonranı düşünmürük. Gedəcəyi halda təbii ki, boşluğu dolduracağıq. Bu gün üçün heyəti komplektləşdirmişik. Növbəti həftələrdə bəyəndiyimiz futbolçu olsa, bu məsələyə qayıtmaq olar.
- “Aris”i öyrənməyə başlamısız?
- Müəyyən məlumatlara sahibik. Lakin analizlərə başlamamışıq.
- Püşkdən sonra rəqibin adına görə hansısa dəyişikliklər etdiz?
- Təlim-məşq toplanışını əsasən özümüzə uyğun qurmuşuq. Komanda olaraq yüksək gərginliyə alışmalıyıq ki, sonra rəqibi düşünə bilək.
- İlk oyunun Bakıda keçirilməsini xeyrinizə saymaq olar?
- Ev-səfər qolu önəm daşıyanda, bu amilin rolu var idi. Lakin müasir futboldu səfər qolunun önəmi qalmadığından, bunun vacib olduğunu düşünmürəm.
HƏBİB / SPORTİNFO.AZ