“Qarabağ”dan ayrılan legioner “Sportinfo”ya nələri etiraf etdi?

19 İyun 20:40 Müsahibə 547
“Qarabağ”dan ayrılan legioner “Sportinfo”ya nələri etiraf etdi?

Ötən mövsümü çempion adıyla başa vuran “Qarabağ”da ayrılıqlar yaşandı.

Klubla müqaviləsi başa çatan Marko Veçoviç, Patrik Andrade və Yassin Benzia ilə yeni sözləşmə imzalanmadı, İsmayıl İbrahimli ilə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verildi.

Komandanı tərk edənlərdən biri – Andrade Sportinfo.az-a mesahibə verib.

Kabo-Verdedən olan yarımmüdafiəçi sualların bəzilərindən yayınmağa çalışsa da, maraqlı etiraflarla yadda qalıb.

- “Qarabağ”dan ayrılmağınla bağlı nə deyə bilərsən?

- Futbol belədir, hər şeyə hazır olmalısan. Klubla müqaviləm var idi və həmin müddətə qədər orda idim. Müqaviləm başa çatandan sonra ayrıldım. Burda qeyri-adi heç nə yoxdur. Hər bir oyunçunun üzləşə biləcəyi haldır.

- Ayrılığın yaşanacağını əvvəldən hiss edirdin?

- Xeyr, bunu hiss etməmişdim. Son günə qədər üzərimə düşən işi görürdüm.

- Maliyyə şərtlərində ortaq dil tapa bilməməyiniz səbəb ola bilər?

- Xeyr, qətiyyən. Bu barədə ümumiyyətlə söhbətimiz olmamışdı. Kluba və baş məşqçiyə məxsus qərar idi və mən buna hörmətlə yanaşıram.

- Veşoviç, Benzia və sən – hər üçünüzün yaşı 30-u haqlayıb. Görünür, Qurban Qurbanov komandanı gəncləşdirmək barədə düşünür.

- Bu barədə heç düşünməmişəm. Futbolçu öz keyfiyyəti ilə komandaya fayda verə bilirsə, yaş amili arxa plana keçir. Yaşımız 30-u keçib deyə “Qarabağ”dan ayrıldıq – bu fikri yaxına buraxmıram və səbəb kimi görmürəm.

- Komandada qalsaydın, “Qarabağ”a daha çox fayda verə biləcəyini düşünürdün?

- Gələcəklə bağlı hər şey Allahın əlindədir. Heç kim deyə bilməz ki, filan şeyi belə edərəm. “Qarabağ”da olduğum müddətdə hər zaman bacardığımın maksimumunu etmişəm. Kimsə deyə bilməz ki, Patrik səhlənkarlıq edib, yaxud intizamsızlıqla yadda qalıb.

- Qurban Qurbanovla sonuncu söhbətinizi xatırlayırsan?

- Bəli.

- Nə dedi sənə?

- Qurban Qurbanov şəxsiyyətinə pərəstiş etdiyim və xətrini çox istədiyim insandır. “Qarabağ”da olduğum müddətdə istər futbolçu, istərsə də insan kimi ondan çox şey öyrənmişəm. Axırıncı dəfə danışanda dedi ki, etdiklərin üçün çox sağ ol, hər şeyə görə sənə təşəkkür edirəm. Aramızda maraqlı söhbət oldu.

- “Qarabağ” sənə nə verdi? Ümumiyyətlə, bu klub futbolçu karyeranda hansı yeri tutur?

- Bir-bir sadalaya bilmərəm. Bir onu bilərəm ki, həcmini deyə bilməyəcəyim qədər çox şey verdi. “Qarabağ”da insan kimi böyüdüm, futbolçu kimi böyük təcrübə qazandım. Nə vaxtsa “Qarabağ”ın bir parçası olduğum üçün xoşbəxtəm. Bundan sonra harada olmağıma baxmayaraq, “Qarabağ”ı izləməkdə və azarkeşlik etməkdə davam edəcəm.

- Karyeranı Azərbaycanda davam etdirmək şansı nə dərəcədə real görünür?

- Müəyyən təkliflər almışam. Hələ ki, götür-qoy edirəm.

HƏBİB

Digər Xəbərlər
Xəbər Lenti
19 İyun 18:10 Çək və bizə göndər!