“Qarabağ” və “Zirə”: Çatışmazlıqlar və problemlər üzə çıxdı - FOTOLAR

16:40 Qarabağ 247
“Qarabağ” və “Zirə”: Çatışmazlıqlar və problemlər üzə çıxdı - FOTOLAR

Avrokuboklara hazırlaşan “Qarabağ”la “Zirə” toplanış dövründə ilk oyunu keçirdilər.

Təxminən iki həftədir məşqlərə start verən komandaların öz aralarında baş tutan oyunu “Azərsun Arena”nın əsas meydanında keçirildi.

Həm Qurban Qurbanov, həm də Rəşad Sadıqov ilk dıəqiqələrdən optimal heyətə şans vermişdi ki, bu da anlaşılan idi.

"Qarabağ": Mateuş Koxalski, Toral Bayramov, Kevin Medina, Mateus Silva, Dani Bolt, Pedro Bikalyo, Marko Yankoviç, Kadi Borges, Abdullah Zubir, Leandro Andrade, Nəriman Axundzadə.

"Zirə": Tyaqo Silva, İsa Cibrilya, Ruan Renato, Anje Mutsinzi, Qismət Alıyev, Ayron Qomis, İsmayıl İbrahimli, Brahim Konate, Junior Martins, George Papunaşvili, Davit Volkov.

İkinci hissədəki heyətlər:

"Qarabağ": Şahruddin Məhəmmədəliyev, Elvin Cəfərquliyev, Bəhlul Mustafazadə, Bədavi Hüseynov, Abbas Hüseynov, Hikmət Cəbrayılzadə, Redon Cica, Emanuel Addai, Rüstəm Əhmədzadə, Aleksey Kaşuk, Musa Qurbanlı.

"Zirə": Aydın Bayramov, Abdulaziz Batobiye Elçin Əlicanov, Stefan Aka, Hacıağa Hacılı, Gima, Ramiz Muradov, Yelmar Aşurov, Ceyhun Nuriyev, Fuad Bayramov, Salifu Suma.

Qollar K.Borges, 10. E.Addai, 50. A.Kaşuk, 58. M.Qurbanlı, 64.

Protokoldan da göründüyü kimi, “Qarabağ” ilk hissədə yalnız bir dəfə rəqib qapısının torunu silkələməyə imkan tapdı. Kadinin cərimə zərbəsindən göndərdiyi top “Zirə”lilərdən birinə toxunub tora qovuşdu.

İlk yarıda zirəlilər inamlı müdafiə olunur, ara-sıra təhlükəli hücumlar qurmağa nail olurdu. Elə buna görə də “köhlən atlar” hesab arasındakı fərqi artıra bilmirdi.

Fasilədə heyətlərin dəyişməsi, xüsusən də “Qarabağ”lıların ikinci hissəyə daha sürətli və istəkli başlaması “qol yağışına” səbəb oldu. 20 dəqiqə ərzində “Zirə”ni 3 dəfə mərkəzə dəvət edən çempion yekunda 4:0 hesabı ilə qələbə qazandı.

Toplanışın gedişində hər iki kollektiv üçün ilk oyun idi deyə, taktiki gedişlər, yaxud fiziki hazırlıq barədə uzun-uzadı danışmaq artıqdır.

Bir şey dəqiqdir ki, “Qarabağ”ın təcrübəsi və ayrı-ayrı futbolçuların hazırlıq durumu rəqibdəki vəziyyətlə müqayisədə daha üstündür.

“Qarabağ”la bağlı maraqlı məqam Bəhlulun start heyətindən kənarda qalması, əvəzində müdafiənin mərkəzində Kevin-Mateus cütlüyünün yer almasaydı. Görünür, Qurban Qurbanov avrokuboklarda legioner ikilinin xidmətindən yararlanmaq barədə düşünür.

Ağdamlıların hücum xəttinin sivri ucunda Nərimana bel bağlaması da düşündürücü məqamdır. “Zirə”nin müdafiəçilərinin arasında itib-batan milli üzvünün Avropa meydanlarında komandasına ciddi fayda verəcəyi inandırıcı görünmür. Lakin fakt faktlığını dəyişmir – “Qarabağ” hücumda Nərimanla Musanın ümidinə qalıb.

Yəqin ki, azarkeşləri maraqlandıran əsas suallardan biri ağdamlıların yeni futbolçularının ilk oyunda necə görünməsiydi.

Bolt kifayət qədər sürətli və əzmkar təsir bağışladı. Sağ cinahda irəli-geri var-gəl etməklə faydalılıq əmsalını göstərməyə çalışsa da, ümumi ansambldan geri qalması hər fürsətdə özünü göstərirdi.

Mübarizələr zamanı uduzmağı sevmir, yeri gələndə kobudluğa əl atır. Hücumlara lazımınca qoşulmaq, qapı qarşısına yer və hava ötürmələri etmək baxımından çətinlik çəkdiyi görünürdü.

Bikalyo isə o qədər də nəzərə çarpmadı. Orta sahənin mərkəzində, Yankoviçlə yanaşı oynayan braziliyalının hazır olmadığını deyə bilərik. Topla rəftarı pis deyil, lakin bu gün nə Julio Romao qədər fiziki hazırlıqlıdır, nə də Patrik Andrade qədər texnikalı.

Əvvəlki komandalarındakı inamlı çıxışını nəzərə alsaq, bir müddətdən sonra “Qarabağ”a fayda verəcəyinə bel bağlamaq olar.

“Zirə”də diqqətləri çəkən məqamlardan başlıcası Tyaqo Slvanın ilk dəqiqələrdən meydanda olmasıydı. Ötən mövsümü limitə görə boşa verən portəgiz qapıçı saytımıza açıqlamasında komandadakı durumundan narazılığını ifadə etmiş, yeni mövsümlə bağlı baş məşqçi ilə danışacağını demişdi.

Görünür, Rəşad Sadıqov Tyaqoda mütəmadi şans qazanacağına dair inam yaratmağı bacarıb.

Yeni transferlərdən Yeqor Boqomolski 90 dəqiqə ərzində şans qazanmadı. Əvəzində, “Şamaxı”dan tanıdığımız Brahim Konate ilk hissədə mübarizə apardı. Yarımmüdafiənin mərkəzində yer alan “93 nömrə” yeni olduğunu qətiyyən hiss etdirmədi.

Sanki uzun illərdir “Zirə”dəymiş təsiri bağışladı. Soyuqqanlılığı və topla rahat davranması, lazım gələndə kobudluğa əl ataraq rəqib hücumlarının qarşısını kəsməsi “qartallar”ın işinə yarayırdı.

Salifu Suma ilə Rafel Utziqin yol üstə olması fonunda yarımmüdafiənin cinahlarında Martinslə Papunaşvili yer almışdı. Martinsi “sol”da görməyə alışmışıq, bir növ həmin mövqeyə öyrəncəlidir..

Gürcü isə sürətinin zəifliyini texniki bacarıqları hesabınma ört-basdır etməyə çalışırdı ki, bir dəfə alınanda, iki dəfə alınmırdı. Papunaşvili cinahda nə Sumadır, nə də Utziq.

HƏBİB / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti