“Transfer haqqı 1,5 milyon avrodur” – “Sportinfo”dan gizli saxlamadı

11 İyun 21:20 Müsahibə 1 273
“Transfer haqqı 1,5 milyon avrodur” – “Sportinfo”dan gizli saxlamadı

“Qəbələ”nin baş məşqçisi təhlükə mesajını verdi: “Ondan kənara çıxa bilmirik”

Bir illik fasilədən sonra Premyer Liqayad qayıdan “Qəbələ” ilə bağlı sualların sayı kifayət qədər çoxdur.

Komanda yay hazırlığını harada keçəcək? Baş məşqçinin sərəncamına neçə legioner veriləcək? Bölgə təmsilçisi dövlətdən ayrılan 2,5 milyon manatla “dolanacaq”? Komandanın qarşısına hansı hədəf qoyulacaq?

Bu və digər sualların cavabını gürcüstanlı çalışdırıcı Kaxaber Tsxadadze ilə söhbətdə tapmağa çalışdıq.

(əvvəli ötən yazıda -https://www.sportinfo.az/idman_xeberleri/musahibe/222916.html )

- Yenilərin arasında gürcü futbolçu(lar) olacaq?

- İnandırıcı deyil.

- Niyə? Axı vaxtilə “İnter”i çalışdıranda, komandanın az qala yarısı sizə tanış gürcü futbolçular idi.

- Onların böyük əksəriyyəti Gürcüstan millisinin üzvləri idi.

- İndi elələrini gətirmək mümkün deyil, hə?

- Onların qiyməti çox bahadır. Bu dəqiqə Gürcüstan yığmasında oynayan futbolçuların təkcə transfer haqqı azı 1,5 milyon avrodur. Mən sizə Gürücstan çempionatında oynayanları deyiləm. Avropadakıların qiyməti qat-qat bahadır. Gənc futbolçuların hamısının klubları ilə müqaviləsi var deyə, onları gətirmək heç də asan deyil. Başqa bir məsələ də var.

- Hansı məsələ?

- Mənim üçün futbolçunun milliyəti heç vaxt önəm daşımayıb. Gürcü olsun, nigeriyalı, yaxud azərbaycanlı – fərq etmir. Önəmli olan futbolçunun komandaya fayda verməsidir. “İnter”dəki dönəm yadınızdadır? Öz təşəbbüsümlə cəlb olunan legionerlərin hər biri komandaya fayda verirdi, titullar qazanılırdı – Lomaya, Navalovski, Odikadze, Mjavanadze,`İaşvili, Salukvadze, Amisulaşvili, Xizanişvili, Kandelaki. Bu futbolçularla çempion olduq, “Birlik kuboku”nu qazandıq və hər il çempionatı ilk “3-lük”də başa vururduq. Çox istərdim ki, sərəncamımda bu cür oyunçular olsun.-

- Georgi Loriya milli karyerasını başa vurduğunu açıqlayıb və bildiyimə görə, azad agent statusunu daşıyır. Onunla danışmısız?

- Xeyr, heç bir danışığımız olmayıb. Bunu tam səmimiyyətimlə deyirəm. Loriyanın 39 yaşı olmasına baxmayaraq, çox yaxşı formadadır, özünə baxır, öz üzərində işləyir. Gürücstan millisində böyük xidmətləri olub. Sadəcə “Qəbələ”nin məqsədi əsasən gənc futbolçulara şans verməkdir. Bu səbəbdən Loriya mövzusu bizim üçün bağlıdır.

- Bir sual da verim, yekunlaşdıraq. Növbəti mövsümdə “Qəbələ”nin avrokuboklara vəsiqə uğrunda mübarizə aparması nə dərəcədə real görünür?

- Bayaq dediyim kimi, bu dəfəki çempionat çox-çox ağır olacaq. Ötən Premyer Liqa mövsümündəki vəziyyəti gördük. Bu dəfə daha ağır olacaq. “Qarabağ”, “Zirə”, “Araz-Naxçıvan”, “Turan Tovuz”, “Sabah”, yəqin ki, “Neftçi” də başqa cür qayıdacaq. O ki qaldı “Qəbələ”yə, yenə deyirəm, indidən gələcək haqda danışmaq çətindir. Hər şey aparacağımız seleksiyadan və keçəcəyimiz hazırlıqdan asılı olacaq. Görək büdcə nə qədər olacaq, transferlərə hansı məbləğdə vəsait ayrılacaq.

- Növbəti mövsüm üçün nə qədər büdcə olacağını bilmirsiz?

- Bu, rəhbərliyə aid məsələdir. Klubun büdcəsi necə olacaqsa, seleksiyası da o cür olacaq. Seleksiya necə olacaqsa, nəticələr də ona uyğun olacaq. I Liqada çempion adını qazanan komandamız var. Hansı ki, çox yaxşı mövsüm keçirərək qalib adını qazandı. Ancaq Premyer Liqa başqa səviyyədir. Orda uğur qazanmaq üçün müəyyən addımların atılmasına ehtiyac var. Hazırda bu yöndə çalışırıq. Bundan artıq heç nə deyə bilmərəm.

HƏBİB / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
12 İyun 18:10 Çək və bizə göndər!