Üç azərbaycanlı Serbiya klubunun düşərgəsində - FOTOLAR

27 İyun 20:40 Müsahibə 334
Üç azərbaycanlı Serbiya klubunun düşərgəsində - FOTOLAR

Gəncədə fəaliyyət göstərən “Azəri”nin U-12 komandasının üç futbolçusu və baş məşqçi Orxan Verdiyev Serbiyadan qayıdıb.

10 gün müddətində sözügedən ölkənin Novi Pazar şəhərinin eyniadlı klubunun bazasında olan qonaqlar komandanın məşqlərində iştirak edib, Serbiya klubunun rəsmiləri ilə dostluq münasibəti qurulub.

Səfərdən qayıdan baş məşqçi Sportinfo.az-a verdiyi müsahibədə Novi Pazarda gördükləri ilə bağlı danışıb, gələcək planları açıqlayıb.

- Serbiyaya səfərinizdə məqsəd və planlar nədən ibarət idi?

- Özünüz də bilirsiniz ki, Gəncədə hər zaman istedadlı futbolçular yetişib. Bu gün də yeniyetmələrin arasında yüksək potensiala sahib olanlar var. Futbolçuların düzgün xətt üzrə yetişməsi üçün Avropa təcrübəsini canlı görməsi, beynəlxalq turnirlərdə iştirak etməsi mütləqdir. Birinci səfərimiz həm tanışlıq, həm də işgüzar xarakter daşıyırdı. Ona görə də ilk mərhələdə səfərə “Azəri” klubunun U-12 komandasının üç futbolçunu aparmağı qərara gəldik. 10 gün müddətində “Novi Pazar” akademiyasının komandalarının məşq proseslərini izləyib, inkişaf planı ilə yerində tanış olduq.

- Niyə məhz “Novi Pazar”?

- Serbiyanın köklü klublarından hesab olunur. Başa çatan mövsümün yekunlarına əsasən əsas komanda Konfrans Liqasına vəsiqə qazanıb. Müəyyən əlaqələrimiz var idi və bu fürsətdən yararlanmağa çalışdıq. Həm uşaqların ölkə xaricinə çıxması, həm də məşqçi olaraq özüm üçün yeni nələrsə görmək baxımından bu səfərin əhəmiyyəti böyük idi. Burdan gedəndə özümüzlə Azərbaycanın və Gəncənin adı ilə bağlı müəyyən hədiyyələr aparmışdıq. Onlar da sağ olsunlar, bizi hər saat diqqətdə saxlayırdılar. Hətta Raulun doğum günündə onun şərəfini tort kəsildi, serbiyalı həmyaşıdlarının hərəsi öz evindən bir həddiyə gətirmişdi. Futbolla yanaşı, arada dostluq münasibətlərinin yaranması və uşaqların yadında qalması da xoş haldır.

- Uşaqlara nə kimi şərait yaradılmışdı?

- Müvafiq yaş qruplarından ibarət komandaların heyətində məşq etməklə yoldaşlıq görüşlərində iştirak etdilər. Öz uşaqlarımızı serbiyalı yeniyetmələrin arasında görmək mənim üçün çox maraqlı idi. Hər zaman düşünürdüm ki, görəsən, eyni yaşlı uşaqların inkişafı arasında fərq nədir? Niyə onlar irəli gedə bilir, biz isə yox?

- Nə imiş fərq?

- Akademiyanın demək olar bütün yaş qruplarından ibarət komandaların məşqlərinə baxdım. Ciddi mənada heç bir fərq yoxdur. Ən sadə məşqlər keçilir. Bizdə problem bilirsiz nədədir? Sürətdə və düşünmə tezliyində. Avropalılar bizi məhz bu iki cəhətdə üstələyir. 12-13 yaşa qədərki inkişaf mərhələsində heç bir fərqimiz olmur. Yaş artdıqca dediyim iki cəhətdə geri qalırıq.

- Həmin üç nəfər kim idi?

- Raul Ələkbərli, Əlixan Nağıyev və Hüseyn İsmayılzadə. Hamısı 2013-cü ildə anadan olub.

- Səfərin maliyyə xərclərini kim qarşılayırdı?

- Valideynlərin özləri də övladlarını Avropanın hansısa futbol akademiyasında görmək istəyirdi. Ona görə də xərcləri qarşılamaqla bağlı əvvəldən məlumatlı idilər. Xərclər valideynlər tərəfindən qarşılandı.

- Qarşıdakı dönəmdə növbəti səfərlər gözlənilir?

- Mütləq və mütləq olacaq. Avqust ayında Bosniya və Herseqovinaya səfərimiz olacaq. Artıq indidənbu yöndə hazırlıqlara başlamışıq. “Novi Pazar” rəsmiləri ilə əlaqələrimiz yüksək səviyyədədir. Avqust-sentyabr dövründə Gəncədə turnir təşkil etməyi düşünürük. “Qarabağ”, “Qəbələ”, “Turan Tovuz” kimi yerli klublarla yanaşı, “Novi Pazar”ın növbəti mövsüm üçün U-13 adlanacaq komandasını dəvət edəcəyik. Artıq bu barədə özlərinə də məlumat vermişik. Əlaqələrin qurulması və dostluq bağlarınıın möhkəmlənməsi üçün bu cür turnirlərə ehtiyac var.

- Bu dəfə apardığınız uşaqların Serbiyada qalıb, karyeralarını “Novi Pazar” akademiyasında davam etdirmələri nə dərəcədə mümkündür?

- İlk növbədə onu deyim ki, hər üçünün çıxışından tam razı qaldılar. Sadəcə, yaş məsələsi müəyyən problemlər yaradır. Serbiyada məskunlaşmaları üçün 14 yaşları tamam olandan sonra ətraflı müzakirələrimiz olacaq. “Novi Pazar”ın Konfrans Liqasına vəsiqə qazanması şəhərdə canlanma yaradıb. Rəhbərlik də bunu nəzərə alaraq yaxın aylarda akademiya şəraitinin yaxşılaşdırılması ilə bağlı ciddi işlər görməyi planlaşdırır.

HƏBİB

Digər Xəbərlər
Xəbər Lenti
27 İyun 18:10 Çək və bizə göndər!