
"Finalda rusiyalı rəqibimə qalib gəlib Avropa çempionu oldum".
Sportinfo.az xəbər verir ki, bunu İtaliyada keçirilən yunan-Roma güləşi üzrə U-15 Avropa çempionatının qalibi Ömər Salmanov jurnalistlərə açıqlamasında deyib.
O, qeyd edib ki, çempionat gərgin keçib:
“Yarış çox gərgin idi, amma biz çempionata yaxşı hazırlaşmışdıq. Üç təlim-məşq toplantısı keçdik. Şükür Allaha ki, çempion oldum”.
Ö.Salmanov qələbəsini məşqçilərinə və atasına həsr edib:
“İlk rəqibim türkiyəli idmançı idi, 8:0 qalib gəlib 1/4 finala yüksəldim. Sonra latviyalı rəqibimi üstələyərək yarımfinala yüksəldim.
Yarımfinalda isə Belarus təmsilçisini 10:1 hesabı ilə məğlub edərək finala çıxdım. Finaldakı rəqibim rusiyalı güləşçi idi. Ona da 7:5 qalib gəlib Avropa çempionu oldum".
1 qızıl, 2 gümüş və 3 bürünc medal qazanan yunan-Roma güləşi üzrə Azərbaycan yığması 131 xalla birinci yeri tutub.
Ermənistan (125 xal) ikinci, Gürcüstan (99 xal) isə üçüncü olub. Millinin heyətində Ömər Salmanov (44 kq) bütün rəqiblərinə qalib gələrək Avropa çempionu olub.
Hüseyn Əmrahlı (38 kq) və Ruslan Nuriyev (75 kq) gümüş medala sahib çıxıblar. Xudayar Kərimli (38 kq), Hüseyn Mustafazadə (52 kq) və Nadir Həsənov (62 kq) isə bürünc medalı boynundan asıb.
Komanda 3-cü dəfə Avropa çempionu olub. Yunan-Roma güləşi millisi 2022 və 2024-cü illərdə də eyni uğura imza atıb.