“Neftçi” sizi niyə uda bilmir” sualına, görün, hansı cavabı verdi!

28 May 16:40 Müsahibə 576
“Neftçi” sizi niyə uda bilmir” sualına, görün, hansı cavabı verdi!

“Sabah”la “Neftçi” arasında cari mövsümdə altıncı dəfə baş tutan oyunda yenə “tələbələr” üstün oldu – 1:0.

Xüsusən ikinci hissədə azlıqda qalandan sonra təzyiqi artıraraq istəyinə çatan “tələbələr”in inamlı çıxışında meydana sonradan çıxanların rolu az olmadı.

Pavol Şafranko isə həmişəki kimi, inamlı oyunu ilə diqqət çəkərək Edvin Kuçun qırmızı vərəqə almasında səbəbkar rolunu oynadı.

Slovakiyakı hücumçu matç başa çatandan sonra Sportinfo.az-a verdiyi müsahibədə sualları cavablandırıb.

- “Neftçi” “Sabah”ı niyə uda bilmir?

- Bu suala cavab vermək mənim üçün çətindir (gülür). Bəlkə də bu gün şans bizim tərəfimizdə idi. Bəlkə də biz qələbəni onlardan daha çox istəyirdik. Önəmli olan 3 xal idi, digər məsələlər vacib deyil.

- Meydanda say bərabərliyi olanda “Neftçi”nin cüzi üstünlüyü nəzərə çarpırdı. Lakin “Sabah” azlıqda qalandan sonra təzyiqi artırdı, qol vurdu, hətta 2-3 real qol şansını əldən verdi. Bunu nə ilə əlaqələndirə bilərsən?

- Fikrimcə, baş məşqçimizin əvəzetmələri uğurlu oldu. Meydana sonradan çıxanlar daha çox qaçdı, daha çox pressinq etdi. Bu da xeyrimizə işlədi. Əvəzetmələrdən sonra komandamız əlavə güc qazandı. Həm də qırmızı vərəqə alaraq üzülən komanda yoldaşımız Sofianı sevindirmək istəyirdik.

- Başa çatmaqda olan mövsümü “Sabah” üçün necə dəyərləndirirsən?

- Premyer Liqada üzləşdiyimiz vəziyyətə görə hamımız üzgünük. Heç kimin ağlına gəlməzdi ki, “Sabah” çempionatı beşinci pillədə başa vurar. Çünki məqsəd hər zaman ilk “3-lük” və avrokuboklara vəsiqə olub. Hansı məqamlarda səhvlərə yol verdiyimizi anlayırıq. Bununla yanaşı, gələcəyə ümidlə baxırıq. Hazırda yeganə çıxış yolumuz ölkə kubokunda qalib adını qazanmaqdır. Bunun üçün çalışacağıq.

- Ötən ilin iyulundan formasını geyindiyin komandada bütün yarışlarda vurduğun 12 qol və 2 məhsuldar ötürmə. Bunu öz adına qənaətbəxş hesab edirsən?

- Bu, daha yaxşı və ya daha pis ola bilərdi. Bura gəldiyim gündən meydanda canımı qoymağa hazır olmuşam. Ən yaxşısını etməyə çalışmışam. Nə dərəcədə yaxşı alınıb, yaxud pis – buna kənardan baxanlar qiymət verə bilər. Digər tərəfdən, həm “Sabah”, həm də Premyer Liqa mənim üçün yeni səhifə idi. Hər legionerə kapitanlıq sarğısı həvalə olunmur. “Sabah”da məni bu şərəfə layiq görüblərsə, deməli, inanırlar və daha artığını gözləyirlər.

HƏBİB

Digər Xəbərlər
Xəbər Lenti