
I Liqada bombardir adını Domi Massumo qazandı.
Konqolu hücumçu “Qaradağ Lökbatan”ın qapısına yol tapmaqla çempionatda 16-cı topunu vurdu ki, bu göstəricidə “Karvan”lı Emil Qasımovu geridə qoydu.
Oyundan sonra məmnun görünən Domi Sportinfo.az-ın suallarını cavablandırıb.
- Karyeranda ilk çempionluqdur deyəsən.
-Bəli-bəli.
- Necə hislərdir?
- Həqiqətən çox maraqlı və çətin çempionat oldu. Fikir verirdizsə, rəqiblər bizə qarşı ikiqat motivasiya ilə oynayırdı. Bu da istər-istəməz müəyyən çətinliklər yaradırdı. Hədəfə çatdığımız üçün xoşbəxtəm.
- Bu gün komanda yoldaşların sənin fərqlənməyin üçün çalışırdı.
- Mən də onların fərqlənməsini istəyirdim (gülür). Biz bir komandayıq, kimin qol vurması vacib deyil.
- Eturaf edək ki, mövsümün bombardiri olmaq üçün alışıb-yanırdın.
- İlk növbədə “Qəbələ”nin çempion olmasını istəyirdim. Sonrakı mərhələdə isə, bəli, bombardirlik məqsədi var idi. Yaxşı ki, sonda istədiyimə çata bildim. “Karvan”ın futbolçusu bu gün qol vurmasa, ən sərrast futbolçu adına sahib olacam.
- Azarkeşlər səni Premyer Liqada iştirak edəcək komandada görəcək?
- Klubla müqaviləm var. İstirahət edəndən sonra geri qayıdıb növbəti mövsümə hazırlaşacağıq. Premyer Liqa üst səviyyədir. Əlbəttə, orada oynamaq, qol vurmaq, ötürmə vermək xoş olar. Buna baş məşqçimiz qərar verəcək. Mən üzərimə düşəni edəcəm ki, baş məşqçinin etimadını qazanım.
HƏBİB