"Bəxtsizlik yaşadım, tez alışıb, tez də sönən istedadlardan oldum" - MÜSAHİBƏ

8 İyun 21:15 Müsahibə 522
"Bəxtsizlik yaşadım, tez alışıb, tez də sönən istedadlardan oldum" - MÜSAHİBƏ

Elxan Cəbrayılov – Onu Azərbaycan futbol ictimaiyyəti "Dunqa" kimi tanıyır.

"Neftçi"nin yetirməsi birvaxtlar ölkənin ən istedadlı gənclərindən hesab olunurdu.

"Ağ qaralar"la bərabər "Turan Tovuz" və "Karvan"la Premyer Liqada meydana çıxıb.

Bütün aşağı yaş qrup millilərimizdə forma geyinib.

Hətta rəhmətlik Karlos Alberto Torresin dönəmində Azərbaycan millisinin heyətinə də cəlb edilib.

Amma bir çox istedadlı gənclərimiz kimi onun da peşəkar karyerası uzun sürmədi.

Tez parlayıb, tez də sönən 37 yaşlı Elxan bu gün "Sabah" Futbol Akademiyasında məşqçi kimi çalışır.

Özü kimi istedadları kəşf etmək, inkişaf etdirmək üçün.

Gənc məşqçinin yer aldığı U-12 komandası bir neçə gün əvvəl Türkiyədə keçirilən "Rize Cup" turnirindən qayıdıb.

Elə söhbətimizə də həmin turnirlə başladıq.

- Bu turnirdə iki dəfə çempion olmuşuq. Çox yaxşı komandalar iştirak edir. Bu dəfə bizi favorit kimi görürdülər. Hətta rəqabət üçün "Fənərbaxça"nın da eyni yaş qrupu yarışa dəvət olunmuşdu. Türkiyə təmsilçisi çox güclü idi. Uşaqlar üçün əsas nəticə deyil. Məncə, yaxşı təcrübə qazandıqlarını deyə bilərəm.

- Futbol karyeranı bitirdikdən sonra uzun müddət səs-sorağın eşidilmədi. Nə işlə məşğul olurdun?

- Özümü başqa sahələrdə sınadım. Amma gördüm ki, futbolsuz qala bilmirəm. İdmanın bu növünə həyatımızı vermişik. 37 yaşım var və bunun 20 ili futbolla bağlıdır. Düşündüm ki, aid olduğum yerə qayıtmalıyam.

- Bu qərarı nə vaxt verdin?

- Ötən yaydan "Sabah"dayam. "Sabah" rəhbərliyinə təşəkkür edirəm. Mənə akademiyanın qapılarını açdılar. Hazırda köməkçi məşqçiyəm. Baş məşqçimiz Emin Salmanovdur. Kifayət qədər tanınmış, bacarıqlı mütəxəssisdir. Uzun müddətdir uşaq futbolunda çalışır. Böyük təcrübəsi var. Ona baxaraq faydalanmağa çalışıram. Bir çox şeyləri ondan öyrənirəm. Burada olmaqdan məmnunam.

- Öz dövrünün istedadlı gənclərindən sayılırdın, amma gözləntiləri qarşılaya bilmədin. Məşqçi kimi hədəflərin nədir?

- Düz qeyd etdin ki, sayılıb-seçilən gənc futbolçulardan biri olmuşam. Bəxtsizlik yaşadım. Bəlkə də tez alışıb, tez sönənlərdən oldum. Qismət belə imiş. İnşallah, məşqçilik karyeram daha uğurlu olar. Uşaq futbolunda işləmək xoşdur. Futbolda böyük təcrübəm var. Kənardan gələn biri deyiləm.

- Özün kimi istedadlar var?

- Azərbaycan futbolunda yetəri qədər istedadlı uşaqlar var. Bütün dövrlərdə bu olub. Sadəcə onlara inkişaf üçün şərait yaratmaq lazımdır. Uşaq futboluna, orada çalışan məşqçilərə diqqət çox olmalıdır. Məşqçilərin maaşı yüksək olmalıdır ki, bütün fikirlərini uşaqlara yönəldə bilsinlər.

- Bu baxımdan yer aldığın "Sabah" Futbol Akademiyasında vəziyyət necdir?

- "Sabah"ın akademiyası ölkədə sayılıb-seçilən akademiyalardan biridir. Hətta ən yaxşı olduğunu deyərdim. Bu mövsümün nəticələri də bunu deyir. Əsas komanda ölkə kubokunu qazandı. Əvəzedici komanda, U-19 çempion oldu. Akademiyada əksəriyyəti futbol oynamış gənc məşqçilər çalışır. Uşaqlar üçün də üstünlükdür ki, futboldan çıxmış insanlar onların məşqçiləridir. Məqsədimiz milli komandamız səviyyədə uşaqlar yetişdirməkdir. U-12 komandasında seçilənlər var. Hətta respublika çempionatında digər klublar tərəfindən də nömrəsi, adı ilə tanınanlar var. İnşallah, belə də davam edərlər.

- Türkiyədə bir neçə xarici klubla qarşılaşmaq imkanınız oldu. Maraqlıdır, bizim uşaqlar nədə gürcüdən, türkdən geri qalır?

- Məsələn, "Fənərbaxça"nın 12 yaşlı uşaqları ilə bizim eyni yaşda olan uşaqlar arasında əsas fərq yanaşamdı. Boyda, fizikada, intizamda geri qalmırıq. Onlarda əsas diqqət çəkən lazım olan anda sürətli qərar vermək bacarıqlarıdır. Böyük futbolçu kimi indidən düşünə bilirlər. Bu da təcrübədən irəli gəlir. Oyun təcrübələri çoxdur. Bir başqa problemin isə elə bizim dövrümüzdən qaldığını deyə bilərəm.

- Deyin...

- O vaxt U-17 yığması ilə gedib Gürcüstanı, Rumıniyanı udurduq. 2 il sonra U-19 komandalarımız üz-üzə gələndə görürdük ki, həmin uşaqların biri "Spartak"ın, digəri "Şaxtyor"un əsas heyətində çıxış edir. Bizim uşaqlar isə hələ də əvəzedici komandalarda çıxış edirdi. Ən yaxşı halda bir neçə nəfər Premyer Liqada çıxış edirdi. Xarici klublarda olan uşaqlar daha tez böyüyür.

XANOĞLAN İMANOV

Digər Xəbərlər
Xəbər Lenti