
Bu yay “Qarabağ“dan ayrılan futbolçuların sayı 5-ə çata bilər.
Yassin Benzia, Patrik Andrade, Marko Veşoviç və İsmayıl İbrahimli ilə vidalaşan Azərbaycan çempionu bu dəfə Aleksey Kaşuku itirmək təhlükəsi ilə üzləşib.
Buna səbəb Avropadan ukraynalı yarımmüdafiəçiyə gələn təklifdir.
Aldığı dəvətin istisinə qızınan yarımmüdafiəçi “köhlən atlar“ın funksionerlərinə müraciət edərək, ölkəmizdən getmək istədiyini bildirib.
O, daha çox şans qazanacağı yerdə oynamaq arzusunda olduğunu söyləyib. Ya müqaviləsini qarşılıqlı razılıq əsasında pozaraq, ya da icarəyə göndərilərək - niyyəti budur.
Kaşuk 2024-cü ilin sentyabrında “Şaxtyor”la (Donetsk) müqaviləsi bitdikdən sonra azad agent statusu ilə “Qarabağ“a gəlib. “Köhlən atlar“ 25 yaşlı hücumameylli yarımmüdafiəçi ilə 3 illik müqavilə imzalayıb.
Aleksey 2019-2022-ci illərdə icarə əsasında ölkəsində “Mariupol”un, 2022-2023-cü il mövsümündə isə Azərbaycanda “Sabah”ın formasını geyinib.
Ukraynanın aşağı yaş qrupu üzrə bütün yığmalarında çıxış etmiş yarımmüdafiəçi 2019-cu ildə 20 yaşadək futbolçulardan ibarət milli komandalar arasında keçirilən dünya çempionatının qalibi olub.
SPORTİNFO.AZ