
“Zirə”nin cinah hücumçusu Salifu Suma yeni komandasını müəyyənləşdirib.
Sportinfo.az Ukrayna mətbuatına istinadən xəbər verir ki, 21 yaşlı futbolçu bu ölkəyə köçməyə yaxındır.
Qvineyalı ön xətt oyunçusu son olaraq “Konyaspor”dan rəsmi təklif almışdı.
Türkiyə klubu keçid müqabilində “Zirə”yə 800 min avro, oyunçunun özünə isə həftəlik 30 min avro olmaqla 3 illik müqavilə təklif etmişdi. Lakin Suma Türkiyəyə yollanmaq istəmədiyindən, “Zirə” təklifi rədd etməli olub.
Futbolçu onunla danışıq aparan Kiyev “Dinamo”sunda oynamaq arzusundadır. Suma üçün əsas amil Çempionlar Liqasında çıxış etməkdir. Hazırda klublar arasında danışıq aparılır.
Ötən mövsüm “Zirə”nin heyətində 41 oyunda 12 qol, 7 məhsuldar ötürmə ilə yadda qalan Salifu Sumanın bakılılarla müqavilə müddəti 2027-ci ilin yayına qədərdir.