
"Neftçi-2" ardıcıl ikinci dəfə çempion olmağa yaxın olsa da son anda bu şansı əldən verdi.
"Ağ qaralar" son turun finala bərabər matçında "tələblər"lə bərabərə qalmaqla (2:2) titulu itirmiş oldu.
Düzdü, "Sabah" kimi "Neftçi"nin də ikinci komandasının xalı yekunda 69-a bərabər idi.
Amma daha çox oyunda qələbə qazanan Masazır təmsilçisi çempion adını qazandı.
Elə baş məşqçi Rəşad Abdullayevlə söhbətimizə də "Neftçi-2"nin mövsümü necə keçirməsi ilə bağlı sualla başladıq.
- Mövsümü "Neftçi" üçün qənaətbəxş hesab etmək olar. Düzdü, sonda çempion ola bilmədik. Amma çempion olan "Sabah"la xallarımız eyni oldu. Mən komandamı çempion hesab edirəm.
- "Sabah"ı qabaqlamağa nə mane oldu?
- Şəxsi görüşlərdə "Sabah"a məğlub olmadıq. İki matçda qalib gəldik, digər iki oyunda heç-heçə etdik. Sonda çempion ola bilərdik. Məncə, həm bizə, həm futbolçulara yaxşı imtahan oldu.
- Nəticə arzuolunan deyil, bəs uşaqların inkişafından razısınız?
- Oyunçuların inkişaf etdiyini deyə bilərəm. Bir neçə klubdan dəvət alanlar oldu. Əsas komandada məşqlərə, oyunlara çıxanlar oldu. Bizim üçün müsbət haldır. Hər zaman nəticə ilə bərabər uşaqların da inkişafına çalışmışıq.
- Əvəzedici Liqanın ümumi vəziyyəti sizi qane edir?
- Açığı, səviyyə yüksəlib. Bu mövsüm gərgin oyunlarımız çox oldu. Ötən mövsümlə müqayisədə rəqabət artıb. Xüsusilə bizə qarşı rəqiblər daha ciddi hazırlaşır. Mən bunu hiss etdim.
- Səbəb nə idi?
- Təbii ki, belə istək bizim adımızdan və son çempion olmağımızdan irəli gəlir. "Neftçi" olaraq hər oyunda gərginliyi hiss edirdik.
- Bu gün Azərbaycan futbolunda ən çox tənqid olunan şəxslərin hakimlər olduğunu deyə bilərik. Referilərin Əvəzedici Liqada durumu necədir?
- Düzü, bizim oyunlarda ciddi hakim səhvi olmayıb. Futbolçularıma da hər oyundan əvvəl hakimlər haqqında danışmamağı tövsiyə edirdik. Bircə narahat olduğum oyunçuların təxribata getmək ehtimalı idi. O da başımıza gəldi.
- Əvəzedici Liqanın ləğv edilməsi barədə sizə məlumat verilib?
- Biz də mətbuatdan oxuyuruq. Əvvəllər də bu Liqa ləğv edilib. Qərara uyğun öz strategiyamızı quracağıq. Hələ ki, nəsə deyilməyib. Gözləmə mövqeyindəyik.
- Əvəzedici Liqanın ləğv edilməsi ölkə futboluna nə verə bilər?
- İlk onu deyim ki, bir sıra gənc futbolçuları itirə bilərik. U-19 komandasından ikinci komandaya və burdan da əsas komandaya yüksələnlər olurdu. Bu formada işimizi davam etdiririk. Amma yaxşı tərəfi də var.
- Məsələn?
- Birinci Liqada özündən yaşça böyüklərin içində bərkiyə bilərlər.
XANOĞLAN İMANOV