Kapitan həyəcanını gizlədə bilmədi: “Çox istərdim ki, qalsınlar”

2 İyun 20:00 Müsahibə 544
Kapitan həyəcanını gizlədə bilmədi: “Çox istərdim ki, qalsınlar”

“Zirə”nin kapitanı Qismət Alıyev Sportinfo.az-a geniş müsahibə verib.

Təcrübəli müdafiəçi mövsümün yekunu ilə bağlı sualları cavablandırıb.

- Başa çatan mövsümü “Zirə” üçün necə dəyərləndirirsən?

- Qarşımıza minimum hədəf kimi ötənilki nəticəni təkrarlamağı qoymuşdu ki, onu da yerinə yetirdik. Ardıcıl iki mövsümdə çempionatı ikinci pillədə başa vurduq. Fikrimcə, nəticələri qənaətbəxş saymaq olar.

- Çempionluq mübarizəsinə girişmək çətin idi?

- Bu, tək “Zirə” yox, digər komandalar üçün də çətindir. Əslində mövsümə yaxşı başlamışdıq. Sadəcə sonradan eniş oldu deyə, müəyyən qədər geri qaldıq. Önəmli olan çempionatın ikinci yarısına inamlı başlamaq idi. “Araz-Naxçıvan” üzərində qazandığımız qələbə ilə özünəinam qayıtdı və çox uğurlu çıxış etdik. Başda azarkeşlərimiz olmaqla bu işdə əziyyəti keçən hər kəsə təşəkkür edirəm.

- Öz çıxışın barədə nə deyə bilərsən?

- Millinin Slovakiya ilə oyununa qədər hər şey yaxşı idi. Bakıya qayıdandan sonra ayağımda gözlənilməz zədə aşkarlandı. O zədənin müalicəsi 5-6 ay vaxt apardı. Düşünürəm ki, zədə alandan sonra istədiyim kimi oynaya bilmədim. Heç kimə arzulamadığım çox pis zədə idi, meydana ağrılarla çıxırdım. İndi-indi özümə gəlirəm.

- Rafael Utziq transferə çıxarılıb, Salifu Sumanın gedişi də gündəmdədir. Aparıcı futbolçuların mümkün itkisinin avrokuboklarda “Zirə”yə zərbə vuracağından ehtiyat etmirsən?

- Hər ikisi komandamız üçün vacib futbolçulardır. “Zirə”yə hər mənada uyğunlaşmışdılar, bir-birimizi tamamlayırdıq. Bilmirəm, gedəcəklər, ya yox, lakin gedəsi olsalar, həqiqətən bizim üçün ciddi itki sayılacaq. Rəhbərlik və məşqçilər heyəti onları saxlaya bilsə, “Zirə” üçün yaxşı olar. Suma ilə Rafa kimi oyunçuların gedişindən sonra onların əvəzinə layiqliləri tapmaq nə dərəcədə mümkün olacaq, bilmirəm. Çox istərdim ki, qalsınlar. Yenə də, seleksiya işlərinin klubun xeyrinə olacağına inanıram.

- Mayın 31-də sən də “Qarabağ”a azarkeşlik edəcəksən?

- Səmimi desək, Avropa Liqasına vəsiqə qazanmağı daha çox istəyirik. Bunun üçün “Qarabağ”ın qalib gəlməsi mütləqdir. Lakin mənim düşüncəm budur ki, hansı layiqdirsə, o da qalib gəlsin. Bilmək olmaz, bəlkə Avropa Liqasına “Sabah” getsə, daha yaxşı nəticələr qazana bilər. İstənilən halda bütün komandalarımıza uğurlar arzulayıram.

- Avropa Liqasından danışırıq, lakin buradakı rəqiblərin adı kifayət qədər vahiməli səslənir.

- Bilirəm. Özümüz də mümkün rəqibləri izləyirik, adlarını mətbuatdan oxuyuruq. Reytinq baxımından bizdən çox irəlidə yer alıblar. Ancaq hələ heç nə rəsmiləşməyib deyə, indidən bu barədə geniş danışmağın mənası yoxdur. Məsələ təsdiqini tapandan sonra bununla bağlı hazırlıqlara başlayarıq. Bəxtə düşən rəqibin kimliyi çox önəmlidir.

- Azarkeşlər “Zirə”dən minimum nəticə kimi nə gözləsin?

- Azarkeşlərimiz hər zaman daha çoxunu istəyir. Ötən il Konfrans Liqasının pley-off mərhələsinə qədər irəliləmişdik, qrup mərhələsinin bir addımlığında idik. Fikrimcə, pis alınmamışdı. Bu il də minimum hədəf kimi pley-offu görürük.

- Başa çatan mövsümün sürpriz adı kimi hansı komandanın adını çəkə bilərsən?

- “Araz-Naxçıvan” ötən mövsüm çempionatdakı yerini qorumağı bacarmışdı. Hiss olunurdu ki, əsas məqsəd elitada qalmaqdır. Bu il çempionatı ilk “3-lük”də başa vurması xoş hal kimi qiymətləndirilməlidir. Sürpriz adlandıra bilmərəm, ancaq böyük irəliləyiş əldə etdilər. Bəlkə də böyük əksəriyyət medalçılar sırasında “Sabah”la “Neftçi”ni görürdü. İldən-ilə Premyer Liqadakı rəqabət daha da artır.

HƏBİB

Digər Xəbərlər
Xəbər Lenti