“Günlərin birində millidən təklif aldım, bir qədər düşünəndən sonra...”

27 May 21:20 Müsahibə 287
“Günlərin birində millidən təklif aldım, bir qədər düşünəndən sonra...”

“Zirə”nin martda heyətinə qatdığı Quima Sportinfo.az-a müsahibə verib.

Əslən Portuqaliyadan olan, lakin Mozambik millisinin şərəfini qoruyan yarımmüdafiəçi ölkəmizə gəlişi, burada gördükləri və Mozambik yığmasını seçməsi ilə bağlı sualları cavablandırıb.

- “Zirə” finişə 3 tur qalmış ikinciliyi təmin etdi. Belə olduğu halda növbəti oyunlara necə motivasiya olursuz?

- Peşəkar futbolçu sona qədər mübarizə aparmalıdır. İstər meydanda olsun, istərsə də iştirak etdiyi turnirdə. İkinciliyi təmin etməyimiz qarşıdakı matçlara başdansovdu yanaşmağımıza səbəb ola bilməz. Çünki hər nəticə özümüzün və komandamızın imici üçün vacibdir. Əvvəlki qaydada məşq edir, oyunlarda bacardığımızın ən yaxşısını edirik. Heç bir fərq yoxdur.

- İki aydır Premyer Liqanı yaxından izləyirsən. Azərbaycan futbolunun səviyyəsi barədə düşüncələrin necədir?

- Dediyiniz kimi, cəmi iki aydır buradayam. Bu, nəyəsə qiymət vermək üçün yetərli vaxt deyil. Düzdür, müəyyən təəssüratlarım var, lakin qiymət verməyə bəs etmir. Müxtəlif çempionatlarda oynamışam, milli komandanın şərəfini qoruyuram. Onu deyə bilərəm ki, hər çempionatın özünəməxsus xüsusiyyətləri var. Bu barədə bir neçə aydan sonra ətraflı danışarıq.

- “Zirə”dən təklif alanda, klub və ölkəmiz barədə məlumatın var idi?

- Vaxtilə Azərbaycanda çıxış etmiş və hələ də burda oynayan kifayət qədər futbolçu yoldaşlarım var. Onlarla söhbətdə ölkəniz və futbolunuz barədə xoş sözlər eşitmişdim.

- Kimdir onlar?

- Filipe Çabini xatırlayırsız? “Sumqayıt”da oynayırdı. O, ən yaxın dostlarımdandır. Hər dəfə söhbət edəndə Azərbaycandakı vəziyyət barədə yüksək fikirlər səsləndirirdi. Hazırda “Neftçi”də çıxış edən Rafael Quzzo ilə Yuri Matias, “Turan Tovuz”da oynayan Jo Batista, “Sabah”ın şərəfini qoruyan İqor Noqueyra – adlarını çəkdiklərimin hər biri ilə komanda yoldaşı olmuşam. Odur ki, gəlməmişdən əvvəl onlarla və “Zirə”dəki bəzi tanışlarla söhbət etmişdim.

- Əslən Portuqaliyadansan, lakin Mozambik millisinin formasını geyinirsən. Tarixçəsi zəngindir?

- İkili vətəndaşlığa sahibəm. Deməli, atam Portuqaliyadan, anam əslən Mozambikdəndir. Mən isə Portuqaliyada anadan olmuşam. Günlərin birində Mozambik millisinin şərəfini qorumaqla bağlı təklif aldım. Bir qədər düşünəndən sonra “niyə də yox?!” deyib, razılaşdım.

HƏBİB

Digər Xəbərlər
Xəbər Lenti