
“Mançester Siti”nin baş məşqçisi Pep Qvardiola komandası Klublararası dünya çempionatının 1/8 final mərhələsinə yüksəldikdən sonra turnirlə bağlı fikirlərini bölüşüb.
Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, ispaniyalı mütəxəssis sıx futbol təqviminin futbolçulara və məşqçilərə göstərdiyi mənfi təsirdən danışıb:
“Təqvim? Bunun haqqında düşünməməyə çalışıram, əks halda çox narahat olaram. 1/8 finala yüksəldiyimizə görə çox sevincliyik, amma ən önəmlisi odur ki, oyunçular özlərinə deməlidirlər:
“Bunu yenidən edə bilərik”. Biz topla da, topsuz da aqressiv oyun göstərə bilən komandayıq.
Turnirdən sonra Premyer Liqa bizə nə qədər imkan verərsə, bir o qədər də istirahət edəcəyik”.
Qvardiola bu ilin noyabr, dekabr və yanvar aylarında futbolçuların fiziki və psixoloji baxımdan tamamilə tükənə biləcəyini bildirib:
“Matçdan matça, aydan aya gedirik və bəlkə də, noyabrda, dekabrda, yanvarda… Bu tam bir fəlakət olacaq.
Tükənəcəyik. Klublararası dünya çempionatı bizi məhv edəcək.
Bilmirəm, bu, həyatımızda ilk dəfə baş verir. Bu, baş məşqçi üçün ideal vəziyyət deyil.
Növbəti mövsümə hazırlaşmaq üçün iki ayım olmasını istərdim? Bəli. Enerjili və hazır olmaq istərdim? Bəli.
Amma vəziyyət belədir. Biz burda olmağı haqq etmişik. İndi isə burdayıqsa, əlimizdən gələni etməliyik”.
Hazırda davam edən Klublararası dünya çempionatı 15 iyun-13 iyul tarixlərini əhatə edir və ABŞ-da keçirilir.