Azərbaycanlı məşqçi 2 illik susqunluğu "Sportinfo"da pozdu...

4 İyun 2022 14:20 Müsahibə 2 297
Azərbaycanlı məşqçi 2 illik susqunluğu "Sportinfo"da pozdu...

Azərbaycan futbolunda son illər ürəkaçan yeganə nöqtə yerli mütəxəssislərlə bağlı bolluqdur.

Son mövsüm Premyer Liqada 8 klubun da yerli çalışdırıcı ilə mövsümə start verməsi də əbəs deyildi.

Yalnız sonradan Ayxan Abbasov "Sumqayıt"dan, Ramin Quliyev də "Sabah"dan ayrılınca say 6-ya düşdü.

Klub azlığıı səbəbindən hələ kənarda qalan gənc mütəxəssislərimiz yenə var. Məsələn, Zaur Həşimov kimi.

2019-cu ildə məşqçilik karyerasına "Zirə"də start verən mütəxəssis mövsümün yarısında gəldiyi klubdan mövsümün sonu çatmamış yollar ayrımalı olmuşdu.

Aradan 2 ilə yaxın vaxt keçir, amma nədənsə "PRO" kateqoriyalı çalışdırıcını bu müddətdə 1-2 müsahibə və açıqlamasını çıxsaq, demək olar danışan görmədik.

Zaur müəllim uzun həsrətdən, böyük çək-çevirdən sonra, nəhayət, müsahibə təklifimizə "hə" dedi. Hazırda "Zirə" futbol akademiyasının koordinatoru vəzifəsində çalışan gənc mütəxəssislə söhbətdə bir çox maraqlı mövzulara toxunduq.

- Necəsiz, Zaur müəllim?

- Şükür, yaxşıyam.

- Nəhayət, iki ildən sonra sizdən müsahibə razılığı ala bildik. Mətbuatdan bu qədər kənar qalmağınız nədən qaynaqlanır?

- Siz də bilirsiniz ki, mətbuata hər zaman səmimi və açıq olmuşam. Düzdü, iki il həddən artıq çox oldu. Amma bunun xüsusi bir səbəbi yoxdur.

- Əslində nəticələrə diqqət etsək, qısa müddət olduğunuz "Zirə"də heç də az işlər görmədiniz. Komanda ölkə kubokunda yarımfinalına yüksəldisə, avrokuboklara getmək arzusu da top fərqində "Sumqayıt"a uduzmaqla puç oldu. Amma klubla yolları ayırmaq məcburiyyətində qaldınız. Küskünlüyün kökündə belə ayrılmaq durduğunu düşünmək olar?

- Bəli, "Zirə"də baş məşqçi kimi fəaliyyətim 3 aydan bir az çox oldu. Bu müddət ərzində az çətinliklə qarşılaşmadım. Həm texniki, həm də idman baxımından. Buna baxmayaraq komandanı turnir cədvəlində yuxarı pillələrə qaldıra bilmişdik. Çempionat davam etsəydi 3-cü pilləyə belə şansımız vardı. Və ölkə kubokunun finalında iştirak etməliydik. Avrokuboklardan "Zirə"ni cəmi 4 top ayırmışdı. Belə ki, "Sumqayıt"la nisbətdə bizim komandanın 4 top çox buraxması rəqibin Avropa Liqasına getməsinə səbəb olmuşdu. Susmağımı isə ayrılıqla əlaqələndirməzdim. Sadəcə hər şeyə kənardan baxıb, nəticə çıxarmaq istəyirdim.

- Sirr deyilsə, arxada qalan müddətdə çıxardığınız nəticələri bizimlə də bölüşə bilərsiniz?

- Bəziləri şəxsən özümə aiddir. Az müddət mənə böyük təcrübə oldu. Müsahibələrlə bağlı müraciətlər isə əsasən başqa məşqçilərin işi və milli komanda barəsində olurdu. Bu haqqda da çox danışmaq istəmirdim.

- Arxada qalan iki Zaur Həşimov üçün necə keçdi? Yəqin ki, sevimli peşədən uzaq qalmaq heç də xoş və asan olmadı...

- Əslində yenə futbolun içindəyəm. Aşağı yaş qruplarında da futbolumuz üçün böyük işlər görmək olar. Bu yolda öz ideyalarım da var. Təcrübəm buna imkan verir. Həyata keçməsi üçün isə maliyyə lazımdır. Görünən də odur ki, klublarımız diqqətini daha çox əsas komandaya yönəldib. Yenə də özümü böyük futbola daha uyğun sayıram. Arxada qalan iki ilin biri bütövlükdə karantin dövrünə düşdü. Ona görə də son iki ili karyeramdan itki kimi hesab edirəm.

- Özümü böyük futbola uyğun sayıram dediniz. "Zirə"dən ayrılanda da mətbuata müsahibənizdə baş məşqçi işləmək istəyirəm və oturub gözləyəcəm demişdiniz. Deməli, həmin işləmək həvəsi indi də qalır...

- Bəli, elə demişəm. Pro kateqoriyasına malik məşqçiyəm. Əsas komandalarda köməkçi məşqçi kimi işləmişəm və deyərdim hamısı uğurlu alınıb. Həm "Zirə", həm də "Qəbələ" ilə Avropa Liqasına vəsiqə qazanmışıq.

- Pro kateqoriyası var, fəaliyyətiniz də göz qabağındadır. Bəs təklif necə, son iki ildə almısınız?

- Əlbəttə, olub. Analist, assistent məşqçi kimi. Hətta birinci diviziondan uzun müddətli əməkdaşlıq təklfi edən klub da olub. Amma gözləməyə üstünlük vermişəm.

- Səbəb?

- Baş məşqçi olmaq öz ideyaların, öz sistemin deməkdir. Və əlbəttə, səni dəstəkləyən rəhbərlik olmalıdır. Ümumi baxsaq görərik ki, bizim Premyer Liqada uğur qazanan məşqçilər çətin vəziyyətdə rəhbərliyin dəstəyin hiss edən məşqçilərdir.

- Bir sözlə, işləmək xatirinə tələsik qərar verib, sonra uğursuzluq yaşamaqdansa, gözləməyi üstün tutursunuz?

- Uğursuzluqdan qorxmuram. Futbolda hər şey ola bilər. Sadəcə düzgün qərar verməliyəm. Bu o demək deyil ki, ancaq baş məşqçi təklifinə açığam. Əsas komanda ilə bağlı bir çox işlər var. Məsələn, idman direktoru, seleksiyaçı, analitik və.s. Təbii ki, təklif olunan maliyyə şərtləri də qərarıma təsir edə bilər.

- Yeni mövsümdən Premyer Liqada klub sayı 10 olacaq. Sanki bir canlanma hiss olunur. Yerli futbolçulara, məşqçilərə təkliflər bolluğu yaşanır. Bu canlanma qarşıdakı karyeranıza təsir ehtimalını necə qiymətləndirirsiniz?

- 10 klub olmasına çox şad oldum. Yeri gəlmişkən "Kəpəz" və "Turan Tovuz" rəhbərliyini və azarkeşlərini bu münasibətlə təbrik edirəm. Canlanma da var, həyəcan da. Bunu daha çox çempionat oyunlarında hiss edəcəyik. Təklifə qalanda isə bir neçə klub rəhbərinin haqqımda müsbət fikirdə olmasını bilirəm. Bunun gələcəkdə karyerama müsbət təsir edəcəyini düşünürəm.

- Bu gün Zaur Həşimova hansı büdcəli komanda verilsə, bu çempionatda iddialı komanda yarada bilər?

- Məsələ təkcə büdcədə deyil. Birinci növbədə rəhbərliyin səndən nə istəməsini bilməlisən. Əgər 3 uğursuz oyundan sonra təzyiq başlayacaqsa, heç yola çıxmağına dəyməz. Bundan sonra maliyyə şərtlərini danışmaq lazımdır. Üçüncü məsələ isə seleksiyadır. Legioner seçimində səhv etməməlisən. Yerli oyunçuların statusu vacibdir. Texniki heyət də önəmlidir. Bu zaman iddialı komanda qurmaq olar.

- Premyer Liqa kənardan necə görünür? Səviyyə artıb, azalıb, yoxsa yerində sayır?

- Son mövsümü daha çox məşqçilərin dueli adlandırardım. Təbii ki, "Qarabağ"ı çıxmaq şərti ilə. Çox taktiki gedişlər gördük. Komandalar tez-tez sistem dəyişikliyi edirdi. Bunlar yaxşı haldı. Kifayət qədər yerli mütəxəssislərimiz var. Amma çempionatın səviyyəsin bir az qaldırmaq lazımdır. Bunun üçün yuxarıda vurğuladığım kimi legionerin səviyyəsi çox önəmlidir. Səviyyəni onlar qaldırır. Məsələn, "Sabah"ın oyunun Kvaşukun necə dəyişdiyini gördük. "Qəbələ"də Ruan, Alimi və ya Utrixdən biri olmayanda hiss olunurdu. "Zirə"dən Keytanı qeyd eləmək olar.

- O zaman Legioner limitinə edilən son dəyişikliyi müsbət qiymətləndirmək olar?

- Klublar üçün bu ideal limit sayıla bilər. Yerli oyunçular üçün isə heyətə düşmək çətin olacaq.

- İkinci məqam daha çox yerli futbolçunun ölkə xaricinə getməsinə töhfə verə bilər?

- Mən belə düşünmürəm. Yerli oyunçularımızın ən yaxşıları klublarımıza lazım olacaq. Yerdə qalanlar isə iddialı başqa çempionatlarda oynamaq səviyyəsində olmayacaq. Bunu üzülərək deyirəm.

- Deməli, son qərarı yerli futbolçular üçün "sos" siqnalı da hesab edə bilərik?

- Təəssüf ki, belədir.

- Azərbaycan millisi bu gün UEFA Millətlər Liqasında mübarizəyə başlayır. Real durum bizə hansı gələcəyi vəd edir?

- Real durumu nəzərə alsaq, milli komanda qrupda ikinci olsa baş məşqçiyə bəraət qazandırmaq olar. Amma bilirik ki, onun qarşısına birinci olmaq vəzifəsi qoyulub.

- Ümumiyyətlə, son seçmə mərhələdən sonra hələ də sükan arxasında italiyan mütəxəssisin saxlanmasına bəraət qazandırmaq olar?

- Bunu ona yeni müqavilə təklif edənlər düşünməlidir. De Byaziyə kifayət qədər vaxt və dəstək verilib. O, limiti çoxdan başa vurub.

XANOĞLAN İMANOV

Digər Xəbərlər
Xəbər Lenti
23 Aprel 18:40 “İki seçimimiz var”
23 Aprel 16:30 Çək və bizə göndər!