BU FOTOYA DİQQƏT! Dünən harada idilər, bu gün haradadırlar

7 Mart 2020 10:24 Milli komanda 1 373
BU FOTOYA DİQQƏT! Dünən harada idilər, bu gün haradadırlar

Bu fotonun 19 yaşı var. Millinin Bolqarıstan səfərindən bir xatirədir.

Azərbaycan futbolunun pulsuzluqdan əziyyət çəkdiyi, AFFA-nın qəpik üstündə baş yardığı, qapı-qapı düşdüyü bir ildir 2001.

Federasiyanın ovaxtkı prezidenti Fuad Musayev komandanı təlim-məşq toplanışına aparıb. Əsgər Abdullayevin baş məşqçisi olduğu yığmada kimlər yer almayıb ki… Dününə qədər ölkə futbolunun ən parlaq simaları, bugünün məşqçiləri və… hakimi.

Tarixi fotonun qəhrəmanlarından bircə Ruslan Musayevdən bir xəbər yoxdur. Uzun illərdir ilim-ilim itib ortalıqdan. Deyirlər, Rusiyaya köçüb, orada yaşayır.

Nə iş görür, hansı peşənin arxasınca gedib, bilinmir. Heç yada da düşmür. Vaxtilə ən perspektivli futbolçulardan sayılırdı, gənc yaşında Estoniyada legioner həyatı yaşamışdı, «Şəfa» və «Neftçi»də gözəl günlər keçirmişdi. «Qarabağ»dan sonra necə «qeyb»ə çəkildisə, artıq 13-14 ildir «onu filan yerdə gördüm» deyən qarşımıza çıxmayıb.

Qayıdaq yenə fotoya. Yuxarı səfdə yer alanlardan Mahmud Qurbanov «Neftçi-2»nin baş məşqçisidir. Cahangir Həsənzadə «Səbail»in İdarə Heyətində yer alıb, AFFA-da bir neçə vəzifə tutur. İqor Getman «Neftçi»nin əsas komandasında çalışır.

Vadim Vasilyev Kazbek Tuayevin rəhbəri olduğu futbol məktəbində uşaqlara dərs keçir. Həmin vaxt bığ yeri yenicə tərləyan Aftandtl Hacıyev hazırda «Səbail»in sükanı arxasındadır. Rauf Mehdiyev «Səbail»in əvəzedici komandasının qapıçılar üzrə məşqçisidir.

İkinci sırada qərar tutanlardan Aslan Kərimov bıtsılarını mıxdan asandan sonra özünü məşqçilik həyatında sınasa da, praktikası uğursuz alındı. Bir neçə ildir nəzəriyyə aləmində bəxtini sınayır və işləri yaxşı gedir – AFFA-nın məşqçi kurslarının təlimatçısıdır.

Arif Əsədovin əlində ələm olmasa da, günündən məmnundur. Hər halda iş tapmaq sarıdan problemlə üzləşənlərdən deyil. əsas millinin məşqçisi olaraq qalmaqdadır.

Abuzər İbrahimovu, yəqin ki, çoxunuz xatırlamayacaqsız. Amma onun da bir dönəmi vardı. 2000-lərin əvvəlində «Qarabağ»adək gedib çıxmışdı, indi sorağını bəzən Türkiyədən alırıq. Deyilənə görə, Bakıda da fitnes zalı var.

Azər Məmmədov «Zirə»nin əsas komandasında Zaur həşimovun köməkçisidir. Onunla çiyin-çiyinə dayanan İlham Yədullayev isə cari mövsümün əvvəlindən «Turan Tovuz»u çalışdırır.

Abuzər İbrahimovun əlini çiyninə qoyduğu Samir Abasov son olaraq «Zirə»də fəaliyyət göstərib və yenə də boş oturmaq istəmir. AFFA neçə vaxtdır ona aşağı yaş qrupları üzrə yığmalarıdan birinə təyin etmək istəyir, getmir. İştahası daha böyükdür.

Abasovun solundakı şəxs Tərlan Əhmədovdur – «Keşlə»nin sözüylə əməli üst-üstə düşməyən hazırkı baş məşqçisi.

Kamal Quliyenvin üzündən gülüş əskik olmadığı vaxtlardır. Məşqçi gündəliyinə «Neftçi» və «Neftçala» yazılan Quliyevə təklif göndərən olsa, gözüyumlu «hə» cavabı verər. Hələlik ismə o, Bakı-Ağsu marşrutu üzrə avtobus sürür, gündəlik pulunu qazanır.

Fərrux İsmayılova «Neftçi»nin 19 yaşlılardan ibarət komandası tapşırılıb. Yaxın dostu Samir Əliyev də 19 yaşlılara məsuldur - millidə.

Ədahim Niftəliyev də «Neftçi»dədir: akademiyada işləyə-işləyə məşqçi lisenziyası alacağı günü gözləyir. Bir neçə dəfə imtahan verib və kəsilib.

Elxan Müslümov iddialı və ortabab komandaların formasını geyinib zamanında. Son vaxtlara kimi hakimlik edirdi.

İsmayıl Məmmədov «Sumqayıt»ın akademiyasında işləyir.

Hə, gəldik yaxın dostlara. Elçin Rəhmanovla Zaur Tağızadə bu gün də bir yerdədir – «Qarabağ»da Qurban Qurbanovun yardımçısıdırlar. «Flora», MOİK, «Şəfa» və «Neftçi»də çıxış etmiş cütlüyün arasından, çox şükür, yenə su keçmir.

Bu fotoya baxdıqca, Fuad Musayevə rəhmət oxuyursan. Mərhum AFFA prezidenti uzaqgörən imiş. Yoxluğu hiss olunur və yəqin ki, yaxın illərdə yerini dolduran bir rəhbər üzə çıxmayacaq.

Rəhmətlik vaxtilə kimləri qabağa çəkmişdisə, bu gün məşqçiliyin dəbini də həmin simalar müəyyənləşdirir. Bir-iki istisna ilə.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
25 Aprel 18:10 Çək və bizə göndər!