Ceyhun Rzayev lənkəranlı azarkeşin əlindən necə qurtulub?

3 Mart 2021 12:40 Maraqlı 894
Ceyhun Rzayev lənkəranlı azarkeşin əlindən necə qurtulub?

İstər karyerasını davam etdirən, istərsə də butslarını mismardan asan veteran futbolçularla söhbət edəndə istər-istəməz köhnə günlərini yada salırlar, başlarına gələn müxtəlif məzəli hadisələri sevə-sevə danışırlar.

Təbii ki, futbol təkcə futbolçulardan ibarət deyil.

Məşqçilər, hakimlər, klub funksionerləri də dünyanın bir nömrəli idman növünün ayrılmaz hissəsidi.

“Yada düşər xatirələr” rubrikasında həyatının böyük hissəsini “idmanın şahı”na həsr edən adamlarla söhbət edir, yaddaşlarına əbədi yazılan məzəli hadisələri bizimlə bölüşmələrini istəyirik.

Rubrikanın budəfəki qonağı həmkarımız, “Xəzər TV”nin idman şərhçisi Ceyhun Rzayevdi. Ceyhun bəy idman mediasında çalışdığı uzun illər ərzində çox maraqlı hadisələrlə qarşılaşıb ki, onların bəzilərini bizimlə bölüşdü (Futbol+).

“Stüardessa az qala məni zibilə salacaqdı”
“Qarabağ” Avroliqanın qrup mərhələsi çərçivəsində Milanda “İnter”lə qarşılaşmalıydı. Ağdam klubu həmin oyuna bir qrup jurnalist də aparmışdı ki, onların arasında mən də var idim. AZAL şirkəti ağdamlılara baha qiymət “oxuduğundan”, “Qarabağ” rəhbərliyi Gürcüstan hava yolları ilə danışıb onlardan təyyarə sifariş etmişdi. Təyyarənin də pilotundan tutmuş, stüardessalarına qədər hamısı gürcülər idi. Təyyarəyə minən kimi həmkarımız İxtiyar Əsgərov təklif etdi ki, axırıncı sırada oturaq. Yorğun olduğumdan fikirləşdim ki, yemək gələnə kimi gözümün acısını alım. Təxminən yarımsaatdan sonra İxtiyar məni dümsükləyərək “stüardessalardan biri sənə baxır, deyəsən, səndən xoşu gəlir” söylədi. Elə bildim həmkarım mənimlə zarafat edir. Ancaq özüm də diqqət yetirəndə gördüm ki, həqiqətən də gürcü qızı gözünü məndən çəkmir. İxtiyar fürsətdən istifadə etməyi məsləhət gördü. Onu da əlavə etdi ki, “tanış olarsan, sonra da ondan xahiş edərsən ki, bizə təyyarədə siqaret çəkməyə imkan yaratsın”. Həmkarımın verdiyi məsləhətlə hərəkətə keçdim və planımız baş tutdu. Təxminən 5 saatlıq yolçuluqda stüardessanın sayəsində personal üçün nəzərədə tutulan yerdə İxtiyar və mən istədiyimiz qədər siqaret çəkməyimiz az deyilmiş kimi, həm də keyfiyyətli kofenin dadına baxdıq. Çarter reysi olduğundan geri də eyni təyyarə ilə dönəcəkdik. Milana çatan günün ertəsi təkbaşına şəhərə çıxıb alış-verişlə məşğul olmağa başladım. Həmin arada Əsgərov zəng vurub gürcü stüardessanı şəhərdə gördüyünü və məni soruşduğunu bildirdi. İxtiyara tapşırdım ki, ona “Ceyhun özünü pis hiss etdiyindən oteldə qalıb” desin. Alış-veriş zamanı özümə çiyindən asılan bir çanta da aldım. Geri qayıdan günün gecəsi “kim bilir, bir də Milana nə vaxt gələcəm” fikri ilə səhərə qədər şəhəri gəzdim. Oteldən çıxmağımıza bir saat qalmış geri döndüyümdən təyyarəyə minəndə mənə vurulan gürcü qıza dilucu salam verib “yorğunam, yatacam, məni narahat etmə” deyib, yuxuya getdim. Bir də gözümü Bakıda açdım, təyyarədən düşəndə onunla sağollaşıb evə gəldim. Səfərdən gəldiyimiz günün ertəsi Milandan alıb gətirdiklərimi evdəkilərlə birgə gözdən keçirirdik. Marağa ordan aldığım çantanın ciblərini yoxlamağa başladım. Birdən əlimə kağız parçası dəydi. Düzü, bir qədər qorxan kimi olsam da, özümü o yerə qoymadım. Xanımın gözündən yayınıb həmin kağızı çıxarıb baxanda gördüm ki, gürcü qız təyyarədə yatmağımdan istifadə edərək, kağıza “I love Ceyhun” yazıb və Gürcüstanda istifadə etdiyi telefonun nömrəsini yazıb. Özümü itirdiyimdən tez kağızı cırıb atdım ki, xanımın əlinə keçməsin. Sonra gəl onu inandır ki, səfər müddətində mənim onunla heç bir münasibətim olmayıb. Stüardessa az qala bir kağız parçası ilə məni zibilə salacaqdı.

“Neftçi”yə “flaqman” deməyin düz deyil”
Əsgər Abdullayevin “Olimpik”i çalışdırdığı mövsüm idi. Komanda, səhv etmirəmsə, ölkə kubokunun 1/4 finalında səfərdə “Xəzər Lənkəran” la qarşılaşmalıydı. Matçın əhəmiyyətini nəzərə alıb, “Futbol saatı” verilişi üçün çəkiliş aparmaq üçün operatorumu da götürüb Lənkərana yollanmışam. Məndən başqa bir qrup jurnalist də Bakıdan Lənkərana getmişdi ki, onların arasında “Futbol+”in baş redaktoru Mahir Rüstəmli də var idi. Oyunun başlamasına bir neçə saat qalıb və biz stadionun qarşısında dayanmışıq. Bir də gördüm 3-4 nəfər yaşlı lənkəranlı azarkeş biz tərəfə yaxınlaşır. Aralarından biri üzünü mənə tutaraq qayıtdı ki “Ceyhun, bu nədi bütün gün televizorda “Neftçi”yə flaqman deyirsən”. Mən də onun dediklərinə cavab olaraq “gözümüzü açandan “Neftçi”ni görmüşük. Bu səbəbdən “flaqman“ deyirik” söylədim. Gördüm dediklərimdən razı qalmadı və “o vaxt bir komanda var idi. Ona görə belə deyirdilər. İndi zəmanə dəyişib. “Neftçi”yə “flaqman” deməyin düz deyil” dedi. Hiss etdim ki, onunla söhbətdə nə dəlil gətirsəm də, fikrini dəyişməyəcək, öz bildiyini söyləyib yersiz mübahisə edəcək. Birdən gözüm kənarda dayanan Mahir müəllimə sataşdı. Ani olaraq qarşımdakı lənkəranlı azarkeşə “mətbuatda “Neftçi”yə “flaqman” adını verən “Futbol+” qəzeti olub. Ondan sonra hamı belə deyir və yazır. Qəzetin baş redaktoru da bax, orda dayanan şəxsdi. Nə etirazınız varsa, ona bildirin” söyləyib, öz canımı qurtardım, Rüstəmlini “odun içinə atdım”.

“Bağırov, “Futbol saatı” bir ildi bağlanıb, yoxdu daha belə veriliş”
Həftədə bir dəfə “Tofiq Bəhramov”un yardımçı meydanında futbol oynayırdıq. Bir dəfə həmişə oynadığımız heyətlə yox, qarışıq meydana çıxmalı olduq. Mən olduğum komandada Azər Bağırov da çxış edirdi. Onda “Qəbələ”dən yeni ayrılmışdı və işsiz idi. Rəqib komandanın heyətində isə Səbuhi Səfiyarlı yer almışdı. İlk dəqiqələrdən bizim komanda yaxşı əks-hücumlar qururdu. Rəqibi 3-ə 1, 2-yə 1 yaxalayırdıq. Bütün hücumlarda da Azər ötürməni mənə edirdi ki, son nöqtəni qoyum. Bağırov daha əlverişli mövqedə olan başqa komanda yoldaşımıza da ötürmə edə bilər, ancaq nədənsə gözü ancaq məni görür və bütün toplar mənə ünvanlanır. Özüm də görürəm ki, məsələn, sağda olan futbolçumuza ötürmə etsəydi, daha yaxşı olardı, nəinki mənə. Mən də həmin ötürmələrin heç birindən yararlana bilmirəm. Azər 3-cü dəfə mənə ötürmə edəndə rəqibdən oynayan Səfiyarlı özünü saxlaya bilmədi və gülərək “Bağırov, “Futbol saatı” bir ildi bağlanıb, yoxdu daha belə veriliş. Özünü çox yorma, ətrafa da nəzər sal” söylədi. 10 dəqiqəyə mənə ardıcıl 3 ötürmə verən Bağırov elə ki verilişin bağlandığını eşitdi, qalan 50 dəqiqədə mənə bir ötürmə belə etmədi.

“Nə muzey, saat 12-yə işləyib, indi muzey vaxtıdı?”
“Zaltsburq” – “Qarabağ” oyununu işıqlandırmaq üçün Azərbaycandan bir qrup media nümayəndəsi Avstriyaya yollanmışdı. Otelə çatıb əşyalarımızı otağımıza yerləşdikdən sonra 8-9 jurnalist qərara gəldik ki, çıxıb şəhəri gəzək. Bu yaxınlarda klubdan ayrılan mətbuat katibi Nurlan İbrahimov da bizimlə idi. İxtiyar Əsgərov da aramızdadı. Əsgərov qayıtdı ki, “Xəzər Lənkəran”la bu şəhərdə olmuşam, çox gözəl yerdi. Gəzinti zamanı İxtiyar bələdçiliyi üzərinə götürüb, qarşımıza çıxan tarixi binalar, maraqlı yerlər haqda yalan-doğru bizə məlumat verirdi. Təsəvvür edin, gecə saat 12-yə işləyib, biz acqarına şəhəri gəzirik. Tarixi bir binanın qarşısından keçəndə Əsgərov bizə tərəf dönüb “bura Motsartın ev muzeyidi. Gəlin içəri keçək” demişdi ki, birdən özümü saxlaya bilməyərək qeyri-adi səslə “nə muzey, saat 12-yə işləyib, indi muzey vaxtdı”, - deyib etirazımı bildirdm. Ardınca da “camaat pablarda oturub pivə ilə sosiska yeyir, biz də acqarına muzey gəzirik. Mən heç hara getmirəm” dedim. Etirazımı elə qəti formada bildirdim ki, artıq heç kim heç nə demədi və gəzintini başa vurub pabın yolunu tutduq.

Digər Xəbərlər
Xəbər Lenti