Qazilərimiz şəhidlərimizi qısqanır!

23 Oktyabr 2020 12:44 Köşə 1 427
Qazilərimiz şəhidlərimizi qısqanır!

Müdrik xalq odur ki, tarixi ilə həm qürur duyur, həm də ondan ibrət götürür.

Yəni keçmişini bilməyən, öyrənməyən bir millət gələcəyini qura bilməz.

Min illərdir yaşadığımız bu coğrafiyada Atabəylər, Qaraqoyunlular, Ağqoyunlular, Səfəvilər, Afşarlar, Qacarlar kimi dünyanın ən güclü dövlətlərini və imperiyalarını quran Azərbaycan xalqının Xəlil Rza Ulutürkün deyimi ilə son iki yüz ildə bir qoz qabığına soxulmasının ən böyük səbəbi daxili çəkişmələr, xəyanət və bir-birimizə sevgidən çox nifrət bəsləməyimiz olub.

Daxili düşmənçilik olmasaydı? Heç bir xarici düşmən bizi yıxa bilməzdi.

Təəssüf ki, bir çox hallarda ən böyük düşmənimiz özümüz olmuşuq və bu səbəbdən çox böyük fəlakətlər, acılar yaşamışıq.

Şükürlər olsun ki, uzun illərdən sonra Azərbaycan xalqı hava, su kimi ehtiyac duyduğu birlik və bərabərlik içindədir, igid oğullarımız vətən üçün düşünmədən canını fəda edir, qazilərimiz şəhidlərimizi qısqanır.

Nəticədə güclü dövlət, müdrik Ali Baş Komandan və dövləti, dövlət başçısı ətrafında yumruq kimi birləşmiş Azərbaycan xalqı məğlubedilməz bir gücə çevrilərək tarixi ədaləti bərpa edir.

Özümüzdən daha yaxın dostumuzun, birliyimizdən daha güclü silahımızın olmadığını bu gün hər birimiz öz gözlərimizlə görürük. Çünki daxili birlik olmasa və ümumi maraqlarımız şəxsi maraqlarımızdan üstün tutulmasa, kənardan göstərilən heç bir dost dəstəyi də bizi qalibiyyətə apara bilməz.

Ona görə də bu birlik və bərabərlik bizim ən böyük sərvətimizdir! Əminəm ki, hər birimizin bu tarixi günlərdən çıxaracağı böyük dərslər var və inşallah qələbədən sonra çox şey əvvəlki kimi olmayacaq.

Qalibiyyət baxışlarımızda və düşüncələrimizdə böyük dəyişikliklərə səbəb olacaq ki, bu da bizi bir-birimizə daha da yaxınlaşdıracaq, mehribanlaşdıracaq, dövlətimizə, dövlətçiliyimizə bağlılığımızı heç bir çətinlikdə sarsılmayacaq şəkildə möhkəmləndirəcək.

Allah birliyimizi pozmasın, dövlətimizi daimi, ordumuzu müzəffər etsin inşallah!

Yaşasın Azərbaycan xalqı! Var olsun Azərbaycan dövləti!

Bu birlik və bərabərliyin banisi olan, bizə bu qüruru yaşadan Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevə sonsuz təşəkkürlər!

Nəsir Muxtarlı

Xüsusi olaraq Sportinfo.az üçün

Xəbər Lenti