Cırtdanların cırtdanı

4 Mart 2020 17:52 Köşə 986
Cırtdanların cırtdanı

Dekabrın 1-nə olan rəsmi statistikaya görə, Azərbaycan əhalisinin sayı 10 060 194 nəfərdi. Bu, Monteneqro, Kipr və Lüksemburqun əhalisinin cəmindən 5 dəfə çoxdu.

AFFA-nın statistikasına inansaq, Azərbaycanda təkcə futbolla məşğul olanların sayı az qala bu ölkələrin əhalisini sayı qədərdi.

Düzdü, AFFA-nın həmin statistikası reallıqdan çox, sovet "pripiska"sına oxşayır. Amma istənilən halda, bütün bu statistikalara, əhali sayına baxan futboldankənar adamlar düşünər ki, Millətlər Liqasındakı gələcək rəqiblərimizi asanlıqla məğlub edə bilərik.

Təəssüf ki, futbolda kəmiyyət hər şeyi həll etmir. Yalançı statistikalar, xalqa uğur, inkişaf adı ilə bəh-bəhlə təqdim olunan saxtakarlıqlar gözdən pərdə asmaqdan başqa bir şey deyil.

Azərbaycan futbolunun real gücü məşhur "Ölüf, gedək qavrını göstərim" söhbətini xatırladır.

Son 10-15 ildə Azərbaycan futboluna elə zərbələr vurulub ki, yaraları sağaltmaq üçün ən azı bir 10-15 il də lazımdı.

Həmin "cırtdanlar" - Lüksemburq, Monteneqro və Kiprin futbolçuları Avropanın ad-sanlı klublarında forma geyinir, "böyük beşlik" ölkələrində səs salır. Biz isə 1 ay, para ay Ramil Şeydayevin Moskva "Dinamo"unda, Emil Balayevin Qazaxıstanda oynaması ilə özümüzə təsəlli verdik.

AFFA rəhbərliyi bu faktı hamının gözünə soxdu. Amma bu yalançı inkişafın ömrü uzun olmadı. İndi hər ikisi qayıdıb vətənə, "Zirə" və "Sabah"da pərəstişkarlarını "sevindirəcəklər".

Düzdü, həm Ramil, həm də Emil Rusiyada doğulub və futbolçuların yetişməsində AFFA-nın, demək olar ki, heç bir rolu olmayıb. Amma istənilən halda onlar da artıq "kəndinə dönüb", Azərbaycandadırlar.

Nümunə üçün barmağımızı yumub, "bizim də xaricdə çıxış edən filan futbolçu var" deyəcəyimiz normal biri yoxdu. AFFA rəhbərliyinin illərdir apardığı bərbad siyasət Azərbaycan futbolunu iflic vəziyyətə salıb.

Elə bir vəziyyətə ki, əhalisinə görə bizimlə müqayisədə "cırtdan" olan Lüksemburqun, Çernoqoriyanın, Kiprin yanında futbolda özümüz "cırtdan"a çevrilmişik.

Amma "cırtdan"ın da möcüzəvi inkişafı, güclənməsi, devləşməsi yalnız nağılda olmur. Biz buna dəfələrlə dünya futbolunda şahidlik etmişik.

Doğrudu, hələlik başqa ölkələrin timsalında. Amma gün gələcək bizim küçədə də günəş çıxacaq, bayram olacaq. İnanmaqdan başqa çarəmiz yoxdu.

Hələlik isə "Cırtdan"ın inkişafını biz ən yaxşı halda Novruz öncəsi Bakı Konqres Mərkəzində anşlaqlarla müşaiyət olunacaq uşaqlar üçün ənənəvi tamaşada görə bilərik.

Bir xalq nağılından bu cür səviyyəli, möhtəşəm meqa-şou düzəldə bilən ölkə dünyanın bir nömrəli idman növündə də gec-tez kiçiklik, zəiflik, autsayderlikdən qurtulmalıdı. Biz bunu bacaracağıq! Amma AFFA-nın hazırki rəhbərliyi ilə çətin...

Buna görə də Millətlər Liqasının püşkünü kiminsə şərh etməsi, analiz etməsi, şansları dəyərlındirməsi mənasız vaxt itkisidi.

Keçmiş olsun...

Anar Şabanoğlu
Xüsusi olaraq Sportinfo.az üçün

Xəbər Lenti