Çox sağ ol, “22”!

3 Yanvar 2023 16:40 Köşə 1 664
Çox sağ ol, “22”!

İl başa çatdı. Hər ilin ilk günlərində aktual mövzu dönüb geriyə baxmaqdır.

Üzüntü və sevinc dolu hadisələr yaddaşımıza muncuq kimi elə formada düzülür ki, ötən ilin aylarına nəzər yetirməklə bir-bir yada salırıq.

“2-lər”in qoşalaşdığı il ölkə idmanına, daha doğrusu, futboluna nə verdi” sualının cavabını tapmaq üçün yaddaşın itiliyinə bel bağlamağa gərək yoxdur. Məsəldə deyildiyi kimi, kor kor, gör gör.

2022-ci ili Azərbaycan futbolu üçün uğurlu hesab edə bilərik. Təbii ki, uğurun başında dayanan yenə “Qarabağ”, Qurban Qurbanov və onun başçılıq etdiyi kollektivdir.

Ötən mövsüm Premyer Liqada çempionluğu bayram edib ölkə kubokunu qazanmaqla Çempionlar Liqasına vəsiqəni təmin edən ağdamlılar yayda Avropaya səs salmağı bacardı.

Polşa çempionu “Lex”, İsveçrə birincisi “Sürix”, eləcə də, Macarıstan çempionatının qalibi “Ferentsvaroş” “Qarabağ”ın əlindən sağ çıxa bilmədi.

Rəqib tanımayan ağdamlılar bir qədər dəqiq və diqqətli olsaydı, “Viktoriya”ya da yerini göstərib Avropanın bir nömrəli klub turnirinin qrupunda oynayacaqdı.

Diqqətsizlik “Qarabağ”ı Avroliqanın qrupuna göndərdi və Qurbanovun yetirmələri qrupu 3-cü yerdə başa vurub fevralda Avropa Konfrans Liqasının pley-offunda “Gent”lə qarşılaşmaq imkanı yaxaladı.

“Qarabağ”ın “Nant”la “Olimpiakos”un qapısından 3 cavabsız top keçirdiyi ərəfədə Azərbaycanın futbol millisi Millətlər Liqasında “qan edirdi”.

Qrupun ilk 3 oyununda Slovakiya ilə Qazaxıstana boyun əyib,

Belarusla qolsuz heç-heçə oynayan yığma məhz bu rəqiblərlə son 3 qarşılaşmada məğlubiyyət tanımayıb aktivinə 10 xal yazmaqla ölkə futbol ictimaiyyətini təəccübləndirməyi bacardı.

Sıralanan qalibiyyətləri xoş təsadüf sayan futbol əhlini millinin inkişafına inandırmaq üçün Moldova və Şimali Makedoniya ilə matçlarda da zəfər lazım idi.

Canni de Byazinin başçılıq etdiyi kollektiv bunu da bacardı.

Moldova və Şimali Makedoniyanın qapısından üst-üstə 5 top keçirildi və bir nömrəli futbol komandamız tarixində ilk dəfə ardıcıl 5 oyunda qələbə sevinci yaşadı.

Bu, ildə 1-2 qalibiyyətə sevinən milli üçün möhtəşəm göstərici idi.

2022 biz azərbaycanlılara həm də bacarıqlı yerli futbolçuları bəxş etdi. Musa Qurbanlı, Ramil Şeydayev, Elvin Cəfərquliyev kimi futbolçular həm “Qarabağ”ın, həm də millinin heyətində parlaq çıxışla fərqlənməklə üzləri güldürdü.

Siyahını “Neftçi”li Emin Mahmudovla genişləndirib, “Şamaxı”nın heyətində kəşf olunan, “Turan Tovuz”, “Kəpəz”, “Qəbələ” kimi bölgə təmsilçilərində özünü yaxşı tərəfdən göstərən azərbaycanlılarla davam etdirə bilərik.

Artıq “bu ölkədə futbolçu yoxdur” mifi dağılmağa doğru gedir və bir az da istəkli olsalar, mütləq dağılacaq.

2023, xoş gəlib, səfa gətirirsən. Səndən gözləntilərim çox-çox böyükdür.

“Qarabağ”ın Çempionlar Liqasının qrup mərhələsinə vəsiqə qazanması, Azərbaycan yığmasının güclü rəqiblərin yer aldığı qrupda 9-10 xal toplaması, 2022-ni yola verən Mahir Emrelinin “Legiya”dakı günlərini xatırlatması və ən vacibi, “Neftçi”dəki rəhbər dəyişikliyinin işıqlı gələcəyə yol açması.

“23”dəki ilk yazımdakı arzularımın çin olması diləyi ilə.

HƏBİB

Xəbər Lenti