Dünya futbolu, futbol dünyası – Milyardlar xərclənir, milyardlar tamaşa edir

13 İyun 2021 14:00 Köşə 1 277
Dünya futbolu, futbol dünyası – Milyardlar xərclənir, milyardlar tamaşa edir

Futbol adi oyundur, yüzlərlə oyundan biridir. Amma heç bir idman oyununun bu qədər geniş tamaşaçı auditoriyası, azarkeşlər ordusu yoxdur.

Belə baxanda nədir ki?

22 tumançaq kişi bir yuvarlaq dərinin dalınca düşür, onu gah bu, gah da o biri tərəfdəki üstü tirli iki dirəyin arasındakı 7 metrlik yerdən keçirməyə çalışır.

10, 50, bəzən 100 min insan yuvarlaq meşinin qovulub-təpiklənməsinə birbaşa, hadisə yerində baxır, 10, 50, 100 milyon, bəzən də 1-2 milyard adam isə televizor ekranından bu pəstəhaya tamaşa edir.

Futbola bu qədər qeyri-adiliyi insanlar qazandırıb, ona hərbi, siyasi, mədəni, turistik, iqtisadi, patriotik nüanslar verib.

10.JPG (36 KB)

Bəli, futbol hərbi səciyyəli oyundur. Terminləri də oxşardır: qala (qapı), top, müdafiə və hücum xətləri, əks-hücuma keçmək, cinahlar, müdafiəni yarmaq, rəqibə güclü zərbələr vurmaq, qələbə, məğlubiyyət və s. Təsadüfi deyil ki, futbolda, eynilə müharibədə olduğu kimi, xeyli “döyüşçü” xəsarət alır, sıradan çıxır. Son illərdə artıq meydanda ölənlər də olur. Dünən az qala Danimarka millisinin oyunçusu meydançada öləcəkdi, Az.TV-nin məşhur dublyajında deyildiyi kimi, anası namaz üstə olduğundan sağ qaldı.

6.jpg (67 KB)

Siyasi səciyyəli oyundur futbol. Milli oyunlarda prezidentlər, baş nazirlər stadiona gəlir, oyundan əvvəl ruhlandırıcı statuslar paylaşırlar, matç səfərdə qələbə ilə bitibsə, baş məşqçi və kapitana zəng edirlər, ev oyununda zəfər qazanılıbsa, birbaşa paltardəyişmə otağına gedirlər, ertəsi gün baş sarayda komandanı qəbul edirlər və s.

7.jpg (70 KB)

Bundan başqa, komandalar meydana ölkənin milli bayraqları ilə çıxırlar, oyundan əvvəl dövlətin himni oxunur, oyunçular da sağ əllərini ürəklərinin üstünə qoyub, himnin sözlərini təkrar edirlər. Bəziləri ürəkdən oxuyur, himni bilməyənlər isə yalandan ağızlarını açıb-yumurlar (ölkə camaatı baxır axı, sonra deyəcəklər, alçaq filankəs himni oxumadı).

Fikir vermisinizsə, bəzi Avropa komandaları meydançaya sinəsinə rənglərdən xaç həkk edilmiş köynəklərdə çıxırlar. Səlib yürüşlərinə aid filmlərdə gördüyümüz mənzərəyə oxşayır. Sanki müasir futbolçular qədim xaçlıların davamçılarıdır, indicə meydana girib qırğına çıxacaqlar.

5.jpg (70 KB)

2018-ci il mundialında yaponlar oyundan sonra stadiona tökdükləri zir-zibili yığışdıraraq, futbol qələbəsinə və məğlubiyyətini ürəklərinə salmayaraq bütün dünyaya mədəniyyət nümunəsi göstərdilər. Yapon qardaşlar dünyaya mesaj verdilər ki, bu, adi bir oyundur, teatrdır, şoudur, bundan ötrü hövllənib miokard infarktı ilə klinikaya düşməyə dəyməz.

3.jpg (44 KB)

2014-cü ildə Cənubi Amerikanın ucqarında yerləşən Kosta-Rika adlı, çox adamın tanımadığı bir ölkənin milli komandası mundialda necə performans göstərdisə, dünya əhlinin böyük hissəsi planetdə belə bir ölkənin olduğunu öyrəndi və bu, Kosta-Rikanın turizm sektorunun inkişafına güclü təkan verdi.

Bu işlər belədir. Nəyə görəsə, hansı səbəbdənsə (müharibə istisnadır) ölkənin adı çıxırsa, müxtəlif ölkələrdən maraqlı adamlar oraya axışır. Məsələn, sabah qonşu Gürcüstan dünya çempionu olsa, bir də baxacağıq ki, regiona gələn turistlərin 85 faizi ora gedir. Əgər çempion biz olsaq... Gülməyin, fantast yazıçıların əsərlərinin 40-50 ildən sonra gerçəkləşməsi olmayıbmı?

2.jpg (33 KB)

Futbolun bu qədər populyar olması, nəticələrinin ajiotaj doğurması məhz bu üzdəndir. Futbol həm də iqtisadiiyyatdır, sənayedir, təsərrüfatdır. Bu saat dünyanın ən yekə milyarderləri məhz futbola investisiya qoyurlar, milyardlıq klublar alır, 100 milyonluq oyunçular transfer edirlər.

Dünyanın ən yekə qumarxanası futbolun ətrafındadır. Hər gün futbol oyunlarının nəticələrinə mərc qoyan milyonlarla adam milyardlar uduzur, minlərə azarkeş isə milyonlar udur, amma onlar ertəsi gün həmin milyonları yenidən uduzurlar.

11.jpg (45 KB)

Futbol ildən-ilə təkmilləşir, idarə edilməsi vaxtaşırı asanlaşdırılır. Məsələn, indi VAR sistemi var, həlledici məqamlarda daha doğru qərarlar vermək üçün kara gəlir. Əgər bu sistem 35 il öncə, Meksikada keçirilən mundialda mövcud olsaydı, qərəzli hakimlər SSRİ yığmasını Belçikaya 3:4 hesabıyla uduzdurmazdı və bizim azarkeş kəndçilər iyunun 16-da (1986) səhərdən axşama qədər çayxanada məlum-müşkül, depressiv halda oturmazdılar.

Hərçənd dünən həmin Belçika SSRİ-nin varisi Rusiyanın qapısına 3 qol vuraraq, onu yenə məğlub etdi. Rusiya isə cavab qolları vura bilmədi, çünki heyətində ukraynalı baltaçalar, yaremçuklar, ratslar, zavarovlar, gürcü şengeliyalar, kipianilər, çivadzelər, tatar hidiyatulinlər, bakılı banişevskilər yox idi.

1.jpg (87 KB)

Gördünüzmü, gəlib çıxdıq futbolun həm də beynəlmiləlliyinə. Komandalar irqi, milli baxımdan qarışıq tərkibə malik olanda daha güclü oynayırlar. Almaniya, Fransa, Belçika, Hollandiya milliləri qarışıq tərkiblidir. Qaradərili Lukaku ilə sarıbəniz De Bryun meydançada daha yaxşı anlaşırlar, nəinki eyni dildə danışan, bir məhəllədə böyümüş futbolçular.

Futbol budur, ayrıca bir dünyadır. Təbii ki, onu sevməyənlər, daha ciddi işlərlə məşğul olmağı lazım bilənlər, məsələn, ölkələrin, dünyanın necə idarə edilməsi ilə maraqlananlar da var. Amma daha ciddi iş nə olacaq ki, dünyanı, ölkələri idarə edənlər stadionda futbola baxır.

Samir SARI

Xəbər Lenti